Çatmaqaş Sofiya Hacipanteli. Günümüzün gözəllik anlayışını dəyişən müasir Frida Kahlo.


 

Qədim zamanlarda qalın və çatma qaşlara sahib olan qadınlar daha cazibədar və gözəl hesab olunurdu. Müasir dövrdə isə xanımlar müxtəlif üsullardan istifadə edərək qaşlarını nazildir və ya fərqli formalara sala bilirlər.

Son illər dəbdə qalmağı bacaran enli qaş trendi artıq nəinki podiumlarda, həm də modabaz xanımların xarici görünüşündəki unikal detalına çevrilmişdir. Bunlardan biri də Maryland Universitetində təhsil alan, İnstagram sosial şəbəkəsində 50.000-dən yuxarı izləyicisi olan 20 yaşlı tələbə Sofia Hadcıpantelidir.

Sosial şəbəkə ulduzu #UnibrowMovement hərəkatının əsasını qoyub. Gənc tələbənin bu addımı adət olunan çərçivədən kənara çıxaraq gözəl görünməyin mümkün olduğunu başa düşən bir çox izləyicisi tərəfindən dəstəklənib. Təbii ki, onun şəkillərinə yüzlərlə, hətta minlərlə mənfi rəy yazanlar da var, bütün bunlara baxmayaraq Sofiya ruhdan düşmür.

Sarışın model qaşlarının daha dolğun və gur olması üçün hər gecə onlara gənəgərçək yağı çəkdiyini deyir. Onların forma və ölçüsünü daha yaxşı göstərmək, hətta qaşlarını boyamaqdan da çəkinmir.

 “Mən heç vaxt insanları mənim görünüşümü bəyənməyə və ya mənim hərəkatıma qoşulmağa məcbur etmirəm, mən sadəcə göstərmək istəyirəm ki, onlar hər hansı bir fərqliliyə sahib olaraq da həyatlarını davam etdirə bilərlər. Şəxsən mən öz görünüşümü çox bəyənirəm, bəzi insanlar isə bəyənmir. Zövqlər müxtəlif olduğuna görə bu çox normal haldır. Mən insanlar arasında tolerantlığın artmasını, onların bir-birlərinin fərqliliklərini qəbul etmələrini və öz təbii görünüşləri ilə fəxr etmələrini istəyirəm.”

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 

 

 

Şərhlər

Menyu