Azerifoodie Bloqu | İncə, zərif və ən xəfif italyan deserti – Tiramisu.


 

“Tiramisu”-nun italyancadan tərcüməsi- “məni ucalt, qaldır” deməkdir. Məncə, çox dəqiq bir ad veriblər bu desertə – o qədər havalı və xəfifdir ki, yeyəndə özünü buludlaradək ucalmış hiss edirsən.

Tiramisu haqında hələ də çoxlu mübahisəslər var. Onun İtaliyanın hansı vilayətinə mənsub olub-olmadığı, ilkin tərkibi haqqında və s. haqda hələ də əfsanələr dolaşır. Hətta Tiramisunu fransız deserti hesab edənlər də var.

Tiramisu deyildikdə, ilk növbədə ağıla Savoyardi qurabiyələri gəlir, buna eyni zamanda “Qadın barmaqları” da deyilir. Savoyardilər kofeyə batırılaraq deserti təqdim edəcəyiniz qaba yan-yana düzülür, üstündən isə krem ilə laylanır.

Klassik Tiramisunun kremi çiy yumurta və Maskarpone pendiri ilə hazırlanır.

Mən bu gün sizlərə klassik resepti deyil, daha fəqli Tiramisu hazılamağın sirrini açacam. Birincisi, ona görə ki, bir çox insan, elə mən daxil, çiy yumurta istifadə etməyə ehtiyat edir. İkinci səbəb, mənim çox sevdiyim çiyələk mövsümü olduğu üçün çalışıram məhz bu giləmeyvə ilə müxtəlif şirniyyatlar hazırlayım. Çiyələk desertlərə həm xoş dad verir, həm də gözəl estetik görünüş.
 
 
Lazım olan ərzaqlar:
Çiyələkli sous üçün:
– 100 qr təmizlənmiş çiyələk
– yarım portağalın suyu

Krem üçün :
– 220 qr maskarpone krem pendiri
– 1 stəkan qaymaq (yağlılığı 30-33% )
– 5 yemək qaşığı şəkər kirşanı (şəkər tozu ilə əvəz etməyin!)
– Savoyari qurabiyələri 
 
 

 
 

İlk olaraq çiyələkli sousu hazırlayaq. Bunun üçün təmizlənmiş çiyələkləri 2-3 yerə bölürük. Yarım portağalın suyunu sıxırıq. Bunları blenderdə əzmə halına salmaq lazımdır. Çiyələkli sous hazırdır, bir qaba tökün və kənarda saxlayın, sonra bu sousa savoyardiləri batırıb, yüngülcə isladacağıq.

İndi isə kremi hazırlayaq. Dərin bir qabın içinə şəkər kirşanı, qaymaq və maskarpon pendirini qoyub mikserlə 3-4 dəqiqə çalın. Özünüz görəcəksiniz ki, bir neçə dəqiqədən sonra krem özünü tutacaq.

Artıq bütün ön hazırlıq işləri görüldü və qalır Tiramisunu yığmaq. Bunun üçün əvvəldən deserti hansı qablarda düzəldəcəyinizi qərar verməlisiniz. Bunun üçün iki üsul var. Birincisi deserti bir iri qabda düzəltmək, ikinci üsul isə kiçik porsiyalı qablarda. Mən Tiramisunu hər zaman kiçik porsiyalı qablarda təqdim etməyi seçirəm, belə daha səliqəli və eyni zamanda effektli görsənir.

Əvvəlcə qabın dibinə kremi yerləşdirmək lazımdır. Səliqəli və gözəl görünməsi üçün kremi konditer şpritsinə doldururam. Kremin üstündən savoyardiləri düzmək lazımdır. Onları əvvəl çiyələkli sousa 1-2 saniyəlik batırın, sonra isə kremin üstündən yan-yana düzün. Beləcə, onu istədiyiniz laylarla  yığa bilərsiniz. Özüm bu dəfə iki mərtəbəli hazırladım, mənim üçün bu qədəri kifayətdir. Unutmuruq ki, ən son mərtəbə krem olmalıdır. Tiramisu desertimiz demək olar ki, hazırdır.

Qabların üstünə streç çəkib 20-30 dəqiqəlik soyuducuda saxlayın ki, desert həm soyusun. Soyuq halda çox gözəl dadır, biraz da dondurmanı xatırladır. Tiramisunu süfrəyə təqdim edərkən üstünü çiyələklərlə bəzəyin.

Nuş olsun!

 
 

Hazırladı: Mehriban Məmmədova
https://azerifoodie.blogspot.com 
Instagram: @azerifoodie



 
 

Şərhlər

Menyu