Təsirli baxışlar. 15 yaşlı Aida Çələbilinin portretləri.


 

Fotoqraflığa başlamaq üçün ideal yaş hansıdır?
Əlbəttə ki, bu suala cavab vermək o qədər də asan deyil. 15 yaşlı Aida Çələbili isə insanlara hətta kiçik yaşlardan uğur qazanmağın mümkün olduğunu sübut edir. Onun fikrincə bunun üçün sadəcə özünə inamlı olmaq kifayətdir. Aida fotoqrafiya ilə hobbi kimi məşğul olsa da, onun portretləri artıq çox insan tərəfindən sevilir.

 


 

Çəkdiyiniz simaları özünüz seçirsiniz? Necə insanları çəkməyi sevirsiniz?
Əgər sifariş deyilsə, çəkdiyim insanları özüm seçirəm. Adətən çalışıram tanıdığım insanları çəkim. Tanımadığım kimsə olanda, ilk öncə onun emosiyalarını, gözəlliyini görmək üçün onunla vaxt keçirməyə çalışıram. İstəyirəm insanlar kamera qarşısında sıxılmasınlar, buna görə də əvvəlcə onlarla ünsiyyət qurub, səmimi münasibət yaradıram, çalışıram onlar komplekslərinə fikir verməsinlər.
 

 

Bildiyimiz qədər siz həm də rəssamlıqla məşğul olursunuz. Bəs sizi fotoqrafiyaya həvəsləndirən nə oldu?
Məni model kimi çəkən fotoqraflar adətən məni öz istədiyim kimi çəkmirdilər. Necə bir foto istədiyimi onlara başa salsam da, nəticə yenə də tam istədiyim kimi alınmırdı. Buna görə də, istədiyim nəticələri əldə etmək üçün fotoqraflığı sınamağı düşündüm. Şəkillər üzərində çox işləməməyə çalışıram, istəyirəm ki, şəkillərdə emosiya olsun və hər bir şəklin mənası olsun. İlk vaxtlar telefonla çəkməyə başladım, bir qədər təkmilləşəndən sonra fəaliyyətimi fotoapartla davam etdirdim. Əlbəttə ki, fotoaparatla olan şəkillər daha yaxşı alınırdı və bu mənə motivasiya verirdi. Bundan sonra isə mən daha yaxşı fotolar yaratmaq üçün özümə lazım olan əlavə vasitələr almağa başladım.

Bir çox valideyn övladlarını daha çox həkim, müəllim və s. kimi görmək istəyir. Fotoqrafiyanı seçdiyinizə görə valideynləriniz sizi dəstəkləyirmi?
Uşaq yaşlarımdan demək olar ki,  hər şeyə nail olmaq üçün əlimdən gələni etmişəm və bu istəyimə çatmışam. Yəni, hər zaman konkret bir məqsədim olub və məqsədə doğru irəliləmişəm. Buna görə də, valideynlərim artıq mənə inanırlar və seçdiyim yolda mənə dəstək olurlar. Çox istəyərdim ki, bütün valideynlər övladlarına inansın və onları dinləsin. Bir çox insan hələ də valideynlərinin sözünü dinləyib hər səhər sevmədiyi işə gedir.
 


 

 Maraqlı üz czgiləriniz var. Sizi ən çox hansı film qəhrəmanına oxşadırlar?
Məni bir çox aktrisalara bənzədirlər. Məsələn, saçım uzun olanda türk aktrisa Hazar Ergüçlüyə, saçımı ortadan ayıranda Penelopa Kruza, qısa olanda isə “Amelie” filminin baş qəhrəmanına. Bəzən saçımı keçəl etmək istəyirəm ki, artıq heç kimə bənzəməyim, amma yəqin ki, o zaman da birinə bənzədəcəklər.

