Gəz Dünyanı Bloqu | İstanbulda başqa bir dünya – Böyükada

 

 
 
Gözlərini yum və bir anlıq tarix qoxan İstanbulda təsəvvür et özünü. Səmaya uzanan minarələri, o minarələrdən duyulan azan səsləri, möhtəşəm tarixi sarayları, köşkləri, hamamları, muzeyləri, parkları, canlı küçələri, Bosforun mavi suları üzərində dövrə vuran qağayıları, bir-biriylə yarışa girən adaları ilə İstanbul onu ziyarət edənləri dünyadan qoparır. Üç imperiyanın – Roma, Bizans, Osmanlının paytaxtı olmuş, müharibələr, yanğınlar, zəlzələlər görmüş, ancaq hələ də tarixini və gözəlliyini bu günə kimi qoruya bilmişdi.

İstanbulu, onun adalarını qarış-qarış kəşf etmək, həmişə ağlımda olan bir səfər idi. Hər səfərimdə yeni bir kəşflə qarşılaşır, özü qədər zəngin ikinci şəhərin olmadığına bir daha əmin oluram. İstanbulu daha da maraqlı edən onun adalarıdır. Bu adaların tacı isə sözsüz ki, Büyükadadır.

Büyükada bir növ istanbulluların qaçış yeri, böyük şəhərin səs küyündən uzaqlaşıb, onun yorğunluğunu qısa müddətə də olsa unutduracaq, təbiətlə baş-başa vaxt keçirə bilinəcək bir cənnətdir. Yaşıllıq, dəniz, quşların cəh-cəhi, faytonların cingiltisi, atların ayaq səsləri, hər biri bir hekayə  danışan tarixi  köşklərin nəcibliyi bir anlıq başqa bir dünyaya aparır insanı.
 

 
 
BÜYÜKADANIN TARİXİNƏ BİR NƏZƏR

Büyükadanın keçmişi çox təəssüf ki, indiki kimi güllük-gülüstanlıq olmayıb. Bizans imperiyası zamanında taxt uğrunda mübarizə, ictimai-siyasi, dini çəkişmələrin fəal iştirakçılarının, şəhzadə və önəmli xadimlərin sürgün edildiyi yer olub. Adanın adı da yunanca “Prinkipos” yəni şəhzadə adından götürülərək “Prins adaları” adlandırılmışdır. Osmanlı imperiyasının tərkibinə isə Fatih Sultan Mehmet tərəfindən qatılmışdır. I Dünya müharibəsi illərində yunanların adadan  köçməsi ilə ada boşalmış, öz canlılığını itirmişdi. 1940-cı illərdə bir çox dövlət adamının, varlı ailələrin adaları bağ evi olaraq istifadəsi, burada bir-biri ilə yarışan köşklərin tikintisini artırmış, adaya yeni, ikinci bir həyat vermişdi.
 

 
 
ADAYA NƏ ZAMAN VƏ NECƏ GETMƏLİ?

Büyükadaya səyahətin ən gözəl vaxtı yay aylarıdır. Dəniz, günəş, çimərlik. Lakin, Qurban və Ramazan bayramlarında İstanbulda qalan şəhər sakinləri adalara rəsmən axın edirlər. Bəs adalara necə getməli?

Adalara səyahət keçmişdə nə qədər çətin olubsa, hal-hazırda da o qədər asanlaşıb. 1846-cı ildə İstanbul-Adalar qayıq səfərləri başlayıb. İDO (İstanbul Deniz Otobüsü) ilə yanaşı bir çox tur şirkətləri də adalara səfər təşkil edirlər. Kabataş, Kadıköy, Bostancı, Kartal limanlarından hərəkət edən gəmilər sizi Büyükadaya aparacaq. Qiymətlər isə yay, qış, həftəiçi, həftə sonu, yəni səyahət sıxlığına və fəsilə görə dəyişir.
 

 
 
ADADA FAYTON, VELOSİPED, YOXSA?

Ada daxilində nəqliyyat sistemi, rəsmi maşınlar istisna olmaqla, velosiped, fayton və ayaqlardan ibarətdir. Bu da Büyükadanın ən əsas özəlliyidir. Ancaq, velosiped və fayton yolu ayrılmadığına görə bəzən təhlükəli anlar yaşanır yollarda. Fayton dayanacağından kiçik və ya böyük turlar alaraq adanı faytonla dolaşa bilərsiniz və ya faytondan daha ucuz velosiped kiralaya bilərsiniz. Əgər enerjinizə və ayaqlarınıza güvənirsinizsə, onda velosipeddən də ucuz metod – piyada adanın kəşfinə çıxa bilərsiniz.
 

 
 
BÜYÜKADADANIN KƏŞFİNƏ HARADAN BAŞLAMALI?

Büyükadaya ilk səfərimizdə faytonla dolaşdığımıza görə adadan yarımçıq təəssüratla qayıtmışdıq. Rəngarəng köşklərin qarşısından bir göz qırpımında keçən atlar bu gözəl memarlığı olan evləri incələməyə mane olurdu. Elə ona görə də növbəti səfərimizdə adanı piyada gəzməyi qərara aldıq.

