Zəhmətkeş analar. Iradə Qədirovanın fotoları “Qazaxda 3 gün” tədbirində sərgiləndi.


 

Səmimiyyət, təbiilik və doğmalıq. Səyyah-fotoqraf İradə Qədirovanın fəaliyyətini bu 3 ifadə ilə əks etdirmək yetməz.

33 yaşlı fotoqraf 2015-cı ildən bəri Azərbaycanın müxtəlif bölgələrini maraqlı layihələr çərçivəsində gəzir və gördüyü ən güclü səhnələri kadra alır. “Azərbaycan kəndləri”“Yurdumun gözəl insanları” kimi layihələri ilə sosial şəbəkələrdə çoxları tərəfindən tanınan fotoqraf regionlar üzrə səyahəti zamanı zəhmətkeş və fədakar qadınları fotokamerasına tuş gətirərək ən canlı və təsirli baxışları ölümsüzləşdirə bilmişdir.

Bir layihə üzrə yola düşdüyü zaman, yolda olduğu müddətdə gördükləri və yaşadıqları sayəsində o layihədən kənarlaşaraq fərqli ideyalara doğru üz tuta bildiyini qeyd edən fotoqraf qadınlarla bağlı layihəsini də bu səpgidən sayır. Ümumi bölgələrin insanları üçün nəzərdə tutulmuş “Yurdumun gözəl insanları” layihə çərçivəsində  yaranan bu fikir isə olduqca diqqətəlayiq və güclü bir işin sərgilənməsinə səbəb olmuşdur.

“Azərbaycan qadını qarşısında baş əyməkdən başqa bir mənəvi durum qalmır. Bu şəkillər isə bu və ya digər dərəcədə onu göstərməkdədir. Onlar daim məşğul olduqları bu işlərlə yanaşı, həm də ailənin qayğısına qalır və bir dəfə olsun həyatlarından narazıçılıq dilə gətirmədilər.” deyə İradə Qədirova layihəni belə şərh edir.
Fotoqraf fotoşəkillərinin bir qismini Qazaxda təşkil edilmiş “Qazaxda 3 gün” tədbirində sərgiləmişdir.
 
 

Hazırladı: Nailə İskəndərova
 
 















 







Şərhlər

Menyu