SHANGHAI BAKU. Teymur Hacıyevin yeni qısametrajlı filmi 18 beynəlxalq festivalda nümayiş etdirildi.


 

İstedadlı rejissor və prodüser Teymur Hacıyevin 2015-ci ildə ərsəyə gətirdiyi ikinci qisametrajlı filmi “Şanxay, Bakı” artıq sosial şəbəkələrdə təqdim olunub.

Teymur Hacıyev ilk dəfə rejissor olaraq 2013-cü ildə “YARA” adlı filmini çəkib. Həmin filmin premyerasi ABŞ-da “Palm Springs Short Fest” film festivalında baş tutub. Bununla yanaşı, “YARA” filmi ilə bir çox beynəxalq festivallarda ölkəmizi layiqincə təmsil edib.

Haqqında bəhs edəcəyimiz “Şanxay, Bakı” filmi isə nüfuzlu “Tampere Film Festival” (Finlandiya), “Milano Film Festival” (İtaliya), “Sarajevo Film Festival” (Bosniya və Herseqovina), “Curta Cinema” (Braziliya), “Huesca Film Festival” (İspaniya), “Uppsala Film Festival” (İsveç) daxil olmaqla, 18 beynəlxalq festivalda nümayiş etdirilib.
 


 

Film Anton Çexovun “Qəddar oğlan” əsərinin motivləri əsasında ekranlaşdırılmışdır. Filmdə “Şanxay” adlı ərazidə gecəqonduda yaşayan bir ailədən bəhs edilir. Bacısının sevgilisi ilə intim əlaqəsi təsadüfən qardaşının açıq vəziyyətdə qoyduğu kameraya düşür. Beləliklə, bütün hadisələr buradan cərəyan etməyə başlayır.

Baş rollarda Roza İbadova Koçamaz, Rasim Cəfər, Qurban İsmailov çəkiliblər. Xatırladaq ki, “Şanxay, Bakı”“YARA” filmləri 13 may 2016-ci ildə “Yarat Contemporary Art Space”-də Aida Mahmudovanın iştirakı ilə Azərbaycan tamaşaçısına təqdim olunmuş və böyük marağa səbəb olmuşdur.

Teymur Hacıyev prodüser kimi də bir çox uğurlara imza atmışdır. 2011-ci ildən bu günə qədər bir çox filmlərdə prodüser kimi fəaliyyət göstərən Teymur Hacıyevin ən önəmli uğurlarından biri, rejjisor Elmar İmanov, Engin Kundaq və prodüser Teymur Hacıyevin ekranlaşdırdığı “TORN” filmi 2014-cü ildə kino dünyasının ən möhtəbər tədbirlərindən sayılan 67-ci Kann kinofestivalında iştirak etmişdir.

Bu yaxınlarda isə Teymur Hacıyev rejissoru olduğu 3-cü “Duz, bibər” adlı yeni qısametrajlı filmi ilə ölkəmizi dünya səviyyəli festivallarda yenidən layiqincə təmsil edəcək.

Hazırladı: Rəhimə Hacıyeva

 
 

 

Şərhlər

Menyu