“Üçüncü Bahar” təşəbbüs qrupu hər yaşın öz gözəlliyi olduğunu nümayiş etdirir.


 

Cəmiyyətdə tez-tez cavanlığa verilən dəyər və üstünlüklərə rast gəlirik, yaşlanmış nəsil geridə qalmış, müasir texnologiyalardan uzaq, günbəgün dəyişən dəblə ayaqlaşmayan kimi qəbul edilir. Böyüyə hörmət, qayğı və sevgi yavaş-yavaş digər müasir dəyərlərlə üstələnir.

“Üçüncü Bahar” təşəbbüs qrupu layihəsi  təqaüd yaşına çatmış yaşlı nəslin asudə vaxtının səmərəli təşkili, mədəni və irsi dəyərlərimizin yenidən canlandırılması, yaşlı nəslin cavanlara verə biləcəyi tövhələrin cəmiyyətə çatdırılması, dəyərli müdriklərimiz və ziyalılarımızın bir arada toplanması və həyat təcrübələri ilə bölüşmələri məqsədi daşıyır. Bu layihənin məqsədi mənəvi dəyərlərimizə qiymət verərək yaşlı nəslimiz üçün faydalı və maraqlı şəkildə həyatlarının üçüncü baharlarının yaşanması ortamı yaratmaqdır. Layihə çərçivəsində müxtəlif yaradıcılıq master-klassları, poetik gecələr, rəqs dərsləri, kompüter kursları, vizaj məktəbi, skandinaviya yürüşləri, teatr tamaşalarına seyrlər, musiqi gecələri və s. tədbirlər təşkil edilir.

Təşəbbüs qrupu bu yaxında  “Dəbin yaşı yoxdur” adlı foto layihə  təşkil edərək yaşlanmanın özəlliyini, hər yaşın xüsusi gözəlliyini olduğunu nümayiş etdirmişdir.
 


 

İnsanın üç yaşı var: Biri görünən yaş,
digəri həqiqi yaş, üçüncüsü isə özünə verdiyi yaş.

 

Dəbin yaşı yoxdur, yaxşı zövqün yaşı yoxdur, sevginin, məhəbbətin yaşı yoxdur, gözəlliyin yaşı yoxdur, hər fəslin öz gözəlliyi olduğu kimi, hər yaşın özəl gözəllikləri var…

Hər bir insan gözəldir, yaşlandıqca illər boyu saxlanılmış şərab kimi zövq, xasiyyət, şarm və özünə güvən formalaşdırır, saçında hər ağ tel həyat yollarında qazandığı ağ qızıl, üzündəki cizgilər, qırışlar isə toplanmış müdrikliyin əksidir.

Təşəbbüs qrupunun təsisçiləri Natavan YusifovaNərmin Qaniyevanın rəhbərliyi ilə həyata keçirilmiş “Dəbin yaşı yoxdur” layihəsinin məqsədi hər yaşda gözəl olmağın mümkünlüyünü özündə əks etdirir. Baxımlı olmaq üçün cavan olmaq şərt deyil. Hər yaşın öz gözəlliyi var.

 
 

 




Şərhlər

Menyu