“Print on print” üslubu. Kontrastdan yaranmış ahəng.


 

Moda dünyasının son illərdəki trendlərinin əsasında fosforlu və parlaq rənglər, zərli materiallar, qrafik və asimmetrik silüetlər, geometrik, qarışıq və rəngarəng printlər kimi iddialı komponentlər dayanır. Bəs, bu qarışıqlıqda, parlaq rənglərin qarmaqarışıq dünyasında dəbə uyğun və tərzimizi bəlli edəcək kombinlər ortaya çıxarmaq üçün nə etməli?

Haqqında bəhs etdiyimiz print on print trendi uzun zamandır ki, mövcudluğunu qorumaqdadır. Geometrik, zolaqlı, damalı, floral, leopard kimi iddialı printlərlə bəzənmiş geyimləri bir araya gətirmək bəzilərimiz üçün fantastik səslənsə də, əldə edəcəyiniz nəticə sizi heyran edəcək. Trendlə ayaqlaşmağı ilk dəfə yoxlayan xanımlar bir qədər çətinlik çəkə bilərlər. Lakin bir sıra qəlibləri yox etmək, xəyal gücünüzü işə salaraq əldə etdiyiniz informasiyalar vasitəsilə podiumdakı modellərə bənzər tərzlər yarada bilmək öz əlimizdədir.

Lakin fərqli naxış və printləri bir arada geyinmək və kontraslıqdan ahəng yarada bilmək olduqca çətin və cəsarət tələb edən işdir. Əgər bacara bilməsəniz ortaya dəbdən uzaq, zövqsüz və heç də xoş olmayan görüntü çıxa bilər. Lakin ustalıqla bir araya gətirilmiş printlərin bəxş etdiyi harmoniyanı heç bir detal əvəz edə bilməz.
 
 

FƏRQLİ PRİNTLƏRİN BİR-BİRİNİ İZLƏMƏSİ.
 
Fərqli printləri qarışdırarkən yaradacağınız kiçik bir davamlılıq sayəsində kombininiz qarmaqarışıqlıq deyil, uyğunluq təşkil edəcək. Məsələn, köynək və ətəyin naxışları bir-birindən tamamilə fərqləndikdə, köynəkdəki naxışın eynisi ətək və ya şalvarda da davam edə bilər. Bu ardıcıllıq yuxarıdan aşağıya davam edən nizamlı illüziya effekti yaradaraq gözləri yormur.

 
 

 EYNİ PRİNTİN FƏRQLİ VARİASİYASI
 
Daha risksiz print kombinləri tək bir printə sadiq qalmaqla yaradılan kombinlərdir. Seçdiyiniz naxışın fərqli və kontrast rənglərini, müxtəlif teksturalarını və ya fərqli ölçülərini istifadə edərək risksiz, lakin yenə də bənzərsiz luklar əldə edə bilərsiniz.

 
 

EYNİ RƏNG PALETİNDƏ FƏRQLİ PRİNTLƏR
 
Bir-birindən fərqli printləri eyni rəngin tonlarında istifadə edərək bir çox qarışıq naxışı rahatlıqla harmoniya halına gətirə bilərsiniz. Məsələn, gül-çiçək printləri və damaları eyni rəng tonunda kombinləyin və unikal teksturalı luklarınız bu yay öz sözünü desin.

 
 

  ƏSAS RƏNG SEÇİMİNƏ DİQQƏT!

Printlərlə yaratdığınız kombinlərdə istofadə etdiyiniz əsas rəng seçiminə də diqqət yetirməniz gərəkdir. Neytral rənglər başlanğıc üçün ən risksizidir. Naxışları kombinləmək bacarığınızı inkişaf etdirdikcə daha canlı və parlaq rənglərə keçid ala bilərsiniz. Qara isə neytral və klassik bir rəng olmasına baxmayaraq, istifadə olunduğu kombinlərdə dominant xarakter daşıdığı üçün onu tək başına, naxışsız formada istifadə etmək daha məqsədə uyğundur.

 
 

Hazırladı: Nailə İskəndərova

 














Şərhlər

Menyu