Biraz Serotonin bloqu | Düşüncələriniz həyatınızın bir qismidir, tamamı deyil…

 


 


Uğursuz, qüsurlu, tərkedilmiş, yoxsa hər şeydən məhrum edilmiş?
Yox, biz əslində heç biri deyilik! İstədiyimiz halda hər şeyi yalnız başına belə həyata keçirməyə malik olan insanlarıq. Lakin düşüncələrimiz, bax, onlar hər şeyi alt-üst edirlər. Bəzən reallıqları təhrif edirlər, bəzən bizi daha gücsüz edirlər, bəzən isə qarşısımıza divarlar qoyurlar.

“Əgər iş görüşməsinə getsəm, məni bəyənməyəcəklər”, “Onsuz da bu dəfə də alınmayacaq”, “Bu sualı yanlış cavablandıracam, ona görə də ən yaxşısı susum”, “O, mənə centilmenlik olsun deyə gözəl olduğumu dedi”, “Bu bir təsadüf idi, hər şey yaxşı alındı. Gələn dəfə isə belə olmayacaq”, “Hər kəs məni özündən uzaq tutur”– bütün bunlar insanın avtomatik düşüncələridir.

 

Bəs avtomatik düşüncələr nələrdir?

Müəyyən bir hadisə olduqda və ya bir fəaliyyət həyata keçirərkən düşüncələrimiz iki səviyyədə özünü göstərir. Biri, sırf hadisəyə yönəlib məlumatları alarkən, digəri məlumatları dəyərləndirməyə başlayır. Bu isə avtomatik düşüncələr adlandırılır. Onlar insanın fərqinə varmadan, sürətli şəkildə yaranan düşüncələrdir. İnsan sadəcə bu avtomatik düşüncələrin yaratdığı davranış və ya duyğunun, yəni nəticələrin fərqinə varır. Özünüzü yaxşı və ya pis hiss etməyiniz sizi müəyyən bir düşüncəyə sahib olmağa vadar etməz, düşüncələriniz sizdə müəyyən bir emosional hala və ya reaksiyaya gətirib çıxardar.

Əgər özünüzü;

Sıxıntılı və hüzursuz hissedirsinizsə,

Funksional olmayan bir formada davranırsınızsa,

Yaxud, bədəninizdə və zehninizdə sıxıntı verən dəyişikliklər hiss edirsinizsə,

Həmin dəqiqə özünüzə bu sualı verməyi vərdiş halına gətirin – “Hal-hazırda ağlımdan nə keçir?”. Bu sual mövcud durumu aydın və ətraflı qavramağınıza, gerçəyi anlamağınıza kömək olacaqdır.
 


 

Yox, əgər avtomatik düşüncələrinizin fərqinə vara bilməsəniz, onları reallıq olaraq qəbul edəcək və həyatınızı onlara görə sürdürməyə davam edəcəksiniz. Məsələn, avtomatik düşüncənizin – “Heç vaxt, heçbirşeyi doğru etmirəm” olduğunu nəzərə alsaq və ona qarşı məntiqli, obyektiv cavablar vermədiyinizi düşünsək, bir müddət sonra bu düşüncənizin bütün həyatınıza hakim olduğunu görəcəyik; sosial mühitlərdən uzaq durmaq, yeni insanlarla tanış olmaqdan çəkinmək, iş görüşmələrinə getməkdən çəkinmək, bildiyiniz şeyləri ifadə edə bilməmək və s.

Bunu radioda düzgün dalğaları tutmadığımız zaman çıxan musiqinin səsinə bənzədə bilərik. Problem əslində nə radioda, nə də pis hava şəraitində deyil. Sadəcə dalğanın yenidən nizamlanması ilə musiqi aydınlaşacaqdır. Baş vermiş hadisələri də düzgün analiz edib dəyərləndirmədiyiniz təqdirdə, onlar sizdə narahatlıq yaradacaq, emosional olaraq özünüzü yaxşı hiss etməyəcəksiniz və ən sonda bu hal depressiyaya səbəb olacaqdır.

Buna görə də, əgər nələrisə dəyişmək istəyirsinizsə, ilk öncə düşüncələrinizi qavramağı və lazım gələrsə, onları daha düzgün, məntiqli formada cavablandırmağı öyrənməlisiniz. Bunu bir nümunə əsasında dəyərləndirməyə nə deyirsiniz?
 


 

Çəkingən, utancaq olduğunuzu düşünürsünüz?

