Bakı yenidən “Avtosportun kralını” gözləyir


 

Çoxlarının “avtosportun kralı” adlandırdığı Formula 1 yarışları 1950-ci ildən bəri hər il keçirilir. Bu idman növü avto yarışların zirvəsi hesab olunur və hər bir pilotun həyatında yarışlara düşmək böyük əhəmiyyət kəsb edir. Dünyanın ən bahalı yarışlarından hesab olunan Formula 1 yarışlarının büdcəsi çox böyükdür. Belə ki, qalib komandanın gəliri yüz milyonlar, qalib pilotların gəliri isə milyon və hətta, on milyonlarla ölçülür.

Formula 1 tarixində ilk qalib avtomobil Alfa Romeo və onun pilotu Cüzeppe Farina olmuşdur. Yarışlarda adını qalib kimi ən çox tarixə yazan sürücü isə Mihael Şumaxerdir. O, adını nə az, nə çox düz yeddi dəfə Formula 1 tarixinə həkk edib.

Formula 1 yarışları bir neçə mərhələdə keçirilir ki, onun da mərhələləri Qran-pri adlanır. Qran-pri adətən cümə, şənbə və bazar günləri keçirilsə də, Monako Qran-pridə ilk mərhələ cümə yox, cümə axşamı keçirilir. Keçirilən Qran-Prilərin sayı isə hər il dəyişir. Belə ki, 1950-ci ildə 7 Qran-Pri keçirilmişdisə, 2016-ci ildə onun sayı 21-ə çatmış və adətən mart ayından noyabra qədər davam etmişdir.
 


 

İlk üç yeri tutmuş pilotlar kubok təqdimatından sonra sevinclərini şampanla qeyd edirlər, lakin BəhreynAbu Dabi Qran-prisi bu cəhətdən fərqlənir. Belə ki, bu ölkələrdə şampanı alkoqolsuz, qazlı içkilərlə əvəz edirlər.

Avropa Ölkələrində Qran-pri mərasimi bazar günü saat 14:00-da başlasa da, Avstraliyada bir qədər gec başlayır, bu da yayımın Avropaya translyasiyası üçün nəzərdə tutulub.

Fomrula 1 yarışlarında iştirak edən avtomobillərin nömrələnməsi də maraq doğurur. Belə ki, 2014-cü ilə qədər yarışlarda 13 nömrəli avtomobil iştirak etməyib. 12 nömrəsindən sonra avtomobil 14 rəqəmi ilə nömrələnib. Avropa ölkələrində tək rəqəmlər uğursuz hesab edildiyindən 1970-ci il İtaliya Qran-prisində bütün avtomobillər cüt rəqəmlərlə nömrələnmişdir. İndiyə qədər isə yalnız 6 pilot 13 rəqəmindən istifadə edib.
 


 

Beynəlxalq yarışlar şəhərinə çevrilmiş paytaxt Bakı 2016-cı ildən etibarən Formula 1 yarışlarına da ev sahibliyi edir. Avtosportun kralı hesab olunan yarışlar zamanı sürət həvəskarlarını tək yarış yox, təşkil edilən əyləncələr, dəvət olunmuş qonaqlarla yanaşı trekin keçdiyi yollar da heyran qoymuşdu. Trek şəhərin mərkəzindən keçir, bu isə gələn qonaqları, bütün dünyanı Bakının tarixi izlərlə dolu qədim tikililəri ilə tanış etmək üçün böyük fürsətdir. YUNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhər tarixi qoruğunun və Bakının siması olan Qız qalasının dünyada bundan gözəl tanıtımı ola bilməzdi.

Bakı şəhər Halqasının uzunluğu 6 km-dir ki, bu da uzunluğuna görə dünyada ikinci belə trekdir. Layihənin müəllifi bütün müasir Formula 1 treklerinin memarı olan Herman Tilkedir. 

Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində təşkil olunub. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək.

Trekin ən geniş yeri 13 metr, ən dar hissəsi isə İçəri Şəhər ətrafında olan bölmələrdədir.

StartFiniş xətti Azadlıq meydanında yerləşir. Həmçinin burada Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn də qurulub.
 

 

Hazırladı: Gültəkin Hacıyeva

 
 

Şərhlər

Menyu