Yerli brend ZAHRA-nın dəb tendensiyaları ilə ayaqlaşan kolleksiyası.

 

 
 
ZAHRA adlı yerli gənc brendin sahibəsi Vüsalə İldırımzadə markanın yaranma tarixçəsindən söhbət açarkən durmadan dəyişən dəb aləmində sonsuz sayda yeni kolleksiyaların yaranmasına baxmayaraq, hicablı xanımlar üçün geyim seçiminin hələ də məhdudiyyətlərlə üzləşdiyini qeyd etdi. Məhz elə bu səbəb yerli markanın yaranmasına təkan olmuşdur. Lakin o qeyd edir ki, onun məqsədi yalnız hicablı xanımlar üçün deyil, brendi eləcə də hər bir xanımın qarderobunda yer alacaq məhsullar istehsalatına yönəltməkdir.

Eləcə də, o brendinin adını seçməkdə də çətinlik çəkmədiyini bildirir. Dizaynerin öz balaca qızının adını daşıyan yerli brend hal-hazırda sosial şəbəkələrdə də diqqətlərdən yayınmır.

O uşaq yaşlarından öz gəlinciklərinin paltarlarını özü tikir. O dövrlərdə eyni zamanda toxuculuq kurslarına gedən, müxtəlif incəsənət sahələri ilə yaxından maraqlanan dizayner sonralar istiqamətini dəyişərək BDU-nun Hüquq fakultəsində təhsilini davam etdirmişdir. Öncəliklə sadə türbanlar tikməklə başlayan və hal-hazırda fəaliyyətini olduqca genişləndirən dizayner hal-hazırda University of the Arts London-da təhsil alır və ZAHRA-nın Azərbaycan brendi adı altında tanınması, tərəqqisi üçün əməyini qoyur.
 


 

ZAHRA brendinin auditoriyası yalnız hicablı xanımlar deyil. Brendin çox  qısa zamandır fəaliyyətə başlamasına baxmayaraq, xanımlar arasında türban trendinin olduqca yayılıb sevilməsi ZAHRA-nın da öz yolunda irəliləməsinə və öz alıcısının formalaşmasına səbəb olmuşdur.

Lakin brend yalnız hicabların dizaynı və istehsalı ilə məşğul olmaqla kifayətlənmək istəmir. “Mənim hədəfim yalnız zövq oxşayan türbanlar deyil, mən ZAHRA brendi çərçivəsində bənzərsiz, unikal və maraq doğuran abayalar, xalatlar, müxtəlif üst geyimlər və s. ərsəyə gətirmək istəyirəm. Hətta bu hədəflərimdən artıq bir neçəsi reallaşıb və satışa çıxarılıb.” – deyən brendin sahibəsi gələcəkdə daha da keyfiyyətli məhsullar ərsəyə gətirən və xanımlara daha çox seçimlər təklif edə bilən brendə çevrilməyin hədəflərindən biri olduğunu vurğulayır.
 

Hazırladı: Nailə İskəndərova
Instagram: zahra__world

 












 
 

Şərhlər

Menyu