Utancaqlığın ən əsas səbəblərindən biri özgüvən əksikliyidir. Yəni özünüzü dəyərsiz, lazımsız, bacarıqsız hiss etdiyiniz üçün heç bir şeyi doğru etməyəcəyinizə, bacara bilməyəcəyinizə inanırsınız. Çəkingənliyin əlamətləri daha irəli yaşlarda görünsə də, səbəbi uşaqlıq dönəmi ilə bağlıdır və bir növ öyrənilmiş çarəsizlikdir. Beləki, uşaqlıq dövründə valideynlərdən və ya yaxın hesab etdiyiniz şəxsdən bir sual soruşmağınız qarşısında onların cavab verməyərək, sizi uzaqlaşdırması, ailə mühitində daima alçaldılma, uğurlarınızın yetərsiz görülməsi və məktəb vaxtı həddindən artıq mükəmməlliyyətçilik gözlənilməsi özgüvən əksikliyinə səbəb olur.

Yığdığımız bu mənfi təcrübələr gələcəkdə oxşar bir situasiya qarşısında daha zəif durmağımıza səbəb olur. Çünki, həmin an yuxarda qeyd etdiyim kimi, biz fərqinə varmadan belə avtomatik düşüncələrimiz vəziyyəti dəyərləndirib, qərar verəcəkdir. Lakin bu çox lüzümsuz bir şeydir. Çünki, hər hadisə yeni, hər insan da fərqlidir. Biz bunları ümumiləşdirmək yerinə, axışına buraxsaq daha çox şey qazanarıq, nəinki onlardan özümüzü məhrum qoysaq.

Əgər yalnız başına bu vəziyyətlərlə başa çıxmaq istəyirsinizsə, daha həqiqi özünü dəyərləndirmə sistemi inkişaf etdirmək üçün sizə “üç sütün texnikasından” danışacağam.

Avtomatik düşüncə 1. Müvəffəqiyyətsiz biriyəm! 2. Yalnız qalsam, məhv olmağa məhkumam. 3. Bir şey üçün çox çalışıramsa, onu mütləq əldə etməliyəm.

Zehni təhrif – 1. “Ağ-qara” qəlibi. 2. Müsbət bir situasiyanı yanlış xarakterizə etmək. 3. “malı, məli” qaydaları

Məntiqli cavab – 1. Həyatda digər bütün insanlar kimi mənim də bacarmadığım bir şeylər oldu, ancaq bununla yanaşı bacardığım şeylər də çoxdur. 2. Ən xoşbəxt anlarımın bəzilərində yalnız idim. Məhv olmanın yalnızlıqla heç bir əlaqəsi yoxdur. 3. Hər şeydə hər zaman uğurlu olacağıma dair bir qarantiya yoxdur. Mükəmməl olmaya bilərəm və buna məcbur deyiləm.

Qeyd: Bunu yalnız başına etdiyiniz üçün orta sütünu doldurmaya bilərsiniz.

Belə bir cədvəl hazırlamağınız, nəyisə yanlış etdiyinizi düşündüyünüz zaman özünüz haqqındakı düşüncələrinizi yenidən konfiqurasiya etmək üçün istifadə edilə bilər. Məqsəd, mənfi bir situasiya olduğu halda avtomatik olaraq zehində yaranan məntiqsiz, qatı özünü tənqidin yerinə daha obyektiv, məntiqli düşüncələri yerləşdirməkdir. Əgər, “Məntiqli cavab” sütununda yazdıqlarınız gerçəkci və inandırıcı deyilsə, bu texnikanın bir damla belə sizə köməyi olmayacaqdır. Ona görə də unutmayın ki, bu cədvəl sizin özünüzü cəsarətləndirmək, sevindirmək üçün etdiyiniz bir tapşırıq deyil, yazaraq bəzi şeylərin daha da yaxşı fərqinə varmağınız üçündür.
 


 

Özünüzü heç bir təcrübədən məhrum etmədən, qarşınıza çıxan hər şeyə qucaq açın. Yeni düşüncələr, baxış bucağı əvvəldə sizə qəribə gəlsə də, zamanla buna öyrəşəcəksiniz. Bütün iş isə, dəyişməklə bitmir, yeni və daha sağlam düşüncələrinizin uzun müddətli olmasını təmin etməlisiniz.

Unutmayın ki, hər şey bizim öz əlimizdədir!

 
 

Hazırladı: Qədəmli İsmayılova
Instagram: @biraz_serotonin
Facebook: BirazSerotonin

 
 

Şərhlər

Menyu