Təzadlar. Marko de Vincenzo 2017 keçid kolleksiyası.


 

1978-ci ildə, İtaliyanın Messina şəhərində anadan olan Marko de Vinçenzo 18 yaşı olarkən Avropa Dizayn İnstitutunda dəb sahəsi üzrə təhsil almaq üçün Romaya köçür və təhsilini başa çatdırdıqdan sonra FENDİ brendinə qoşulur. O, burada  brendin yaradıcı direktoru olan Silvia Venturini Fendinin köməkçisi və aksessuar dizayneri kimi fəaliyyət göstərməyə başlayır.

2009-cu ildə öz adını verdiyi brendini yaradan Markonun ilk kolleksiya ilə debütü elə həmin ilin yanvar ayının 28-də Parisdə Moda Həftəsində baş tutub.  Bir müddət sonra isə dizayner Vogue Italia tərəfindən təşkil olunmuş və gənc dizaynerlər arasında baş tutan “Who Is On Next” müsabiqəsinin qalibi olmuşdur.

Hazırda 150-dən çox stokçusu olan və Rihanna, Beyons, Taylor Svift kimi məşhurlarla işləyən dizayner zamanını məşhur İtalyan moda evi və öz yaratdığı brend arasında paylaşdırmalı olur.

Bugün bütün dünyada dəb sahəsinin ən yenilikçi və maraqlı siması kimi tanınan Marko de Vinçenzonun dizaynlarını digərlərindən fərqləndirən əsas cəhət onun demək olar ki, bütün kolleksiyalarında təzadlardan istifadə etməyə meyilli olmasıdır.

Hər bir kolleksiyasında olduğu kimi, onun payız qabağı kolleksiyası da bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Kolleksiyada, əsasən, dizaynerin hazırladığı saxta kürkdən olan yüngül ayaqqabılar, məxmər parçadan hörülmüş səndəllər və çantalar, zəngin və retro rənglərin üstünlük təşkil etdiyi kloş ətəkli şalvarlar və böyük ölçülü pəncəklər üstünlük təşkil edir.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

Şərhlər

Menyu