Ofisdə podium elementləri. Ən dəbli işgüzarların qarderob trendləri.


 

İşgüzar xanımlar müəyyən “dress code”-a uyğun geyinməli olduqları üçün daima qaydalardan kənara çıxmadan fərqli görüntü yaratmağın yollarını axtarırlar. Çox istifadə olunduğuna görə artıq boz, qara, bej rənglər ofis qarderobunda xanımlara darıxdırıcı gəlir.

Stilistlər geyimlərindən sıxılan işgüzar xanımlara canlanma təklif edir. Beləki, onlar xanımlara podiumdakı geyimlərdən istifadə edərək qarderoblarına yeni parçalar əlavə etməyi tövsiyə edirlər.
 

PUL BİBƏR
Qırmızı pul bibər rənginin müxtəlif çalarları mövsümün ən aktual trendlərindən biridir. Bu rəng geyimlərə effektli aksessuarlar əlavə edərək, hətta işdən sonra korporativ gecəyə qatılmaq da mümkündür.

 
 

UZUN ƏTƏKLƏR
Uzun ətəklər demək olar ki, hər mövsüm dəbdə olan geyim parçalarından biridir və hər zaman xanımların qarderobunda xüsusi yer tutur. Bu ətəkləri mövsümün trendlərindən olan damalı parçadan hazırlanmış pencəklərlə kombinləyərək ciddi görüntü əldə edə, həmçinin geyiminizi ofis mühitinə uyğunlaşdıra bilərsiniz.

 
 

PARILTILI ÇƏKMƏLƏR

İllər keçdikcə “dress code” anlayışı nisbətən dəyişdiyinə görə artıq işə gedərkən parıltılı çəkmələr geyinmək mümkündür. Bu çəkmələr həm “dress code”-a əməl etməli olan, həm də öz tərzini göz önünə çıxarmaq istəyən xanımlar üçün idealdır.

 
 

TORLU CORABLAR
Son bir neçə mövsümdə xanımlar tərəfindən sevilərək istifadə olunan torlu corablar artıq ofis luklarına da yol tapıb. Bu corabların iş mühitində çox diqqət cəlb etməsi məqsədə uyğun hesab olunmasa da, qısa şalvarların altından geyinməklə fərqli görüntü əldə etmək mümkündür.

 
 

ÇİÇƏK PRİNTLƏRİ
Bu ilin bütün mövsümlərinin trendlərindən olan çiçək printləri də iş geyiminə əlavə edilməsi tövsiyə olunan parçalardandır. Əgər iş yerinizdə geyimlə bağlı ciddi qaydalar varsa, o zaman bu printləri üst geyimlərinizdə əks etdirə bilərsiniz. Çiçək printli paltolardan istifadə etməklə daim dəblə ayaqlaşdığınızı göstərmək mümkündür.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 

Şərhlər

Menyu