“TOXUCU”. Hobbisini brendə çevirən Əsli Musayeva.


 

Müasir dövrdə cəmiyyətdə qadınların rolunun artması danılmaz bir faktdır. Demək olar ki, hər bir sahədə uğur qazanmış xanımlarla qarşılaşmaq mümkündür.

2016-cı ildə TOXUCU brendini yaradan Əsli Musayevanı çox insan jurnalımıza təqdim etidiyi kitab bloqeri olaraq yazıları sayəsində tanıyır. Brend hazırda online satış üzərindən fəaliyyət göstərsə də, yaxın zamanda toxunma geyimlərdən ibarət kolleksiyasını təqdim etməyə hazırlaşır.

Əsli həmçinin həyata keçirdiyi bir çox layihələri ilə diqqət cəlb edir. Bunlardan biri də “Uşaqlar üçün toxu” layihəsi idi. Layihənin əsas məqsədi toxucu və toxumağa həvəsli olanları uşaqlar üçün könüllü toxumağa cəlb etmək idi.

 
 

 

– Toxumağı necə öyrənmisiniz və ilk toxunma əlişinizin nə olduğunu xatırlayırsınızmı?
– Toxumağı 9 yaşımda anamdan öyrənmişəm. İlk toxuduğum əşyanı dəqiq xatırlamıram, lakin səhv etmirəmsə, rəngli şərf idi.

– Adətən insanlar yaşlıların toxumağa həvəsli olduğunu fikirləşir, necə oldu ki, siz hobbinizi karyeraya çevirmək qərarına gəldiniz?
– Toxuma prosesindən söz düşən kimi hər kəsin ağlına nədənsə yaşlılara aid məşğuliyyət gəlir. Lakin mənə görə gənc xanımlar bu gün toxuma məşğuliyyətinin səbr və zaman tələb etidiyi üçün ona həvəs göstərmirlər.  Mənim üçün toxumaq sakitləşdirici prosesdir. Toxuduğum işimi əlimə alıb sakit bir yerə çəkiləndə həm dincəlirəm, həm də zövq alıram. Bu hobbimin işimə çevrilməyində ətrafımdakı insanların təsiri çox oldu. Özüm düşünmürdüm ki, toxumağı nə vaxtsa işə çevirərəm. Ancaq sonradan bu fikirlər məndə TOXUCU-nu qurmaq ideayısını yaratdı.
 


 

– Brend yaratmaq məsuliyyətli bir işdir. İlk başlayanda əsas motivasiya mənbəyiniz nə idi?
– Motivasiyam sevdiyim işi görməyim idi. Yaxşı bildiyim və sevərək etdiyim bir şeyi iş olaraq edəcəkdim. Bu da mənə ayrıca həvəs gətirirdi, daha yaxşısını etmək üçün çalışırdım. Bir də biləndə ki, sevdiyiniz insanlar, dostlar sizə inanır və dəstəkləyir, bu özü ayrıca motivasiyadır.

– Hər bir sahənin öz çətinliyi olur. TOXUCU-nu yaradanda qarşılaşdığınız əsas çətinliklər nələr idi?
– Əsas çətinlik başlarda tanınmaq idi. Lakin hazırda elə bir dövrdə yaşayırıq ki, sosial media hesablarından düzgün istifadə etdikdə, öz reklamınızı özünüz etmiş olursunuz. Digər bir çətinlik isə insanların sənə və qurmaq istədiyin işə qarşı önyarğıları idi. Etiraf edim ki, daha sonra özünü doğrultduqca bu önyarğılar da azaldı.
 


 

– Bildiyimiz qədər siz online satış olaraq fəaliyyət göstərirsiniz. Nə vaxtsa toxunma geyim əşyalarının satıldığı mağaza açmağı düşünürsünüzmü?

– Əlbəttə, hazırda bu bizim qarşımıza qoyduğumuz ən böyük hədəfdir. Hazırda emalatxana-ofis tərzdə bir yer üçün çalışırıq. Bəzən əl işlərimizi canlı görmək istəyənlər olur, məncə, bu bir fürsət ola bilər mağaza açılana qədər.

– Sizin həm də toxuculuq dərsləri keçdiyinizi bilirik. Öz bacarıqlarını başqalarına öyrətmək necə hissdir?
– Mən həmişə fikirləşmişəm ki, insan bildiyi şeyi paylaşdıqca azalmır, əksinə artır. Ona görə toxumağı öyrətmək məni üçün paylaşmaq deməkdir, öz bildiyim və sevdiyim şeyi paylaşmaqdır. Öyrətdiyiniz insan da öyrənməyə həvəsli olanda və ən az sizin qədər toxumağa maraqlı olanda siz də öyrətməyə daha çox can atırsınız. Çünki sənin sevdiyin şeyə başqa biri də eyni dərəcədə maraq və həvəs göstərir.
 


 

– Oxucularımız TOXUCU-dan gələcəkdə nə kimi yeniliklər gözləsin?
– Yaxın vaxtlarda TOXUCU özünün ilk qış kolleksiyasını hazırlamağı planlayır. Həmçinin artıq öz emalatxanamız fəaliyyət göstərəcəyi üçün TOXUCU sevərlər və toxucularla daha yaxından tanış ola biləcəklər.
 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

Şərhlər

Menyu