Lalə İsgəndərli | Soyuğu sümükləri titrədən Vilnüs


Litvanın paytaxtı Vilnüs haqda danışsaq, birinci havasından başlamalıyıq, əgər payız aylarında burada 3 gün qalacaqsınızsa, 2 gününü yağışlı və sümüklərinizi titrədəcək soyuqla keçirməli olacaqsınız.

Hava normalda 2, isti hesab edilən günlərdə isə 6-8 dərəcə arası dəyişir. Vilnüsün ən gözəl göründüyü aylar, bəlkə də, elə payız aylarıdır, ağacların çoxluğu yarpaqlarının rənginə görə Vilnüsə xüsusi gözəllik verir…

Addımınızı atdığınız hər küçədə kilsələrə rast gələ bilərsiniz. Əgər əhalinin dindar olması ilə maraqlansanız, o zaman deyə bilərəm ki, yeni nəslin digər Avropa ölkələri gəncləri kimi dinə marağı yoxdur. Kilsələrdə isə ancaq həftə sonu beli bükülü qoca nənələri görə bilərsiniz, cavanları isə adətən, universitet həyətində, yaxud da iş başında…
Ölkədə məşhur olan Vilnüs universitetində magistr təhsili alan tələbələrin çoxu eyni zamanda işləyirlər və dediklərinə görə bakalavr pilləsini uğurla başa çatdıran hər bir tələbə ölkədə rahatlıqla işlə təmin olunur.


“Aylıq gəlir 380–4500 avro arası dəyişir”

Aylıq gəlirə gəldikdə isə ölkədə orta aylıq gəlir 380–4500 avro arası dəyişir. Təbii ki, ixtisas və iş təcrübəsinə görə. Diqqətimi çəkən isə o oldu ki, Vilnüsdə küçələri təmizləyən yaşlı qadınlar deyil, yəni ümümiyyətlə qadınlar deyil, Burada bütün bu işləri yaşı 40-45 arası olan kişilər edir, qadınlar isə daha çox mağazalarda satıcı və köməkçi işləyirlər.
Vilnüsdə hamı öz dilində danışır. Bütün dünya dillərindən fərqlənən özünəməxsus dilllərini litvalılar qoruyub saxlaya biliblər. Amma burada rus və ingilis dilində söz soruşsanız, bəzən hər iki dildə cavab ala bilərsiniz. Bəzən gənclər rus dilində, bəzi yaşlılar isə ingilis dilində cavab verməyə çətinlik çəkirlər.

Dildən söz düşmüşkən, bir dəfə 21 yaşlı taksi sürücüsündən öyrənməyə çalışdım ki, niyə sizdə əksər gənclər öz dilinizdən başqa ingilis və rus dillərini yaxşı bilirlər. Oğlan bunu təhsil sistemi ilə əlaqələndirdi. Deməli, Litva məktəblərində ana dillərindən başqa ikinci dil olaraq ingilis dilinə xüsusi yer verilir. Bundan başqa, onlara öyrənmək üçün başqa bir dil (alman, fransız, rus) seçimi imkan yaradırlar ki, əksəriyyət də rus dilinə üstünlük verir.
Burada olduğum 2 həftə ərzində nə yollarda yol polisinə rast gəldim, nə də küçələrdə bir polis nəfərinə. Maraqlısı odur ki, yol polisinin və kameraların olmamasına baxmayaraq hamı işıqforu səbrlə gözləyir. Heç kim qaydaları pozmur. Əminliklə deyə bilərəm ki, burda siqnal səsinə də həsrət qalmışam.
Vilnüsdə darıxmaq çətin məsələdir, balaca şəhər olmasına baxmayaraq velosiped yolları və kirayə götürə biləcəyiniz velosiped dayanacaqları var, addımbaşı gəzməli parkları, üzü gülən söhbətcil insanları və maraqlı əşyalar ala biləcəyiniz alış-veriş mərkəzləri insana vaxtın necə keçirdiyini hiss etdirmir…


“Çörəklərini yedikcə yemək istəyirsən…”

Litvanız mətbəxi də özünə məxsusdur. Mətbəxdə daha çox dəniz məhsullarından, göyərti və tərəvəzlərdən istifadə olunur. Bir az dərinə getsək, menyularında maral əti və isti xörəklərinin tərkibində bal da tapa bilərik. Ona görə də bir çox xörəkləri şirin dadır. Mənim ən çox xoşuma gələn isə milli çörəkləridir.  Xəmirinin tərkibində çörəkotu, günəbaxan tumuna bənzər çeşidli çərəzlərdən istifadə olunur ki, çörəyi yedikcə yemək istəyirsən…
Əhalinin ən çox şikayət etdiyi isə aylıq ödədikləri kommunal xərclərdi, havalar payızdan soyumağa başladığına görə artıq payız aylarından yaya qədər isitmə sistemi üçün hər ay 100–200 avro arası ödəniş etməli olurlar.
İctimai nəqliyyatda isə qiymətlər tələbələr və vətəndaşlar üçün fərqlidir, tələbələr aylıq 6 avro ödəməklə ictimai nəqliyyatdan limitsiz istifadə edirlər, adi vətəndaşlar üçün isə bir istifadə 1 avrodur, avtobusların çoxunda isə qadın sürücü görmək mümkündür.

Əhali demişkən, Vilnüsdə gəzərkən küçələrdə çox az adama rast gəlmək mümkündür. Əhali sayının azlığı şəhərdə sıxlığın olmamasına gətirib çıxarıb. Uşaqlara isə daha az rast gəlmək olur. Əhali demişkən. Litvalılar uzaqdan soyuqqanlı görünürlər. Amma etiraf edək ki, çox gözəldirlər. Xüsusən də qızları…

Arada olan fərqdən danışmağa gəlsək, çoxdur, say-say bitməz. Bəlkə, xırda görünə bilər, ancaq mən burada yerdə zibil, yaxud yerə zibil atan insan, küçə itləri və pişikləri, fərqli görünüşünə və ya fərqli dildə danışdığına görə insana durmadan baxan şəxsləri görmədim, gördüklərim isə hər səhər velosipedlə dar küçələrdən işə gedən və ancaq öz həyatları ilə maraqlanan insanlar oldu…

Hazırladı: Lalə İsgəndərli


Şərhlər

Menyu