Adaya ayaq basar-basmaz sahildən bir az uzaqlaşan kimi qarşınıza bir saat meydanı, onun sonunda isə saat qülləsi çıxır. Saat qülləsi 1923-cü ildə – Türkiyə Cumhuriyyətinin qurulduğu il inşa edildiyi təxmin olunur. Saat meydanından uzaqlaşdıqca isə adanın içərilərinə doğru bir-bir tarixi köşklər, otellər sıralanmağa başlayır.
 

 
 
AYA YORGİ KİLSƏSİ

Büyükadanın ən hündür təpəsində Aya Yorgi kilsəsi, onun yanında isə Aya Yorgi monastrı yerləşir. Kilsəyə qalxmaq üçün adanın atlar meydanı deyilən hissəsinə fayton, velosiped və ya piyada gedib oradan bir az əziyyətli olan 1km-lik dik yamacı çıxmaq lazımdır.  Ancaq, təpəyə qalxıb İstanbula açılan mənzərəni gördükdə bu qədər zəhmətin bəhrəsi almış olunur. Aya Yorgi kilsəsinə 23 aprel-24 sentyabr tarixlərində dini ayinləri yerinə yetirmək üçün xristianların axını başlayır. Bu dini inanclara insanların öz əlavələri də var. Ağaclara parça bağlayanlardan tutmuş, yola rənglı saplar sərənlərə, ev, iş, sağlamlıq, maşın duaları satanlara qədər. Kilsəni ziyarət etdikdən sonra yaxınlıqda yerləşən dünynın ən böyük taxtadan tikilmiş Yunan yetimxanasını da görün. Elə oradaca  kilsənin arxasındakı çay baxçasında oturub mənzərədən həzz ala-ala bir pürrəngi çayı da özünüzə çox görməyin.
 

 

Büyükadanın Aya Yorgidən başqa digər önəmli kilsəsi Ayios Dmitrios kilsəsidir. Bu kilsəyə pravoslav xristianlar dini ayinlərini yerinə yetirmək üçün üz tuturlar.
 

 

Büyükadada kilsələrlə yanaşı 4 məscid də fəaliyyət göstərir. Bunlardan ən önəmlisi isə II Abdulhamid tərəfindən tikdirilmiş Hamidiyə məscididir. Məscid Ada Cami küçəsində yerləşir.
 

 

Adalarda bir də Adalar muzeyi var. 2010-cu ildə istifadəyə verilmiş muzey ziyarətçilərə 9 İstanbul adasına aid 6 min şəkil, 20 min sənəd və adalardan tapılan tapıntılarla zəngin kolleksiya təqdim edir. Maraqlananlar bazar ertəsi xaric hər gün 10.00-16.00 arası muzeyi ziyarət edə bilər.

Günəşli bir yaz günündə, açıq havada Dil burnu parkında yaşıllıqdan, dənizdən zövq alaraq dolaşmaq adanın həzzverici əyləncəsidir. Xüsusən də, piknik sevənlərin məskənidir Dil burnu. Xalılarını yerə salıb, manqallarını, samovarlarını qalayıb, gitaralarını əllərinə alıb maraqlı bir həftə sonunu Dil burnunda keçirməyi çox sevir istanbullular.
 

 

Büyükadada bir də mütləq görüləsi yer var. Çoxumuzun “Çalıquşu” romanının müəllifi olaraq bildiyimiz Rəşad Nuri Güntəkinin yaşadığı köşk. Məşhur yazıçı bu evdə ailəsi ilə bir yerdə yaşayıb. Çəhrayı boyalı bu üç mərtəbəli evi görmədən geri dönməyin.
 

 

Əgər yay aylarında adaya səfər etmisinizsə, isti, yorğunluq sizi əldən salarsa, onda ada çimərliklərində sərinləmək həzzini özünüzə yaşadın. Adada 6 ədəd çimərlik var: Eskibağ, Kumsal, Yörükali, Halk, Prenses, Nakibey çimərliklərindən birini seçin və dənizdən zövq alın.
 
 
BÜYÜKADADA NƏ YEYİLİR, NƏ İÇİLİR?

Təbii ki, əgər söhbət adadan gedirsə, dəniz məhsulları dadmaq qaçınılmaz olur. Sahil restoranlarında əyləşib təzə balıqlardan dadın. Adanın dondurması isə çox məşhurdur. Yay aylarında səyahət etsəniz, mütləq dadına baxın.
 

 
 
ADADA ALIŞ-VERİŞ

Adanın ən vazkeçilməzi, xüsusilə, qadınların sevərək taxdığı çiçəklərdən hazırlanmış çələnglərdir. Çələnglər adanın yazılmamış qanunudur, sanki. Adaya ayaq basan kimi taclanır bütün xanımlar. Bundan başqa adaya xas maqnitlər alıb, adadan bir xatirə saxlaya bilərsiniz.
 

 
 
Adanı başdan sona dolaşıb bir az yorğun, amma çox zövqlü, maraqlı və hüzurlu bir günün sonuna gəlirik və adaya gələn sonuncu gəmiylə gəldiyimiz kimi geri dönürük.

Yeni adalarda görüşənədək.

Hazırladı: Elnarə Məmmədova
http://www.gezdunyani.com/

Facebook: Gez dunyani 
Instagram: @gezdunyani

 
 










 
 

Şərhlər

Menyu