“Dünəni qoruyan bu gün”. Üçüncü Bahar təşəbbüs qrupundan Novruz layihəsi!


 

İlin bütün fəsilləri gözəldir. Hərəsinin öz rəngi, ahəngi var və hər biri insan ruhunda bir iz buraxır. Elə ömrün də fəsilləri belədir. Lakin insan övladı təqvim yaşının fəslində deyil, ruhunun gözü ilə gördüyü fəsildə yaşayır. Təşəbbüs qrupumuzun adı da insanın hər yaş çağından bahar ətrinin gəlməsini təcəssüm edir. Bahar isə oyanışdır, yeni həyatdır, canlanmadır! Bahar hər çərşənbəsindən xonçalı, sirli-sözlü, ənənələrin ətri gələn Novruzun ünvanıdır! Qədimdən gələn mədəni İrsimizdir Novruz! Xonçalar, şirniyyatlar, adətlər, bahar ətirli hislərdir Novruz. Hakışdalar, bayatılar, musiqilər bir sözlə ədəbi irsdir Novruz.

Novruzu özəl edən ona məxsus olan adətlərdir. Məsələn: Papaq atmaq, Qulaq falına çıxmaq, Tonqaldan tullanmaq, Üzük falına baxmaq, Səməni yetişdirmək, Yumurta döyüşdürmək, Qonaq getmək, Şam yandırmaq, Küsülülərin barışması.,Yallı getmək, Xoruz döyüşdürmək, Novruz oyunları oynamaq (Məsələn, ənzəli).

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir.
Bu adətlər, minlərlə illər öncəyə, atəşpərəstlik dövrünə təsadüf edir. Mədəni irsimizin qədimliyi və gözəliyyi bütün dünyaya bir sübütdur.

Novruz bayramının ayin və mərasimləri qədim məhəbbət və qəhrəmanlıq dastanlarında da təsvir olunub. Koroğlu dastanının türkmən versiyasında Günəşin ifadəçisi kimi verilən keçi sahibsiz uşağayardım edir. Günahkar insanlara günahlarından arınmaq üçün məhz yazqabağı keçi qurban kəsmək məsləhət görülür.
Bunun üçün o, keçininbuynuzlarına qırmızı bağlayıb çölə ötürür, 
bağışlanmasını diləyir, onun duaları qəbul olunduqdan sonra keçini kəsir.

 


 

Novruzun gəlişini bayramla, müxtəlif törənlərlə qarşılayan insanlar həm də oyunlar qurardılar. 
Qışla yaz mübarizə aparır, sonda bahar gəlir, qış məğlub olur. Arzu-niyyət tutma da yazın gəlişi iləbağlanır, yəni, ürəyində arzu dilək tutub ilaxır çərşənbə gecəsi diləyərsənsə, göylərdən gələn Günəş və yaz bu diləkləri eşidər, 
onu Səməni kimi cücərdər. Haqqında bəhs etdiyimiz bir neçə oyun və ayinlər dədediklərimizin ifadəsidir.

Belə ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Günü-gündən dəyişən dünyamızda bir çox ənənələr unudulmaq astanasındadır artıq. İllərin və əsrlərin ələyindən keçən, nəsillərdən-nəsillərə ötürülən qırıq-qırıq xatirələrdən toplanıb heç zaman solmayan bir bahar çələngini xatırladan adət və ənənələrimizi bu dəfə “Üçüncü Bahar”da öz növbəti baharını qarşılayan üzvlərimizin dilindən eşidəcək və görəcəksiniz!
Yoxsa, güman edirsən kasıblıq əyir bizi,
Vermərik əlimizdən “qətl günü” Novruzu.
Zənn eləmə, yoxsuluq, varımız-mənimizdir,
Novruz səndən uludur, Novruz dünənimizdir!

 


 

Məqsədimiz yaşından və cinsindən asılı olmayaraq hər kəsin dünəni qoruyan bugün olduğunu xatırlatmaq və unutudurmamaqdır. Adətlərin, ənənələrin daşıyıcısı olan insanların varlığı tarixin və milli ruhun varlığıdır. Bu gün bu nur çöhrəli, cəsur ürəkli, sadə görünüşlü amma zadəgan ruhlu insanların xatirələri sabahlara yeni vəsilədir. Neçə-neçə baharlar qarşılayıb ömrünüzün “üçüncü baharında” daim yeni ümidlərin, unudulmaz xatirələrin daşıyıcısı olun, əziz və sevimli üzvlərdir! Ocağınızın odu, evinizin təravəti, süfrənizin suyu-çörəyi, torpağınızın barı-bəhrəsi olasınız! Novruzunuz, baharınız, yazınız mübarək olsun!

“Üçüncü Bahar” təşəbbüs qrupu layihəsi  təqaüd yaşına çatmış yaşlı nəslin asudə vaxtının səmərəli təşkili, mədəni və irsi dəyərlərimizin yenidən canlandırılması, yaşlı nəslin cavanlara verə biləcəyi tövhələrin cəmiyyətə çatdırılması, dəyərli müdriklərimiz və ziyalılarımızın bir arada toplanması və həyat təcrübələri ilə bölüşmələri məqsədi daşıyır. Bu layihənin məqsədi mənəvi dəyərlərimizə qiymət verərək yaşlı nəslimiz üçün faydalı və maraqlı şəkildə həyatlarının üçüncü baharlarının yaşanması ortamı yaratmaqdır. Layihə çərçivəsində müxtəlif yaradıcılıq master-klassları, poetik gecələr, rəqs dərsləri, kompüter kursları, vizaj məktəbi, skandinaviya yürüşləri, teatr tamaşalarına seyrlər, musiqi gecələri və s. tədbirlər təşkil edilir.

 
 

 
 

Şərhlər

Menyu