Talkaboutnails bloqu | İstirahətə götürdüyüm dırnaq boyaları.


 

Yaxın zamanda istirahət üçün hazırlıq görürdüm və özümlə birlikdə hansı dırnaq boyalarımı aparacam, necə manikürlər edəcəm – çox qərarsız qalmışdım. Daha sonra işimi asanlaşdırmaq üçün qərara gəldim ki, hər kateqoriyadan bir dırnaq boyası seçim və boyalarımın arasından daha davamlı, nisbətən daha qalıcı olanlara üstünlük verim. Çünki, hamımız bilirik ki, ora istirahət üçün gedirik və bu müddətdə dırnaq boyamızı tez-tez silib yenidən çəkmək bizim üçün cansıxıcı və diskomfort ola bilər.

Həmçinin istirahəti bəhanə edərək sadə və bəsit manikürlərlə gəzməmək üçün yeni ideyalar, qalıcı və o qədər də mürəkkəb olmayan naxışlar müəyyən etdim.

 


 

Elə bu məqsədlə, əlim birinci “nude” tonundakı dırnaq boyalarına doğru getdi. Gündəlik həyatda da “nude” boyalar mənim sevimlimdir və xüsusən istirahət zamanı belə boyalar can-qurtarıcı olur. Yəni, dırnaqdan nisbətən gec silinir, dibləri çıxsa belə o qədər də bilinmir və təbii ki, əlləri olduqca səliqəli göstərir. Lakin nyud boyanın bəsitliyini aradan qaldırmaq üçün yanında bir ədəd “glitter” (içində iri zərləri olan) dırnaq boyası da götürdüm. Düşündüm ki, nyud boyaları çəkən zaman üzük barmağıma bu boyanı çəkərək və biraz daha sadəlikdən uzaq manikür etmək istəyərəm. Bunu çox zaman gündəlik həyatda da edirəm və daha diqqətəlayiq dırnaqlara sahib oluram. Siz də ehtiyatlı davranıb “glitter” boyanızı özünüzlə götürə bilərsiniz.

 


 

İkinci olaraq isə, özümlə bir ədəd parlaq (içində çox xırda zərləri olan) dırnaq boyası götürdüm. Bəziləri razı olmasa da, düzü, mən belə boyaları yay mövsümünə çox yaraşdırıram. Çünki, belə boyalar günəşdə çox gözəl parlayır və zərli olduğu üçün dırnaqdan gec silinir. Parlaq boyaları bütün dırnaqlarımıza çəkməklə bərabər, onlar vasitəsilə həm də naxışlı və daha cəzbedici dırnaqlar əldə edə bilərik.

 


 

Üçüncü olaraq, mütləq ən sevdiyiniz tonlarda bir neçə ədəd boya götürün. Çünki, istirahət uzun çəkdiyi halda əlinizdə olan boyalardan bezə və sevimli rənginizi dırnaqlarınızda görmək istəyə bilərsiniz. Mənim ən sevdiyim rəng mavinin müxtəlif tonları olduğu üçün seçimimi də məhz bu istiqamətdə etdim.

 


 

Dördüncü olaraq sadə naxışlar çəkə bilmək və ya hər dırnağınızı fərqli rəngə boyayaraq maraqlı görüntü əldə edə bilməniz üçün bir-biri ilə harmoniya təşkil edə biləcək rənglər seçin. Çünki, bu zaman onların yaratdığı ahəng əllərinizi bəsitlikdən uzaqlaşdıracaq və daha əyləncəli görünməsinə səbəb olacaq.

Metalik rənglərdəki boyalarla isə naxışsız belə cazibədar əllərə sahib ola bilərsiniz. Bunun üçün daha neytral tonlarda bir rəng seçin, və onun metallik variantını tapın. Bu rənglərin əsas xüsusiyyətləri isə zəngin görüntüsü ilə bərabər həm də dırnaqlara nisbətən asan çəkilməsi və gec silinməsidir. Əsl istirahət manikürü!

 


 

Və nəhayət, mütləq və mütləq özünüzlə “top coat” (boyanın üzərinə çəkilən şəffaf boya) götürün. “Top coat”-lar istirahət günlərinizdə dırnaq boyanızın ekstra tez zamanda qurumasına, davamlılığının artmasına və daha parlaq görünməsinə səbəb olacaq.

 


 

Sonda isə, onu da qeyd etmək istərdim ki, istirahətə gedərkən uzun dırnaqlara üstünlük verməyin. İstirahətin təxminən 15 gün çəkəcəyini nəzərə alsaq, bu müddətdə dırnaqlar daha da uzanacaq və bu da onların qırılma ehtimalını artıracaq. Bu səbəbdən, qısa və ya orta uzunluqdakı dırnaqlara üstünlük vermənizi məsləhət görərdim.

 

Hazırladı: Ülkər Muradova
Instagram: @talkaboutnails

 

Şərhlər

Menyu