Azerifoodie | Balqabaqlı rozmarinli pasta.


 

Mənim üçün payızın rəmzi saralan yarpaqlar, durmadan yağan yağışlar, buludlarla örtülü səma və… balqabaqdır. Yadımdadır, uşaqlıqda hər zaman bu fəsil nənəm boranı aşı bişirərdi. Heç sevməzdim, yeməmək üçün min bir bəhanə uydurardım.
İllər keçdi, mən balqabağı sevməyi bacardım. Artıq onunla müxtəlif cür reseptlər hazırlamışam – keks, maffin, şorba, hətta mürəbbəsini də.
Əgər balqabağı yeməyə çiy halda deyil, sobada və ya suda bişirib əlavə etsəniz, o zaman balqabağın dadı o qədərdə kəskin bilinməyəcək.
İnsan orqanizminə lazım olan bir çox vacib vitaminlər və minerallar balqabağın tərkibində var. Həddən artıq faydalıdır, xüsusən də bişmiş halda. Mövsümündə mütləq gündəlik rasionunuza bu tərəvəzi daxil edin.
Yuxarıda qeyd etdiyim kimi, balqabaqla bir çox yeməklər hazırlayıram. Bu gün balqabaqlı rozmarinli pasta hazırladım. İstədiyiniz pasta çeşidi ilə bişirə bilərsiz, mən qızımın sevdiyi üçün spagetti ilə hazırladım.

 

2 nəfər üçün lazım olan ərzaqlar:

– 150 qr balqabaq

– 150 toyuq əti

– 0,5 ç.q. rozmarin

– 4 y.q. zeytun yağı

– 1 ədəd kiçik soğan

– 1-2 diş sarımsaq

– Duz,istiot

– ¼ stakan su yaxud toyuq bulyonu

İstənilən çeşid pasta

 

Hazırlanması:

İsinmiş yağda xırda doğranmış soğanı yumuşalandək qovurun, qızarandan sonra xırdalanmış sarımsağıda əlavə edin. Diqqət edin ki, çox rəngi qızarmasın. Daha sonra xırda dördkünc şəklində doğranmış balqabaqları əlavə edin və zəif odda 7-8 dəqiqə qarışdıraraq qovurun. Nazik, uzunsov şəkildə doğranmış toyuq ətini əlavə edin, rozmarin, duz, istiot vurun və qarışdıraraq qovurun. Toyuq bulyonunu əlavə edin, qapağı örtüb suyu çəkilənədək bişirin. Pastanı qaydası ilə duzlu qaynayan suda bişirin və suyunu süzün. Tavaya əlavə edin, ocağın üstündə 1dəqiqə saxlayaraq qarışdırın. Artıq yemək hazırdır. İsti-isti süfrəyə çəkin,pasta gözləməyi sevmir))

 

Nuş olsun!

Hazırladı: Mehriban Məmmədova

https://azerifoodie.blogspot.com 
Instagram: @azerifoodie

 
 

 

Şərhlər

Menyu