Notes De Asli Bloqu | “Xanım Minqin heç olmayan 10 uşağı” kitabı. E.E. Şmitt.

 

Kitab oxuyarkən, ya da alarkən səhifə sayına diqqət edirsiniz mi? Mən etmirəm, xüsusən də son vaxtlar. Ancaq əvvəllər qalın kitablarda daha böyük fikirlərin yatdığına dair bir inancım var idi. Daha sonra məni heç də elə olmadığı qənaətinə gətirən kitablar oxudum. Əslində incə kitablarda da dərin fikirlər yatır, təki siz o fikirləri görə biləsiniz.

          Fransız yazar Erik Emmanuel Şmittin “Xanım Minqin heç olmayan on uşağı” kitabı haqqında danışıram bu dəfə. Cəmi 71 səhifə olmasına baxmayaraq, kitab o qədər gözəl, o qədər mənayüklü idi ki… Uçuşumuza 5 saat qalmış hava limanında olduğumuz üçün kitaba başladım və ətrafdakı səs-küyə rəğmən ilk səhifələrdən artıq bütün diqqətimi kitaba vermişdim. Dili sadə, sizi yormayan və anlaşılır idi. Sadə süjet xətti və çox az obrazı olmağı ilə yanaşı oxucuya ötürdüyü mesajlar, aşılamaq istədiyi fikirlər çox gözəl idi.

 

 

          Əsərimizin qəhrəmanı iş üçün Çinə gedir və bu zaman olduğu binanın yanında tualet işçisi xanım Minqlə tanış olur. Elə ilk gündən onun özünəməxsus havasından, oturuşundan, balaca yerində yeritmiş olduğu “hakimiyyətindən” o dərəcə təsirlənir ki, hər gün tualetə gələrək onunla söhbətlər edir. Və öyrənir ki, bir uşaqdan çoxunu qanunla qadağan edən bu ölkədə xanım Mingin 10 uşağı var. Başda özünü təhqir olunmuş, aldadılmış hiss etsə də, marağı güc gəlir və onunla hər gün söhbətlərini davam etdirir, onun uşaqları haqqında danışdığı əhvalatlara qulaq asır. Bəs həqiqətən xanım Minqin bu 10 uşağı mövcuddur mu? Mövcud deyilsə, onları necə bu qədər yaxşı tanıyır? Oxucu bu sualların cavabını əsərin sonunda öyrənir.

          Xanım Minq hər dəfə uşaqlarının birindən bəhs edərkən biz dəfələrlə şahid oluruq ki, hər insan özünəməxsus və unikaldır. Ancaq hazırda çox təəssüf ki, hamı bir-birini təkrarlayır. Bacarığı, həvəsi olmasa da sırf gəlir gətirir və ya aktualdır deyə hamı dizayner, reklamçı və s. olur. Amma unuduruq ki, hər kəsin özünəməxsus bacarığı, mükəmməl ola biləcəyi sahəsi var. Çətin olan da həmin sahəni tapmaq, onu tapana qədər daim özünü axtarmaqdır.

          İnsanın ən böyük mübarizəsi elə məhz özü ilədir. Xanım Minqin uşaqlarının hekayələrini oxuduqca bunun bir daha şahidi oluruq. Əsərdə həmçinin öyrənməyin, özünü inkişaf etdirməyin önəmlərinə toxunur yazar. Qadın-kişi münasibətləri, ailə dəyərləri, övlad sevgisi də kitabımızda bəhs edilən mövzulardandır. İnancın bir insanı həm öldürə, həm də yenidən həyata bağlaya biləcək bir qüvvə olduğuna da əsəri oxuduqca bir daha əmin oluruq.

          Mənə ən çox təsir edən xanım Minqin səmimiliyi, təmizqəlbliliyi və bir o qədər də müdrikliyi idi. Oxuyarkən sadə dialoqlar arasında elə bir cümlə işlədirdi ki, təkrar-təkrar oxuyurdum. Məncə, tualet işçisi olan bu xanımdan öyrənəcəyimiz çox şey var. Ən azından onun da dediyi kimi “Hər gün qabağa getməyən insan hər gün geriləyir deməkdir”.

Hər kəsə xoş qiraətlər diləyi ilə, Əsli!

Hazırladı: Əsli Musayeva
www.notesdeasli.wordpress.com
Facebook:
 Notes de Asli
Instagram: @notesdeasli

 

 

 

 

Şərhlər

Menyu