Azərbaycan dəb sənayesinin təntənəli tədbiri “Azerbaijan Fashion Week 2017/18 Payız-Qış”-a start verildi! Ənənəvi olaraq hər mövsüm keçirilən AFW, bu il eyni zamanda öz beş illiyini qeyd edir. 23-27 May tarixlərində şəhərimizin müxtəlif lokasiyalarında gerçəkləşəcək moda həftəsinin möhtəşəm açılışı isə Daş Salnamə muzeyində baş tutdu.
Şou orijinal məkan və möhtəşəm ab-havası ilə hər il olduğu kimi bu il də qonaqların marağına səbəb oldu. Bir çox dəb bloqerlərinin və moda sevərlərin qatıldığı açılış mərasimində tamaşaçılar Jarkin Baimaxanov, Tinatin, K-Fabuel, Eka Buzuladze kimi əcnəbi dizaynerlərin kolleksiyalarını izləmək şansı qazanıblar. Qonaqlar tərəfindən maraqla gözlənilən yerli dizaynerlər Ülkər Hüseynova və Elnara Bəkirovanın moda nümayişləri isə güclü alqış səsləri qazanmağa nail oldular.
Şounun açılışını edən Jarkin Baimaxanovun kolleksiyasında oversayz kəsimli, solğun rənglərdəki libaslar diqqət çəkdi. Podiumdakı zərif tüllərlə birlikdə istifadə edilmiş xəz geyimlər isə xüsusi marağa səbəb olmuşdur. Yerli dizaynerlərimiz Ülkər Hüseynova və Elnarə Bəkirovanın kolleksiyaları isə əl işləmələri ilə bəzənmiş göz oxşayan materiallarla zəngindir.
Hazırladı: Şəbnəm Mikailova
Foto: Samir Atabəy