GARDEN SHOP. Orxan Aslanovun təbiətlə bağlı növbəti layihəsi.


 

Azərbaycanın tanınımış fotoqraflarından olan Orxan Aslanov hər zaman yüksək peşəkarlıqla ərsəyə gətirdiyi fotoları və  sevilən unikal layihələri ilə diqqət mərkəzində olur. Fotoqraf ötənlərdə ölkəmizi, onun təbiətini, mədəniyyətini digər ölkələrdə tanıtmaq üçün möhtəşəm “My Azerbaijan” layihəsi ilə ürəkləri fəth etdi. Bu layihə onu yalnız Azərbaycanda deyil, həm də dünyanın müxtəlif ölkələrində tanıtmışdır.

Təbiətə bağlılığı ilə hər zaman seçilən fotoqraf bir neçə müddət bundan əvvəl öz komandası ilə birgə GARDEN SHOP adlı butiki istifadəyə verərək təbiət sevərləri sevindirdi. Butik dünyanın müxtəlif bögələrindən gətirilmiş, hər zövqə uyğun bitkilər, həmçinin bağınızda bitki yetişdirmək üçün ehtiyacınız olan bütün vasitələri təklif edir.

 

 

– Bildiyimiz qədər Orxan Aslanovun öncəki “My Azerbaijan” layihəsi də təbiətlə bağlı idi. GARDEN SHOP -un da eyni mövzuda olması təsadüf idi, yoxsa təbiətdə sizi nəsə cəlb edir?
– Bu iki layihə mənim ən sevimli layihələrimdir. Mənim fikrimcə, insan həm həyata, həm bitkilərə, həm də ətrafında olanlara sevgi ilə yanaşmalıdır. Bildiyiniz kimi, mən şəhərdən köçmüşəm və şəhərdən kənarda yaşayıram. Orada böyük bir bağım var, bu bağda mən bitkilərlə çox vaxt keçirirəm, hər şeyi özüm əkirəm, özüm onlara qulluq edirəm. Növbəti layihə üçün mənə ilham verən də elə bu səbəb oldu.

– Təbii ki, bizə də ideyanın yaranış tarixi maraqlıdır. Hər şey nədən başladı?
Bu layihənin yaradıcısı iki nəfərdir: mən və mənim dostum İlkin Qəhrəmanlı. Biz onunla sərgidə tanış olduq və dostlaşdıq. Bir qədər vaxt keçəndən sonra bu ideya yarandı. Fikirləşdik ki, Bakıda münasib qiymətlərlə, bu qədər çox çeşid təqdim edən, xidməti və dizaynı ilə fərqlənən heç bir məkan yoxdur. Bu səbəbdən də GARDEN SHOP-u açdıq.
 


 

– Bu işdə hər hansı partnyorunuz varmı, yoxsa hər şeyə görə özünüz cavabdehsiniz?
– Mən İlkinlə birgə çalışıram, lakin demək olar ki, bütün ölkə bizim partnyorumuzdur, çünki hamı bizim mağaza üçün nəsə gətirir, gəlib nəsə alıb aparır və ya bizə hansısa yeni ideyalar təklif edir. Biz bundan həqiqətən çox məmnunuq.

– Şəhərdə çoxlu bitki butikləri mövcuddur. Sizin butik qarşısına necə yadda qalmağı məqsəd qoyub?
– Bizim mağazanı digərlərindən fərqləndirən əsas cəhətlərə çeşidlərin çoxluğu, münasib qiymət, müştəriyə yanaşma və təbii ki, güləriz xidmət daxildir.

Butikdə nə kimi bitkilər var və onları hansı prinsiplə seçirsiniz?
Hər insanın özünəməxsus zövqü olduğuna görə, onların bitki seçimləri fərqlənir. Demək olar ki, mağazada olan hər bir bitki ilə maraqlanırlar. Məsələn, xanımlar əsasən çiçəkli, yaşıl, dekorativ və daha çox oksigen yaradan bitkilərə üstünlük verirlər.

Sizcə bu il otaq bitkiləri üçün hansı trend dəbdə olacaq?
– Ümumiyyətlə biz insanlarda ev bitkilərinə qarşı maraq oyatmaq istəyirik. Həmçinin “hand made” dibçəklər kimi müxtəlif aksessuarları dəb halına gətirmək istəyirik.
 


 

Səmimi etiraf etsəniz olubmu ki, butikdə bəzən önlüyü geyinib bitki becərir, onlara qulluq edirsiniz?
Bəli, əlbəttə olur. Elə bir qədər bundan əvvəl müştəri almaq istədiyi dibçəyi deşib, torpaqla doldurub təhvil verdim.

– Butikin maraqlı interyeri var, eləcə də bəzi dibçəklər xüsusi boyanıb. Bunların müəllifi kimdir?
Çox şadam ki, butikimizin görünüşünü bəyəndiniz. Dizaynın fərqli olması üçün əlimizdən gələni etmişik. Dibçəklərin boyanmasına gəldikdə isə, bunların müəllifi Həcər və Vüsaldır.

– Butikinizdən hansı yenilikləri gözləyək? Qarşıda sizi hansı hədəflər gözləyir?
– Bilirsiniz, bu mənim sevimli işim olmaqla yanaşı, həm də bir biznesdir, buna görə də, düşünürəm ki, gələcəklə bağlı sirlərimizi açmaq düzgün deyil. Yaxın zamanda daha maraqlı ideyalarla sizi təəccübləndirəcəyik. Əsas hədəfimiz isə insanları razı salmaq, hazırkı tempimizi saxlamaq və bitki kimi daha da inkişaf etməkdir.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 

GARDEN SHOP
Ünvan: Mirzəbala Əhmədzadə 24,
Tel: 050 242 4208
İnstagram: @Gardenshopaz

 
 

 

 

 

Şərhlər

Menyu