Rena Osmanın Bloqu | Şri-Lankaya səyahətimdən 10 maraqlı fakt


 

Cəmi bir həftədir ki, son səyahətimdən qayıtmışam və təəssüratlarım köhnəlməmiş onları bölüşmək lazımdır deyə düşündüm.

Bu dəfə üzümü tutdum azərbaycanlı turistlər arasında o qədər də məşhur olmayan, lakin məşhurlaşmağa tam haqqı olan Şri-Lankaya, daha dəqiq desəm Şri-Lankanın şimalında yerləşən Kalpitiya şəhərinə. Qeyd etməliyəm ki, Kolomboda (ölkənin qeyri-rəsmi paytaxtı) cəmi 12 saat keçirdiyim üçün, müşahidələrimin hamısı Kalpitiyada gördüklərimə əsaslanır. Beləliklə, bir həftə ərzində mənə ən çox maraqlı gələn və yadımda qalan xatirələrimi təqdim edirəm.

  NƏ ÜÇÜN ŞRİ- LANKA?
 

 İlk öncə növbəti səfərim üçün məhz Şri-Lankanı seçməyimin səbəbi haqqında danışım. İş burasındadır ki, səfərim uzun müddət əvvəldən planlanmadığı və spontan olduğu üçün mənə asan yolla gedə biləcəyim ölkə lazım idi. Türkiyə, Gürcüstan və Rusiya kimi qonşularımızda da dəfələrlə olduğum üçün daha qeyri-adi və yeni bir yer istəyirdim. Uzun sözün qısası, Google-da Azərbaycandan vizasız gediş-gəlişli ölkələrin siyahısını tapdım və qısa sürən götür-qoydan sonra seçimimi keçmiş Seylon adasından yana etdim. Azərbaycan vətəndaşları Şri-Lankaya vizasız səyahət edə bilərlər, daha doğrusu miqrasiya idarəsinin rəsmi saytında (https://eta.gov.lk) onlayn müraciət forması doldurulmalı və 35$ rüsum ödənişi olunmalıdır. Bundan sonra elektron ünvanınıza təsdiq məktubu gəlir. Bu məktubu da hava limanında göstərirməyiniz ölkəyə giriş üçün kifayət edir.
 
 

CƏMİYYƏT

Əsas daxili gözəllikdir. Kalpitiyanın sakinləri o qədər mehriban və ünsiyyətcildirlər ki, söhbətə başlayan kimi üz cizgilərindəki qüsurlar gözdən itir. Uşaqdan tutmuş böyüyə qədər hamısı küçədə gedən turisti salamlayır, hardan gəldiyini, kim olduğunu soruşur. Hətta bir dəfə məktəbin yanından yolumuz düşəndə şagirdlər bizi içəri daxil olub, dərslərin necə keçdiyinə baxmağa dəvət etmişdilər. Nə yalan deyim, qayıdanda otelin personalı və tanış olub dostlaşdığımız bir neçə qonşu üçün darıxırdım bir az.
 
 

UŞAQ VAXTI İZLƏDİYİNİZ HİND FİLMLƏRİ YADINIZDADIR? 

O filmlərdə sevgililərin ağacların arasında mahni oxumasından əlavə, digər olmazsa-olmaz səhnələrindən biri də mütləq içi sərnişinlə dolu maşın və avtobusların işıq sürətilə toz-torpaqlı yollarda hərəkət etməsi idi. Mən Şri-Lankda hər dəfə nəqliyyatdan istifadə edəndə özümü o hind filmlərinin içində hiss edirdim. Birincisi, nəqliyyat vasitələrinin (avtobus, qatar) qapıları olmur, olsa da bağlanmır. Lakin “qapımız” olmasa da, pəncərələr hamsı “reşetkalıdır”. Yəqin bu sürətlə hərəkət edən avtobusdan adamların bayıra fırlama ehtimalının yüksək olduğunu özləri də anladıqları üçün tədarüklü davranırlar.
 
 

ÜÇ TƏKƏRLİ TAKSİ 

Nəqliyyatdan söz dümüşkən, ilk dəfə və hələ ki yalnız Şri-Lankada üç təkərli və qapı-pəncərəsi olmayan taksiyə minmək qismət oldu. Belə avtomobillər orda “tuk-tuk” adlanır və həddən artıq çoxdur. Tuk-tuklar həm taksi kimi, həm də şəxsi avtomobil kimi istifadə olunur. Hansı surətlə sürüldüyü haqqında şərhə yəqin ki, ehtiyac yoxdur. Onu deyim ki, tuk-tukun qiyməti o qədər də baha olmadığı üçün (1000 ABŞ dollarına yaxın) sadə adamların arasında ən çox idarə olunan avtomobildir.
 
 

ƏTƏKLİ KİŞİLƏR?

