Azerifoodie Bloqu | Mərci salatı. Bol vitamin mənbəyi.


 

İsti yay günlərində yüngül və ağır olmayan yemək və salatlara üstünlük veririk. Ocaq başında durmağa nə həvəsimiz olur, nə də vaxtımız. Bu səbəbdən çalışırıq nisbətən asan və tez başa gələn reseptlərə müraciət edək. Xüsusən də axşamlar yüngül salatlar tərcih edə bilərsiniz, yanında ayran və yaxud başqa sərinləşdirici meyvəli içkilərlə.

Növbəti postumda Sizə doyumlu, lakin eyni zamanda yüngül mərci salatı təqdim edirəm. Mərci çox faydalıdır, bunu bilirsinizmi?
Kalorisi çox azdır, ancaq faydası böyükdür, insan orqanizmin ehtiyacı olan bir çox vitamin və minerallarla zəngindir.

Tərkibində karbohidrat var, odur ki, orqanizmi kefiyyətli şəkərlə təmin edir, bu səbəbdən pəhriz saxlayan insanlara gündəlik rasionlarına mütləq mərci daxil etmək məsləhət görülür. Eyni zamanda, arıqlamaq istəyən insanlara da mərci yemək məsləhət görülür, çünki, daha tez doyuzdurur, həzmi isə asanlaşdırır.

Bir vacib məqamı diqqətinizə çatdırmaq istəyirəm – mərci qadınlarda klimaks əlamətlərini aradan qaldırır və ya daha yüngül formada keçməsinə bais olur. Odur ki, mərcini gündəlik rasionunuzdan əksik etməyin, ilin hansı mövsumu olursa olsun.

Bu salatın bir üstün cəhəti də var – başqa bir çox salatlar kimi onu həmin dəqiqə yeməsəniz də olar, kiçik saxlama qablarına yığıb özünüzlə piknikə də apara bilərsiniz.

Mərci salatı üçün lazım olan ərzaqlar (2 nəfərlik üçün ):

– Yarım stəkan yaşıl mərci
– Yarım stəkan konservləşdirilmiş qarğıdalı dənələri
– 1 stəkanın ¾ hissəsi xırda makaron çeşidi (mən ulduz formasında olandan istifadə etdim)
– 2-3 təzə xiyar
– Cəfəri və göy soğan
– 1 ədəd limon və 3-4 yemək qaşığı zeytun yağı
– Duz və istiot

Hazırlanması:

Yaşıl mərcini suda bişirin. Mərci tam bişməlidir, ancaq vaxtını ötürməyin, əzmə halına dönməsin, ən sonda duz əlavə edin və bir müddət soyumasını gözləyin. Makaronu duzlu suda bişirin. Onun da həmçinin vaxtını ötürməyin, hətta məsləhət görərdim makaronu italyanlar demiş – “al dente” bişirəsiniz. Təzə xiyarı xırda kublar şəklində doğrayın, həmçinin göy soğan və cəfərini də xırda doğrayın. Bişən mərci və makaronun suyunu süzün, geniş bir qaba tökün. Bura doğranmış göyərtini, xiyarı və konservləşdirilmiş qarğıdalı dənələrini (suyu süzülmüş) əlavə edin. Daha sonra ehtiyatla, ərzaqları əzmədən qarışdırın. Demək olar ki, salatımız hazırdır. Bu halda siz salatı üstünə streç çəkib soyuducuda bir müddət də saxlaya da bilərsiniz.

Salatı süfrəyə təqdim etdiyiniz zaman üstünə yarım limonun suyunu sıxın və arzuya görə 3-4 yemək qaşığı zeytun yağı gəzdirin.

Nuş olsun!

 

Hazırladı: Mehriban Məmmədova
 

https://azerifoodie.blogspot.com 
Instagram: @azerifoodie

 

 

Şərhlər

Menyu