İlk iş gününə hazırlaşırsan? Bu kiçik məsləhət siyahısını nəzərində saxla.

 

 

Yeni iş yerində ilk gün digər günlərlə müqayisədə nisbətən stressli və həyacanlı keçir. Bununla belə, bu gün özünüzü doğru tanıdıb ifadə edə bilməniz üçün ən önəmli gün hesab edilir.
Bəs, bu önəmli günə necə hazırlaşmalıyıq?

Əslində bu mövzuda saysız məqalələr, yüzlərlə kitab yazılıb. Bizim sizə məsləhətimiz isə ilk öncə peşəkar təqdimat və səmimi ünsiyyətlə başlayan əməkdaşlıqdır. Digər köməkçi detallar haqda isə aşağıda tanış ola bilərsiniz. 
 


HAZIRLIĞA GECƏDƏN BAŞLA
Belə ki, hər şeydən öncə, ilk günə pozitiv, enerjili, rahat başlamaq üçün sakit və ən az 8 saat yuxu yatacağınız bir gecə keçirməlisiniz. Bunun ardından proteinlə zəngin səhər yeməyi yeməyiniz gün ərzində özünüzü güclü hiss etməyiniz üçün, daha diqqətcil olmanız üçün isə günə qəhvə ilə başlamanız məsləhət görülür. Bu menyu sizi gün boyu yorulsanız belə ayaqda tutacaq.

 
 

 İLK İŞ GÜNÜ ÜÇÜN SADƏ GEYİN
Geyim hər zaman olduğu kimi, iş yerində də haqqınızda ilkin fikirlərin formalaşmasını təmin edəcək. Bu səbəbdən kəskin dekoltelərdən, çox iri və dəbdəbəli aksessuarlardan uzaq olmanız məsləhətdir.

 
 

İŞƏ VAXTINDAN 15 DƏQİQƏ TEZ GET
Bu, hər kəs gəlmədən öncə ofislə, iş masanızla rahat tanış olmağınızı və yarana biləcək həyəcanı aradan qaldırmanıza kömək edəcək. Özünüzə bir dəqiqəlik tərcümeyi-hal mətni hazırlayın. Çünki, sizinlə tanış olmaq istəyən hər kəs ilk növbədə keçmiş iş yeriniz, təhsiliniz və s. kimi detalları öyrənmək üçün sizə suallar verəcək. Bu zaman nitqiniz nə qədər öncədən hazırlanmış olarsa, səhvlərə yol vermə ehtimalınız bir o qədər az olacaq.

 
 

DİQQƏTLƏ DİNLƏ
Yəqin ki, ilk gün vəzifəcə sizdən böyük biri sizə nə etməli olduğunuzu, qaydaları izah edəcək. Bu qaydalara diqqətlə qulaq asın. Hətta məsləhət görərdik ki, özünüzlə qeyd dəftəri  götürün. Görməli olduğunuz işləri sıra ilə qeyd edin. İşlərinizi planlaşdırmaq və plan üzrə hərəkət etmək daim müvəffəqiyyətli olmanıza kömək edəcək.

 

Bu siyahını daha da uzatmaq mümkündür. Lakin sizə həyatın hər anında kömək edəcək sadə bir formulu paylaşmaq daha məqsədəuyğundur. İstər ilk müsahibəniz olsun, istər ilk iş gününüz, istərsə də ilk tanışlığınız, uğur qazanmaq, insanlarda xoş təəssürat yaratmaq istəyirsinizsə ən böyük silahınız səmimiyyətiniz, müsbət enerjiniz və özgüvəninizdə dayanır. İnsanlar heç zaman onlarda xoş emosiyalar yaradan şəxslərdən yan keçmək istəməzlər. Qarşınızdakının yaşı, xarakteri, milliyyəti, cinsi nə olursa olsun, xoş və içdən gələn təbəssümünüz qarşınızdakılarda doğmalıq hissi yaradacaq.

Bir sözlə, özünüzə inanın və tam sürətlə irəliləyin!

 
 

Hazırladı: Nərmin Həsənli

 
 

 

Şərhlər

Menyu