Arzu Hüseynovanın Los- Ancelesdə “Auzzy” ilə yaratdığı miraj..

 

 
 

Əslən Azərbaycanlı olan Arzu Hüseynova Amerikada dizayner kimi fəaliyyət göstərir. Öz arzusu uğrunda uzun yoldan keçmiş dizayner şəxsi markasını yaratmağa və Azərbaycanı dünyada layiqincə təmsil etməyi özünə hədəf seçmişdir.

Hal-hazırda Los-Ancelesdə yaşayan modelyer “Auzzy” brendi ilə artıq bir çoxları tərəfindən tanınır və sevilir. Dediyinə görə, Şərqin öz ab-havasını və təkrarolunmaz möhtəşəmliyini geyimlərində yansıtmaq Arzu üçün bir missiyadır.

Bu yaxınlarda şıltaq üslub həvəskarı olan dizayner “Burning man” adlı dünyanın ən məşhur və yaradıcı festivallarından birindən ilhamlanaraq “Miraj” kolleksiyasını ərsəyə gətirmişdir.  “Kolleksiyanın adı Mirajdır. Mən burada Şərqi və onun rənglərini bütün incəliyi və zərifliyi ilə yansıtmaq istədim”, deyə Arzu bildirir.

 

 

Dizayner kolleksiyanı yaratmazdan öncə festivalı bir müddət araşdırdığını və burada rast gəldiyi şıq, bənzərsiz libaslara, hippi, hind və s. tərzlərdəki geyimlərə heyran qaldığını deyir. Əlvan rəngləri və koloritli ab-havası olan geyimlərdən ibarət kolleksiyada Qafqaz nişanəsini xatırladan məşhur kürklər də yer alıb. Dizaynerin iki ay içində doqquz libas və iki xəz palto ortaya çıxardığı geyim xəttinin nümayişi də olduqca cəsarətli və iddialı olmuşdur.

Səhrada temperatur gecə həddən artıq aşağı düşdüyü üçün Burning Man kombinləri adətən gecə və gündüz versiyalarına bölünürlər. Kolleksiyanın daxilindəki kontrastlıq da məhz bununla əlaqədardır. Fotosessiya üçün isə məşhur Coachella festivalı da daxil olmaqla, hər il müxtəlif şənliklərin təşkil edildiyi X Səhrası seçilmişdir. Ümumən sirrli qadın obrazını əks etdirən kolleksiya, sanki Şərq ilə Qərbi bir nöqtədə kəsişdirir.
 

Hazırladı: Şəbnəm Mikailova
Foto: Sana Nodelman

 
 




 
 

Şərhlər

Menyu