Dördgöz. Ofisin dəbli eynəkliləri.


 

Eynək taxmaq hər zaman dəb göstəricisi hesab edilməyib və onlar uzun müddət təhlükəsizlik, sağlamlıq məqsədilə istifadə edilib. Eynəklərin moda dünyasına gəlişi isə o qədər də bəsit olmamışdır. Dəbli aksessuar olaraq yalnız 20-ci əsrin əvvələrindən moda sənayesinə girməyə başlayan optik eynəklərin bu zamana qədər görüntünü pozduğuna, dəbdən uzaq, estetik olmayan, zəif və yaşlı insan obrazı canlandırdığına inanılırdı.

Lakin bu stereotiplərdən hal-hazırda əsər-əlamət qalmayıb. Belə ki, indi özünəməxsus görüntü əldə etmək, hətta müxtəlif geyim tərzlərini tamamlamaq üçün optik, bəzi hallarda isə optik görünüşlü sadə eynəklərdən çox istifadə olunur. Eynəyi mühafizəkar obrazından çıxarıb moda dünyasının ən öndə gedən detallarından birinə çevirdiyi üçün isə ən böyük təşəkkürü GUCCI-yə borcluyuq. Bir neçə ildir GUCCI qızlarıyla qarşımıza çıxan optik eynəklər olduqca populyarlıq qazanıb. Xüsusilə, “aviator” modellər küçə modasına, daha sonra ofislərdəki işgüzar və dəbli xanımlara ilham qaynağı olub.

Məlumdur ki, işgüzar xanımlarda eynəklərə daha tez-tez rast gəlinir. Lakin onlar eynək seçərkən nəzərə almalıdırlar ki, geyim tərzinə və üz quruluşuna uyğun eynək seçilərsə, istər iş həyatında, istərsə də gündəlik geyimdə şıq görüntü əldə etmək mümkündür.

 


 

Qeyd etdiyimiz kimi geyim tərzinə uyğun eynək seçilərsə, komplekslərdən qurtulmaq, öz tərzimizi yaratmaq mümkündür. Eynək seçərkən öncəliklə onun çərçivəsinin əhəmiyyətini nəzərə almalıyıq. Romantik, modabaz, rahat, çılğın.. Seçimlərimiz vasitəsilə ən müxtəlif obrazlara bürünə bilərik!

Əgər ofisdə daha rahat və sport-şık üslubundakı geyimlərə üstünlük verənlərdənsinizsə, qalın və tünd rəngdəki çərçivəli eynəklər sizlər üçün idealdır. Lakin bu tip qalın çərçivəli eynəklər daha çox soyuq aylar üçün, qara və boz tonlardakı kombinlərə uyğundur. Zərif çərçivəli, kiçik, düzbucaqlı formaya malik eynəklər adətən 30-35 yaş və üstü insanlara daha çox yaraşır və bu kimi eynəklər hər geyim növünə uyğunlaşaraq sadə və “işgüzar” təsir bağışlayır. Məşhur “Ray-ban” dizaynı kimi tanıdığımız nisbətən ürək şəkilli eynək modelləri əsasən gənc xanımlar tərəfindən istifadə olunur və xüsusən, yay aylarında şıltaq və canlı görünüş əldə etməyə kömək edir.
“Aviator” eynəklər isə son zamanların ən bəyənilən və dəbli xanımların daha çox seçim etdiyi modeldir. Bu eynəklərlə ofis luklarınız tərzli və modern ab-havaya bürünə bilər.

Bütün bunlarla yanaşı bir detalı da vurğulamaq istərdik. İstər optik eynəklər, istərsə də gün eynəkləri olduğundan asılı olmayaraq, onları gecə və ziyafət geyimlərində istifadə etmək məsləhət görülmür. Əgər görmənizdə ciddi qüsurlar varsa, bir gecəlik optik linzalardan istifadə etməyi tövsiyə edirik.

 
 

Hazırladı: Nərmin Həsənli

 
 








 
 

Şərhlər

Menyu