“Bizimlə az zamanda deyil, düzgün yolla və həmişəlik arıqlayacaqsınız” – İNCƏBELLİ Arıqlama mərkəzinin rəhbəri Nigar İbadzadə.

 
 

Müasir dövrdə gözəl bədən quruluşuna malik olmaq bütün xanımların arzusudur. Sağlam gözəllik isə ona doğru irəliləmək üçün ideal bir məqsəddir. Necə deyərlər – “Sağlam bədəndə sağlam ruh”.

Lakin, hər kəs razılaşar ki, sağlam və formada olmağın sirri yalnız idman deyil, bütövlükdə düzgün həyat tərzidir. Sağlam həyat tərzi ruhunuzu canlandıracaq, daxili gözəlliyinizi isə xaricə çıxaracaq bir gücə sahibdir. İstədiyimiz nəticəyə nail olduqda isə xoşbəxtliyin sirrini əldə etmiş oluruq.

Daxili və xarici görünüşümüzdə balansı tapmaq üçün bəzən özümüzü mütəxəssislərin əlinə həvalə etməyimiz yetərlidir. İşgüzar və ya evdar qadın olmağnızdan asılı olmayaraq, peşəkar əllərdə tez bir zamanda gözəl və sağlam görünüşə sahib ola bilərsiniz. Hal-hazırda şəhərimizdə fəaliyyət göstərən bir çox sağlamlıq mərkəzləri arasında “İNCƏBELLİ” Arıqlama Mərkəzi gözə çarpacaq dərəcədə seçilir. Yeni fəaliyyətə başlamış bu mərkəzi digərlərindən fərqləndirən bir çox xüsusiyyətləri mövcuddur.

“İNCƏBELLİ” ölkəmizdə çəki azaltmanın fərdi yanaşma ilə tətbiq edilməsi üzrə ilk mərkəzdir. Burada dietoloq konsultasiyası, fərdi yanaşma ilə hazırlanmış xüsusi pəhriz proqramları, sizin üçün seçilmiş proqramı üzrə hazırlanan yeməklərin, şirniyyatların ünvana çatdırılması, təkrarolunmaz effektə malik fitnes, pilates, rəqs məşğələləri kimi xidmətlər ən yüksək səvittədə təqdim edilir. Bundan əlavə, sağlamlığının və gözəlliyinin qeydinə qalan xanımlar mərkəzdə pəhriz kafesi, masaj və kosmetoloji xidmətlərdən də yararlana bilirlər.

İNCƏBELLİ” Arıqlama Mərkəzinin spesifik xüsusiyyətləri və əsas xidmətlərindən, sağlam həyat tərzi və gözəlliyin sirləri haqda mərkəzin direktoru Nigar İbadzadə ilə ətraflı söhbətimizdə tanış ola bilərsiniz.

 


 

– Nigar xanım, ölkəmizdə arıqlama prosedurlarının hamısını özündə cəmləşdirən ilk kompleks sayılan “İNCƏBELLİ” Arıqlama Mərkəzinin yaranma tarixçəsini necə xatırlayırsınız?

– Hər şey bizim özümüzün arıqlamağımızdan başladı. Uzun zaman boyunca heçkimin dəstəyi və rəhbərliyi altında olmadan bloqlar, xarici ədəbiyyat oxuyub, çoxlu sayda məlumatlar topladıq. Nələri yemək olar deyə axtarır, ac qalır, pəhriz qidası sifariş edir, fitnesə gedir və uğursuz çəki azaltma halları haqda oxuyurduq. Uğursuz arıqlama iki yolla – maddələr mübadiləsinin tamamilə dayanıb, bu səbəblə orqanizmin öz strateji piy ehtiyatını heç bir halda əritmədiyi və maddələr mübadiləsinin orqanizmin qidanı qəbul edə bilməyəcəyi dərəcədə sürətləndiyi, nəticədə isə anoreksiyanın yarandığı hallarda baş tutur. İnsan orqanizmi çox mürəkkəb bir mexanizmdir. Arıqlamaq haqda “üç gün ac qalaram, arıqlayaram” deyə düşünmək yanlış fikirdir, sağlamlıq üçün isə bunun aqibətləri gözlənilməzdir. Beləliklə, biz olduqca kalorili və zəngin mətbəxə sahib olan ölkəmizdə nə üçün artıq çəkili insanların (əsasən də, qadınların) çox olması və arıqlama prosesi üçün kompleks yanaşma olmaması haqda dolğun məlumatlar əldə etdik. Ayrı-ayrılıqda, savadlı məşqçiləri olan fitnes klublar, pəhriz qidası çatdırılması, klinikalarda dietoloqlar mövcuddur, lakin bütün bu xidmətlərin bir arada, kompleks şəkildə təklif edildiyi bir yer yoxdur deyə öyrəndik və qərara gəldik ki, həmin mərkəzi biz açaq.
Araşdırdıqca kəşf etdik ki, Azərbaycanda artıq çəki eyni zamanda zənginlik əlamətidir və əvvəllər mövcud olan düşüncələrə əsasən kilolu xanımların yoldaşları tərəfindən daha yaxşı baxıldığına inanılır. Əgər xanim 90 kiloya çatmırsa qohumlar “Sən xəstələnmisən” deyə rəy bildirirlər.