Fotoqrafiya sahəsi gündən-günə inkişaf etdiyinə görə, hər kəs fərqli üslublardan istifadə edərək diqqət çəkməyə çalışır. Bəs sizin fotoqrafiyadakı üslubunuz nədir?
Mən daha çox portretlər çəkməyi sevirəm. Azərbaycanlı fotoqrafların nə etdiyini, nə necə çəkdiklərini görmək üçün tez-tez onların səhifələrinə baxıram. Bundan sonra artıq bilirəm ki, onlardan fərqlənmək üçün nə etmək lazımdır, həm də yeni ideyalarım yaranır.

Bilirik ki, hər hansı bir fəaliyyətə yeni başlayan insanlar özlərindən daha təcrübəli olanlardan nümunə götürürlər. Sizi ilhamlandıran fotoqraf varmı?
Düzünü desəm, Azərbaycanda fotoqrafları o qədər də bəyənmirəm, çünki hər kəs çox standart şəkillər çəkir. Başqa ölkələrlə müqayisədə ola bilər ki, mən də mənasız çəkim. Məsələn, digər ölkələrdə mənim çəkdiklərimə mənasız kimi baxa bilərlər, amma burada bu üslubda çəkənlər az olduğuna görə insanlara maraqlı gəlir.
 


 

Çəkəcəyiniz şəkilləri və onu harada çəkəcəyinizi əvvəlcədən planlayırsınızmı?
Demək olar ki, hər yerə avtobusla gedib gəlirəm, pəncərə kənarında otururam və yola baxıram. Bunun sayəsində heç kimin çəkiliş etmədiyi çox yer kəşf etmişəm. Yol gedərkən maraqlı küçələr və ya yerlərlə qarşılaşanda həmin yerdə nəyi necə çəkmək olacağını fikrimdə canlandırıram.

Gələcəkdə kim olmaq istəyirsiniz?
– Rəssam olmaq mənim uşaqlıq arzumdur. Çox istəyərdim ki, məni fotoqraf kimi deyil, rəssam kimi tanısınlar, amma təəssüf ki, hazırda o sahəyə maraq elə də böyük deyil. 
 

Bəzən özünüzü model kimi də sınayırsınız. Neçə yaşınızdan çəkilməyə başlamısınız?
– 12 yaşımdan model kimi çəkilməyi çox arzu edirdim, buna görə də İnstagramda selfielər paylaşmağa başladım. Daha sonra Rəhimə adlı fotoqraf mənə çəkiliş təklif etdi və mən evdəkilərdən xəbərsiz buna razı oldum. Daha sonra təkliflər artmağa başladı. Valideynlərim əvvəl narazı olsalarda sonradan buna öyrəşdilər. Bəlkə də çəkilişlərə getməsəydim fotoqrafiyaya marağım heç vaxt yaranmayacaqdı.

Sizcə çəkmək, yoxsa çəkilmək asandır?
Məncə çəkilmək daha çətindi. Bəzi insanlar gözləri ilə hisslərini, emosiyalarını ifadə edə bilmirlər. Buna görə də, əvvəlcə insanı tanımaq, onunla danışmaq, güldürmək daha sonra çəkmək lazımdır. Fikrimcə, belə olmasa heç vaxt lazım olan nəticəni əldə etmək olmaz.

Şəkillərinizi sevməyən insanların fikri sizi işinizdən həvəsdən salırmı?
Xeyir, əksinə mənfi rəylər məni daha da həvəsləndirir. Arada fikirləşirəm ki, insanların hər şeyə standart olaraq “əla”, “gözəl”, “super” yazmaları məni həvəsdən salacaq. Bu vaxta qədər heç həvəsdən düşməmişəm, çünki bunu bütün qəlbimlə istəyirəm. Və hər kəsə məsləhət görürəm ki, heç vaxt kiminsə sözü ilə hərəkət etməsinlər. Əgər hər hansı bir yolu seçmisinizsə, bu yol stress, əsəb, yorğunluqla dolu olsa da, sona qədər getməlisiniz.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu