İş, yoxsa karyera? ADA Universitetinin Karyera İdarəetmə Mərkəzinin Direktoru Gülnur İsmayıl.


 

Karyera pilləkənində hədəflədiyimiz mövqelərə doğru inamla irəliləmək.. Məqsəd olaraq qarşıya qoyulan bu yol olduqca çətin, yorucu, zaman tələb edən prosesdir. Gələcəyinə hədəflər quran hər bir universitet tələbəsinin əməl etməsi gərəkən ilkin şərtlərdən biri də karyera planları qurmaqdır.

ADA Universiteti tələbə və məzunlarının qərb sayağı akademik standartlara uyğun təhsil almaları, eləcə də cəmiyyət üçün yüksək dəyərlərlə tərəqqi etmələri üçün ən geniş imkanlar yaradan təhsil ocağıdır. Universitetin missiyası təhsil sonrası karyera yoluna qədəm qoyan məzunların seçimlərdə iş imkanları, istiqamətləndirmə və fərdi inkişaf seminarları təşkil etmək, gələcək hədəflərini müəyyənləşdirməkdir.

 

Universitetin nəzdində fəaliyyət göstərən Karyera İdaretmə Mərkəzini tələbə və məzunların gələcəklərini planlamalarına dəstək olmaq və onların tərəqqisi üçün ən geniş fürsətləri təqdim edən bir təşkilat olmaq məqsədilə qurulmuşdur. Mərkəzin fəaliyyətinə gənclərin həm tələbəlik həyatları, həm də məzuniyyət sonrası iş həyatlarında faydalı proqramlar, yerli iş bazarında aparıcı şirkətlərlə əməkdaşlıq edərək tələbələri vakansiyalar haqda məlumatlandırmaq, mütəmadi karyera sərgiləri təşkil etmək, işəgötürənlərlə görüşməzdən öncə hazırlıq seminarları keçirmək və digər vasitələrlə doğru karyera planlamasında dəstək göstərməkdir.

Tələbə və məzunlarını işəgötürən qurumlarla bir araya gətirərək onlara çalışacaqları sahədə layiqli namizəd olaraq yadda qalma imkanı yaradan Karyera İdaretmə Mərkəzinin əsası Gülnur İsmayıl tərəfindən qoyulmuşdur. Onunla Karyera Mərkəzinin universitet yetirmələrinə həsr olunmuş fəaliyyəti və bugünə qədər toplanan dəyərli nəticə haqda söhbət etdik.


 


 

– Bildiyimiz qədər Siz Azərbaycanda Karyera və Talantların İdarəetməsi üzrə İngiltərədə təhsil almış və bu istiqamətdə ABŞ-ın Beynəlxalq Karyera İnkişafı üzrə fasilitator (GCDF) adlı kvalifikasiyasını əldə etmiş ilk həmyerlimizsiniz. Bu sahədə təhsil almağınız nə dərəcədə önəmli idi?

– Təhsil hər bir sahədə önəmlidir və hər bir insan seçdiyi peşə və ya karyera istiqaməti üzrə mütləq dolğun nəzəri biliklərə sahib olmalıdır. Mənim ilk təhsilim tamamilə fərqli bir sahə üzrə olmuşdur, lakin müəyyən dövrdən sonra maraqlarımın karyera idarəetməsində, talantın inkişafı və təlim təkminləşdirmə sahəsinə olduğunu aşkar etdim. Bu sahədə bacarıqlı və peşəkar olmağım üçün yalnız istəyim və praktiki bacarıqlarımın yetərli olacağını düşünmürdüm. Öncəliklə İngiltərədə CIPD-lə birgə Middlesex Universitetinin Karyera və Talant İdarəetməsi proqramını tamamladım, daha sonra isə ABŞ-ın Beynəlxalq Karyera İnkişafı üzrə Fasilitator təlim və tədris proqramını keçib GCDF kvalifikasiyasına nail oldum. Bu gün çalışdığım vəzifədə bu təhsil mənə böyük dəstək olur. Təlim və tədris proqramlarını o biliklər olmadan peşəkar və düzgün formatda hazırlamaq və keçirmək yanlış olardı. Karyera seçimi üzrə konsultasiyaları nümunə kimi qeyd etsəm,  yalnız iş bazarı haqqında bilik və praktiki İR təcrübəsi buna yetərli deyil. Burada bir çox faktorlar rol oynayır – insan psixologiyası, insanin emosional vəziyyəti, daxili psixoloji portreti və sair kimi detallar çox böyük önəm daşıyırlar. Artıq bu sahədə  ölkə üzrə karyera peşəkarlarının təlim proqramını rəsmi təchiz edə bilərəm və universitetlərimiz üçün mühim olan karyera məsləhətçiləri və mütəxəssisləri yetişdirməyə dəstək oluram.

