Rənglərin gücü! İş müsahibəsi üçün ideal rənglər.


 

Əlbəttə ki, verilən suallara cavab vermək müsahibənin ən çətin hissəsidir, lakin müsahibəyə nə geyinəcəyinizi və hansı rənglərdən istifadə edəcəyinizi düşünmək sizi daha da gərginləşdirə bilər. Düzdür, müsahibəyə geyinməli olduğumuz geyimlər haqqında ümumi qəbul olunmuş qaydalar mövcuddur, lakin geyimdə hansı rənglərin istifadə olunması hər zaman sual doğurur.

Mütəxəssislərin fikrincə, sizdən müsahibə götürən şəxslər sizin görünüşünüzə baxaraq bir neçə saniyə ərzində sizin haqqınızda qərar vermiş olurlar. Bundan müsahibəyə nə geyinməyinizin və hansı rənglərdən istifadə etməyinizin nə qədər vacib olduğu aydın görünür. Biz sizə istifadə olunmalı rənglərlə bağlı mövcud olan bir neçə fikri təqdim etmək istəyərdik.

 

GÖY

Ən çox tövsiyə olunan rənglərdən biridir. Mütəxəssislərin sözlərinə görə, iş müsahibəsinə göy rəng geyimdə getmək insanlara sizin etibarlı, inkişaf etmək üçün öz üzərində çalışan biri olduğunuz mesajını verəcək.

 
 
 

QƏHVƏYİ

Əlbəttə, qəhvəyi rəngli geyimlər insanlarda pis təəssürat yaratmır, lakin siz başdan ayağa qəhvəyi rəngə bürünsəniz, bu insanlarda sizin konservativ və köhnə fikirli olduğunuz fikrini doğuracaq, halbuki müasir dövrdə şirkətlər daha müasir və uzaq görən işçilər axtarırlar.

 
 
 

QARA

Göy rənglə birlikdə ən çox tövsiyə olunan rənglərdən biri də qaradır. Lakin bu rəngdən istifadə edərkən də diqqətli olmaq lazımdır. Rəng üzrə ekspertlərin fikrincə, qara rəng daha çox menecment mövqeyi üzrə olan müsahibələrə uyğundur, əgər siz köməkçi və ya buna oxşar vakansiyalara müraciət edirsinizsə qara rəng sıxıcı ola bilər.

 
 
 

BOZ

Əgər siz müraciət etdiyiniz işdə öz şəxsi keyfiyyətlərinizi göstərmək və özünüzün gələcək uğurlu işçi olduğunuz mesajını vermək istəyirsinizsə, onda boz sizin seçməli olduğunuz rəngdir. Boz rəngli geyimi müxtəlif rəngli şarf və çanta kimi aksessuarlarla tamamlaya bilərsiniz.

 
 
 

SARI

Müsahibəyə gedərkən neytral rənglərin istafadəsi məsləhət olunsa da, siz yaradıcı sahə üzrə hər hansı bir müsahibəyə gedərkən sarı və bənövşəyi kimi rənglərdən istifadə edə bilərsiniz. Bənövşəyi sizin unikal, sarı isə optimist və yaradıcı olduğunuzu göstərəcək.

 
 
 

BUNLARI GEYİNMƏ!

Müsahibəyə gedərkən istifadəsi heç məsləhət olunmayan rənglərə qırmızı və narıncı daxildir. Qırmızı rəng  insanlarda sizin aqressiv, narıncı rəng isə sizin qeyri-peşəkar olduğunuz fikrini doğuracaq.

 
 
 

   Hazırladı: Şəbnəm Ramazanlı

Şərhlər

Menyu