 


 

– Mərkəziniz hansı arıqlama fəlsəfəsini əsas götürərək proqramlar hazırlamışdır? Hansı metodologiyanın tərəfdarısınız?

– Mən hətta deyərdim ki, biz, sağlam həyat tərzi mərkəziyik. Sonda bizim müştərilərimiz sağlam həyart tərzi haqda ən dəyərli bilikləri və yalnız özlərinə deyil, hətta öz ailələrinə, sevdiklərinə və yaxınlarına tətbiq edə biləcəkləri vərdişləri əldə edirlər. Mərkəzimizə ziyarət yalnız SPA salona ziyarət deyil, xidmətlərimiz olduqca keyfiyyətlidir və həyatınızı dəyişdirə biləcəyimizə inanırıq. Çünki, biz hamımız sağlam və gözəl olmaq, çox yaşamaq arzusundayıq. Bizim “İNCƏBELLİ” olaraq dəbdə olan bir xüsusiyyətimiz və qışqıran adımız yoxdur. Biz, sadəcə, sizin orqanizminizi çəki itirməsi və ya sağlam metodlarla formaya girməsinə necə vadar edəcəyimizi bilirik.

– Əsas aparıcı xidmətləriniz hansılardır? Sizi kompleks edən hansı xidmətlərinizdir?

– Bizim əsas istiqamətimiz çəki azaltmasıdır. Bizim mərkəzimizdə bunun üçün lazım olan hər bir şərairt var. Məsələn, siz arıqlamaq qərarına gəlmisinizsə, bunun üçün nə edərsiniz? Dietoloq yanına gedir, fitnesə yazılır və toyuğun döş ətini qaynatmağa başlayır və bəlkə də, 10 seans masaja da yazılıb, asan olsun deyə özünüzlə rəfiqənizi də götürürsünüz. Bizdə bunların hamısı və hətta, sakitləşdirici mühitdə rəfiqənizlə söhbət etməniz üçün yerimiz də var. Qsacas, heç bir şey haqda düşünməyin, sadəcə bizə güvənin.
 


 

– Bildiyimiz kimi, xanımların güvənini qazanmaq olduqca çətin işdir. Bəs, xanımların sizə güvənmələri üçün ilk növbədə hansı işləri görürsünüz?

– İlk növbədə, müxtəlif seçim mərhələlərindən keçmiş professional işçi heyyəti, xoş və rahat mühit. Biz işgüzar xanımlar evdə və işdə o qədər məşğul oluruq ki, klinikada dietoloq yanına girmək üçün növbədə gözləmək, tanınmış insanlarla dolu fitnes kluba getmək istəmirik və özümüz üçün yemək bişirməyə belə vaxtımız olmur. Əminəm ki, oxucular məni başa düşər. Biz özümüzü sanki evdə hiss edirmiş kimi xoş və rahat mühitdə xidmət istəyirik. Biz mərkəzimizdə qadınlarımıza fərdi yanaşma təklif edirik, çünki, biz hamımız fərqliyik və çəki azaltma planı fərdi tətbiq edilir. Çünki, eyni məhsullar müxtəlif insanlara müxtəlif cür təsir edə bilər.

 

– İncəbellinin digər mərkəzlərdən fərqi nədir? Hansı spesifik xüsusiyyətlər onu daha üstün edir?

– Bizi xüsusi edən bizim səmimi və gerçək olmağımızdır. Bizim bütün proqramlarımız orqanizmin təbii proseslərinə əsaslanır. Və əlbəttə ki, prosesə kompleks yanaşma. İncəbellidə xüsusi fəlsəfə və atmosfer var. Biz insanların həyat tərzlərini onları daha sağlam, daha gözəl və əlbəttə, daha xoşbəxt edərək dəyişirik. Hər bir özünə güvənən qadın enerji ilə doludur və ətrafındakı hər şeyi gözəlləşdirir.
 


 

– Sağlam qidalanma və idman. Mərkəz olaraq xanımların rahatlığı üçün başqa hansı xidmətlər təqdim edirsiniz?