– Xaricdə təhsil almış bir həmyerlimiz kimi sizi ölkəyə yenidən qayıtmağa nə sövq etdi?

– Mən Rusiyada anadan olmuşam və hayatımın 23 ilini məhz orada yaşamışam. Təhsilimi davam etdirmək üçün İngiltərəyə gedib və 2007 -ci ildə Nottingham Universitetindən məzun oldum. Daha sonra yenidən Moskvaya dönüb bir neçə il beynəlxalq rekruitment şirkətində çalışdım. Azərbaycana hər il doğmalarımızı ziyarət etməyə gəlirdik və çox xoş hisslərlə dönürdük. 2009-cu ildə isə mənim Azərbaycana köçməyimə səbəb olan bir hadisə baş verdi. Moskvadakı səfirliyimizdə ADA-nın (o zamanlar Azərbaycan Diplomatik Akademiyası) tanıtım təqdimatında məni onları ziyarət etməyə dəvət etdilər və bu görüş bir iş təklifi ilə sonlandı.
 


 

– ADA universitetinin Karyera Mərkəzi təməlini sizinlə başladı. Bu işdə qarşınıza çıxan ən böyük çətinliklər hansılar idi?

– ADA-da çalışmağa başladığım zaman Karyera İdaretmə Mərkəzini yaratmaq üçün bir hədəf qoyuldu qarşıma və bu iş heç də asan olmadı. Mən o zaman əmək bazarı haqqında dolğun bir məlumata sahib deyildim. Bu yola ilk çıxdığımda ən böyük çətinliyim yeni mühitdəki məlumatsızlığım idi. Digər çətinlik isə ADA-da həmən il ilk magistr proqramının tədrisinə başladığımız üçün məzun olmadan işəgötürənləri namizədlərin keyfiyyətində inandırmaq çətinliyi olurdu. Hər bir işdə çətinliklər olur, lakin işinə olan sevgi və əzmkarlıq sayəsində istənilən çətinliyi bir fürsət kimi qiymətləndirmək bu çətinlikləri aşmağa kömək edir.

– Bugün inamla haqqında danışdığınız mərkəzin ADA tələbələri üçün üstün və fərqli cəhətləri hansılardır? Siz tələbələrə hansı imkanları yaradırsınız?

– Mərkəzimizin bir neçə üstünlüyləri var. Öncəliklə, hədəfimiz tələbələri işlə təmin etmək deyil, uğurlu karyera qurmaq, oxuduqları ixtisas üzrə ixtisaslaşıb iş imkanları əldə etmələrinə şərait yaratmaqdır. Eləcə də, Karyera İnkişafı və İdarəetməsi tədris proqramımızın ayrılmaz hissəsidir. Hər bir tələbə oxuduğu dövrdə təcrübə proqramını keçməli, məzun olana qədər öz ixtisası üzrə həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını sınamış olmalıdır. Bunun üçün Karyera Mərkəzi müxtəlif təlim proqramları, karyera məsləhətçiləri ilə fərdi görüşlər, seminarlar, işəgötürənlərlə görüşlər, şirkət təqdimatları və əmək yarmarkaları təşkil edir.

