Biraz Serotonin Bloqu | Çimərlik çantasının “must have”-ləri.


 

İnsanı qocaldan ən əsas faktorlardan birinin günəş olduğunu bilirdiniz? Əslində çox da böyük zərərinin olmadığını, hətta faydasının olduğunu düşündüyümüz günəşdən doğru şəkildə yararlanmadığımız zaman əks təsirlərini özümüzdə asanlıqla görə bilərik.

Bu zərərlərdən qorunmaq üçün isə mütləq şəkildə istifadə etməli olduğunuz 2 şeydən danışmaq istəyirəm.

Eynək və günəş kremi!

– Eynəkləri aksessuar kimi istifadə edə bilərik, lakin unutmaq olmaz ki, onların təməl məqsədi ultrabənövşəyi A və B (UVA UVB) şüalarının gözə zərərlərini minimuma endirməkdir. Yəni, gözlərimizi günəşin ultrabənövşəyi şüalarından qorumaq eynəklərin əsas funksiyasıdır. Bu səbəblə, günəş gözlüyü seçimində onun brendinə deyil, daha çox şüşələrinin UVAUVB şüalarının nə qədərini blok edib-edə bilmədiyi nəzərə alınmalıdır.

– Eynək seçimində digər əhəmiyyətli bir məqam isə gözlüyün üzünüzə uyğun olub olmadığıdır. Tam oturmayan bir eynək arzu olunan səviyyədə qoruma təmin edə bilməz. Seçim edərkən kirpiklərə dəyməyən, çərçivəsinin üst qismi qaş xəttində olan eynəklərə üstünlük vermək lazımdır.

– Günlük istifadə etdiyimiz günəş eynəkləri üçün ideal UVA dərəcəsi isə 400 olmalıdır. Bu etiket və ya eynəklərin saplarında, yaxud daha geniş formada sertifikatlarında qeyd olunur.

 


 

Bəs UVA nədi?

UVA  ultrabənövşəyi A dalğaları deməkdir.
Günəş şüalarının dünyamıza gələn qisminin 95%’ni əhatə edən ultrabənövşəyi A (UVA) şüaları, bütün il ərzində yer üzərinə çatır. UVA şüaları həm qısa, həm də uzun dalğa boyuna sahib olduğundan, buludlardan və şüşədən asanlıqla keçə bilir. Dərinin yaşlanmasında və qırışların meydana gəlməsində təsirli olan UVA şüaları, UVB şüalarına görə daha dərin dəri qatlarına nüfuz edə bilir. UVB şüaları isə daha çox dərinin üst epidermal təbəqəsinə təsir edir. Şüşədən keçməyən və günəş altında çox qaldığımızda dərimizin qızarmasına, günəş yanıqlarının meydana gəlməsinə səbəb olan UVB şüalarının intensivliyi mövsümlərə, yerə və saata görə dəyişkənlik göstərir. Qısacası, UVA şüaları dərinin alt təbəqələrinə, UVB şüaları isə üst təbəqəyə təsir edir.

İndi isə keçək ikinci məsələyə, – dərimizi günəş şüalarından necə qoruya bilərik?

Əlbəttə ki, Günəş kremləri vasitəsilə! Əgər isti yay günlərində evdən çölə çıxırsınızsa, mütləq şəkildə istifadə etməli olduğunuz bir məhsuldur. Çünki, zərərli UVA şüaları bizim dərimizin ən aşağı qatlarına nüfuz edərək, ciddi problemlərə səbəb ola bilər.

 


 

 

Günəş kremləri istifadə edərkən nələrə diqqət etməliyik?

– İlk növbədə SPF (sun protection factor) dərəcələrinə diqqət etmək lazımdır. Rastalaşacağınız SPF dərəcələri SPF 15, SPF 20, SPF 25, SPF 30 və SPF 50 olacaqdır. Əslində onlar arasında çox da böyük fərq yoxdur. Normal SPF dərəcəsi isə 30 hesab edilə bilər.

– Günəş kremlərinin effektivliyi 2 saat davam edir. Ona görə də gün ərzində təzələnməsi vacibdir. İstifadəsi zamanı yaranan ən böyük problemlərdən biri isə xanımların onlardan çox az üzlərinə sürtməsidir. Xanımlar, günəş kremlərimizi istifadə edərkən biraz əli açıq olmağa çalışaq! 🙂

 


 

– Günəş kremi alarkən diqqət edilməli olan ən əsas məsələlərdən biri də, yuxarda qeyd etdiyim kimi həm UVA, həm də UVB şüalarına qarşı olmasıdır. Onlardan sadəcə birinə qarşı qorunmaq kifayət etmir. Buna görə də aldığınız kremin üzərindəki məlumatları oxumağınız vacibdir.

Sonda kiçik bir tövsiyyəm isə ondan ibarətdir ki, günəşə çıxmazdan yarım saat əvvəl bədəninizin açıqda qalan hər yerinə günəş kreminizi tətbiq edin və ara-sıra təzələməniz lazım olduğunu unutmayın! Həmçinin mümkün qədər kölgə olan yerləri seçin, papaq və günəş gözlüydən istifadə etməyi isə unutmayın…

Hər Birinizə Günəşli Günlər!!!

 Hazırladı: Qədəmli İsmayılova
Instagram: @biraz_serotonin
Facebook: BirazSerotonin

 

 

Şərhlər

Menyu