Hava limanından bayıra çıxan kimi ilk diqqətimi çəkən kişilərin əynindəki uzun, damalı ətəkləri oldu. Bəli, bəli, “Bobbi” filmində Bobbinin atasının geyindiyi o ətəkdən. Burada kişilərin çoxu belə ətəklərdə gəzir, bu da yəqin ki, isti və rütubətli hava ilə əlaqədardır. Sonradan öyrəndim ki, ətəyi əsasən müsəlman kişilər geyinir. Qadınlar isə həm adi paltarlar, həm də sari geyinirlər. Deyilənə görə, buradakı xanımların sariləri bağlamaq şəkli Hindistan xanımlarından fərqlənir, ancaq mən bu mövzuda məlumatlı olmadığım üçün fərqi anlaya bilmədim. Bircə onu bilirəm ki, çox cəlbedici və “trend” görünür. Hə, bir də, hava limanı, bank, xəstəxana və s. dövlət və özəl idarələrdə sari mütləq dress code”-dur. Mən getdiyim xəstəxanada da həkimim xalatsız, lakin gözəl bir saridə idi.
 
 

UCUZLUQ 

Burada siqaret və alkoqollu içkilərdən başqa, hər şeyin qiyməti çox ucuzdur. Məsələn, Kolombodan Kalpitiyaya beş saatlıq yoldur və avtobusun gediş haqqı cəmi 100 rupidir (1 AZN). Yemək, otellər, tibbi xidmətlər də həmçinin. Sup, salat, isti yemək və desertdən ibarət axşam yeməyinə cəmi 1200-1500 rupi (12-15 AZN) ödəyirsən. Bu məbləğ yerli əhali üçün çox görünür bəlkə də, lakin bir il ərzində iki devalvasiya görmüş Azərbaycan vətəndaşı üçün cənnətə düşməyə bərabərdir bu.

OKEANIN SAHİLİNDƏKİ REKLAM ÇARXINDAKI KİMİ..

Cənnət demişkən, Baunti şokoladının reklamında qız okeanın sahillərində kokos yeyirdi və cənnət həzzi deyib bizi qıcıqlandırırdı. Okeanın sahilində şokolad yemək necə olur bilmirəm, lakin yeyilməsi mümkün olan bütün meyvələri dadıb orqanizmimin vitamin deposunu doldurdum. Səhər saat 10-da hind okeanının sahilindəki çimərlikdə, günəş şüalarının altında, əlinizdə bir qab ekzotik meyvənin axırına çıxmanızı təsəvvür edin. Buna deyirəm cənnət həzzi. Oralara yolunuz düşsə siz də mütləq mənim kimi edin. Hətta meyvə sevməyənlər də bu qədər fərqli çeşidləri görüb iştaha gələcəklər – banan, kokos, ananas, qarpız, quava və daha çox adı yadımda qalmayan meyvələri yemək imkanını qaçırmayın.
 
 

RÜTUBƏTLİ HAVA ŞƏRAİTİ 

Yeddi gün ərzində yaddaşımda neqativ iz qoyan yeganə xatirəm hava ilə bağlıdır. Havanın isti olmağından şikayətçi deyiləm (+30-33), lakin rütubət çox incidir adamı. Orada olarkən, ələlxüsus da, əgər günorta vaxtı piyada gəzməyə çıxsanız, mütləq çoxlu təmiz su içmək lazımdır. Hərçənd saçlarınız və əllərinizi yapışqan olmaqdan xilas etməsə də, ən azından dəriniz nəmlənir. Yadımdadır ki, son gün rütubət ümumiyyətlə dözülməz idi, hətta o həddə çatmışdı ki, oradan birbaşa şimal ölkələrindən birinə uçmağı arzulayırdım. Qeyd edim ki, bu hava şəraiti aprel ayında belə idi, yəni yay aylarında nə olacağını təsəvvür etmək belə tərlədir məni. 🙂
 
 

MEHRİBAN ƏHALİ

 Şri-Lankada əhalinin 70%-i Buddistdir, digər 30% Xristianlar, Müsəlmanlar və başqa dinlərə bölünür. Maraqlısı odur ki, indiyə qədər heç yerdə görmədiyim tolerantlıqla məhz burada qarşılaşdım. Buddistlər müsəlmanlara, müsəlmanlar xristianlara mane olmur, öz fikirlərini yeritmir, inanclarına hörmət edir və fikir verdiyim qədərilə bir-biri ilə kifayət qədər mehriban dolanırlar. Çox güman ki, ölkədə yoxsulluğun, çətin həyat şərtlərinin yüksək həddə olmasına baxmayaraq, insanların qeyri-aqressiv, gülərüz və mehriban olmağının səbəbi də budur.
 
 

 

Hər dəfə yeni ölkəyə gedəndə yaxınlarım məndən oranı məsləhət edib-etmədiyimi soruşurlar. Mənim də cavabım həmişə eynidir – olmadığınız hər yeri görməyə dəyər.

Hazırladı: Rena Osman
www.renaosman.com
Instagram: @renaosman

 
 

Şərhlər

Menyu