– Bizim mərkəzimizdə kosmetoloq, lazer epilyasiya otaqları və  ideal bədən yolunda göstərdiyiniz səylərinizə görə özünüzə masaj hədiyyə edə biləcəyiniz masaj otağı, eyni zamanda da mərkəzdəki ən sevimli yerim – pəhriz kafesi var. Orada siz öz həmfikirlərinizlə təcrübələrinizi bölüşə, ləzzətli pəhriz desertləri ilə çay içə, təzə smuzi və ya yeni sıxılmış şirələri ilə təravətlənə bilərsiniz. Bütün əlavə xidmətlər xanımlarımızın rahatlığı üçün düşünülüb.

– Mərkəzi açarkən onun məhz hansı xanımlara xidmət göstərdiyini düşünərək konsepti hazırlayırdınız?

– Mərkəzimizdə biz bütün qadınlara kömək etmək istəyirik: işgüzar qadınlara, evdar qadınlara, analara. Hər bir qadının sağlam və gözəl olma haqqı var, bu onun əsas missiyasıdır. Biz qadının rolunun olduqca böyüdüyü və ondan çox şeyin asılı olduğu, xəstə və ya baxımsız olmağa belə haqqı olmadığı bir dövrdə yaşayırıq.
 


 

– İncəbellinin ən çox diqqət çəkən və özünəməxsus cəhətlərindən biri də pəhriz yeməklərinin ünvana çatdırılması xidmətidir. Sizcə bu xidmətin müştərilərə əsas faydası nədir?

– Əsas fayda vaxt qənaətidir. Bundan əlavə, menyumuz da çox çeşidli və müxtəlifdir. Biz istəmirik ki, arıqlayarkən qadınlar özlərini məhdudlaşdırılmış hiss etsinlər. Bu səbəbdən biz onlara yeməkdən həzz almaq və zövqlə arıqlamağa imkan verən püstə mussu, klyar içində krevetlər, küncüd ilə döş əti kimi ləziz yeməklər bişirir və ünvanlarına göndəririk.

– Xanımların əksəriyyəti arıqlamağa gedən yolun ac qalmaqdan keçdiyini düşünür. “İNCƏBELLİ”-nin pəhriz yeməkləri isə olduqca ləzətli və iştahaçan görünür. Dietik fast fud, “snack” və ya şirniyyatlarınız haqda bizə də danışın.

– Bu mənim ən sevimli mövzumdur. Dietik fast fud budur: tam buğda çörəyinin üzərinə tuna, nazik kəsilmiş pomidorlar və qaynadılmış yumurta qoyub, üzərinə də kiçik cəfəri budaqcığı əlavə edirsən və budur – həyat gözəldir! Əslində, düzgün, dadlı və doyunca yemək utopiya deyil və dietik “snack” və fast fud variantları çoxdur. Şirniyyatlar bizdə iki cürdür – biri dietoloq tərəfindən fərdi olaraq yazılır və evinizə pəhrizinizin bir hissəsi kimi çatdırılır, ikincisi isə dietoloqunuzun xəbəri olmadığı (zarafat). Siz onları pəhriz kafemizdən sifariş edə və çox rahat bir şəkildə dada bilərsiniz. Onu da qeyd etmək istərdim ki, artıq çəki eyni zamanda bolluq əlamətidir və əvvəllər mövcud olan düşüncələrə əsasən kilolu xanımların yoldaşları tərəfindən daha yaxşı baxıldığına inanılır.
 

 

– Uğurlu kilo itirmə prosesi necə həyata keçirilir və nə qədər müddət davam etməlidir?

– Bu çox fərdidir. Hər halda “İNCƏBELLİ” sürətli çəki azalmasının, aclığın əleyhinədir. Çünki, bu immun sistemini zəiflədir. Oxucularımız üçün bunu vurğulamaq istərdim ki, siz bizimlə tez bir zamanda deyil, düzgün və həmişəlik arıqlayacaqsınız. “İNCƏBELLİ” bir pəhriz yox, həyat tərzi vəd edir. Adətən, sağlamlıq üçün təhlükəsiz çəki azalması həftədə 1-1,5 kq-dır. 500 kaloridən artıq olmayan kalorilər defisiti yaratmaq lazımdır. Məsələn, əgər sizin orqanizminizə gündə 2000 kalori lazımdırsa, arıqlamaq üçün siz 1500 kalori qəbul etməlisiniz, lakin, bu zaman fiziki ağırlığı, həyat tərzini və yaşı da nəzərə almaq lazımdır.

– Son zamanlar sağlam həyat tərzinin trendləşdiyi və cəmiyyətdə ona doğru bir istiqamət hiss edilir. Siz bunu necə dəyərləndirirsiniz?

– Çox müsbət. Bu sahə Azərbaycanda ən az inkişaf etmiş sahələrdən biridir və mən burada olduğum üçün çox məmnunam. Azərbaycan möhtəşəm bir mətbəxə, unikal və ləziz dadlara sahibdir, bunun üçün də hərdən tamahdan imtina etmək çox çətin olur. (Özümdən bilirəm) Lakin yemək vərdişlərimiz piylənməyə və sağlamlıq problemlərinə gətirib çıxarır, bunun üçün də öz sağlamlığını və gözəlliyini qaytarmaları, onları qoruyub saxlamaları üçün qadınlarımıza dəstək və yardım lazımdır. Bədənimiz üçün sevimli yeməklərimizdən başqa yollarla həzz almaq da mümkündür. Məsələn, badımcan dolmasını sobada bişirmək kimi.
 

 
“İNCƏBELLİ”-dən öncəki həyatınızla, indiki arasında hansı fərqlər yaranıb? Sağlam həyat prinsipinə özünüz nə dərəcədə əməl etməyə çalışırsınız?

– Yuxarıda da qeyd etdiyim kimi, mən bu həyat tərzinə özüm, peşəkar köməyim olmadan, “İNCƏBELLİ”-dən əvvəl gəldim və 5 kq arıqladıqdan sonra çəki azalmam dayandı. İndi qalan 1-2 kq-ı atmaqda isə dietoloqumuz Səidə xanım mənə kömək edir. Ümumi prinsiplərdən qeyd edə bilərəm ki, mən “clean eating”-ə əməl edirəm və mənim alış-veriş siyahımda ancaq tərkibini bildiyim məhsullar var. Mənim ailəm də buna əməl edir. 6 yaşlı böyük oğlum könüllü olaraq şəkər yemir, ona sadəcə şəkərin orqanizmə necə təsir etdiyi videolar göstərmişik. Biz çox saylı sağlam həyat tərzi mövzusunda ədəbiyyat oxuyuruq, evdə fitneslə məşğul oluruq. Mərkəzin açılışından bəri, mən bizim gözəl və öz işinin peşəkarı olan məşqçimiz İnaranın yanına pilatesə gedirəm, çoxlu su içirəm, hər səhər plankada dururam. Rekordum isə 3 dəqiqədir. Bu fitnes ulduzlarını təəcübləndirməsə də, mənim məşğulluğunu nəzərə alsaq, bunun yaxşı nəticə olduğunu düşünürəm.

– Çəkimizi balanslı tutmağımız üçün yay fəsli üçün bilməyimiz vacib olanlar nələrdir?

– Yay meyvə və tərəvəzlər mövsümüdür. Öz rasionunuzu elə qurun ki, 70% yedikləriniz arasında çiy tərəvəz və meyvələr olsun. Qazsız təmiz su için, kalori içməyin – şirin qazlı içkilərdən uzaq olun, aktiv olun, dənizdə üzün, səhərlər qaçın və əlbəttə ki, planka.
 

 
 “İNCƏBELLİ”-nin müşahidələrinə əsasən yerli insanlarımızın qidalanma mövzusundakı ən böyük xətaları hansılardır?

– Mütəmadi qəbul edilən karbohidratlar (ağ undan hazırlanmış çörək, şəkər) və böyük porsiyalar. Həmçinin, oturaq həyat tərzi və çay mərasimləri.

– Xanımlar üçün İNCƏBELLİ-də daha hansı yeniliklər olacaq? Gələcək planlarınızdan bəhs edə bilərsinizmi?

– Bizim xanımlar üçün bir çox planlarımız var. Tezliklə, biz Səyyar “İNCƏBELLİ” xidmətinə başlayacağıq. Bu, evdən hər hansı bir səbəbə görə çıxa bilməyən qadınlar üçün səyyar xidmətdir. Həmçinin, rəfiqəsi ilə arıqlayan xanımlar üçün də aksiyalarımız  olacaq.

– “Zuleykha” oxucularına sağlam orqanizm və gözəl bədənə sahib olmaq üçün elə bu gün tətbiq edə biləcəkləri 3 tövsiyyəniz nə olar?

1. Vaxtında yatın. Minimum halda, gündə 7 saat yatın. Yuxu çatışmamazlığı zamanı leptin hormonu (iştaha cavab verən) səviyyəsi azalır və beyin aclıq siqnalı göndərir. 2. Çoxlu təmiz su için. 3. Piyada gəzin.
 


 
 

 Hazırladı: Şəbnəm Mikailova
Foto: Nəriman Ruslanoğlu

 

Şərhlər

Menyu