– Karyera mütəxəssisi kimi öz təcrübənizdən qadın olduğunuz səbəbdən qarşılaşdığınız çətinliklər olubmu? Sizcə ölkəmizdə bugünün işgüzar xanımı peşəkar fəaliyyətini istədiyi kimi inkişaf etdirə bilirmi?

– Bu sualla son zamanlar tez-tez rastlaşıram, yalnız özümə deyil, tədbirlərdə digər həmkarlarıma da ünvanlandığını görürəm. Lakin bu sual hansı səbəbdən aktual olduğu haqda hələ də düşünürəm. Xoşbəxtlikdən bu günədək iş həyatında diskriminasiya və ya gender tipli problemlərlə üzləşməmişəm. Sadəcə düşürəm ki, zaman- zaman bu məhdudiyyətlər qadının öz həyat tərzi üzündən təbii baş verir. Etiraf edim ki, şəxsi təcrübəmdən müəyyən vəziyyətlərdə məhz qadın olduğum üçün üstün tutulmuşam. Cəmiyyətimizdə tarixən uğurlu işgüzar qadınlar olub. Bugün minlərlə rəhbər vəzifələrində olan xanımların çalışdıqları təşkilatlara böyük qatqıları olur. Bu vəzifələrdə qala bilmə bacarığı isə zəka və peşəkar özgüvənlə bağlıdır.
 


 

– Ölkəmizdə karyera anlayışı nə dərəcədə önəm daşıyır? Gənclər karyeralarının bünövrəsi olaraq nə kimi şərtləri nəzərə almalıdır?

– Gənclərimiz keyfiyyətli təhsil və qabaqcıl bacarıqlara nail olmaq istəyirlər və bu çox müsbət bir faktordur. Artıq bir şirkətdə 15-20 il çalışmaq aktual deyil. Bu gün gənclər yeni ideyalarla start-up və sahibkarlıq fəaliyyətlərilə maraqlanırlar, inkişaf və yeni biliklər arxasınca gedirlər. Hər bir gənc öz maraq dairəsini, qoyduğu hədəflərlə iş imkanlarını müqayisə etməlidir. Dərhal yüksək əmək haqqı və ya vəzifə arzusunda olmaq müsbət bir istəkdir, lakin dərhal həyata keçə bilməz. Onların oxuduqları müddətdə təcrübə qazanmaları vacibdir. Bunlar könüllülük, istehsalat təcrübələri və yarım-ştat iş imkanları ilə əldə edilə bilər.

– Gəncləri ixtisas seçimində istiqamətləndirirsiniz. Müşahidələrinizdən bugünün ən çox tələb olunan ixtisasları hansılardır?

– ADA-ya qəbul olunan tələbələr artıq öz ixtisaslarını seçmiş olurlar. Bu seçimdə bizim təəssüf ki, rolumuz olmur. Lakin oxuduqları zaman müəyyən fən və kiçik ixtisaslaşma tövsiyyələri verə bilirik. Yerli bazardan danışsaq, bir sıra ixtisaslar tələb olunur – maliyyə, biznes analitikası və proqnozlaşdırma, rəqəmsal marketinq, İT və kompüter mühəndisliyi, PR və sosial media idarəetməsi.
 


 

– Təhsili ilə bərabər iş həyatına qədəm qoyan tələbələr az deyil. Sizcə bu doğru qərardırmı?

– İş həyatina mümkün olduğu qədər erkən başlamaq doğrudur. Lakin uğurlu olmaq üçün də müəyyən təhsil pillələrini keçmək zəruridir. Bizim tələbələr artıq ikinci kursdan aktiv təcrübə proqramlarına və iş həyatına başlayırlar. Buna görə karyera fəaliyyətinə erkən tələbəlik illərində başlamaları onların məzun olduqda sonrakı iş yerlərində də daha uğurlu olmaları ilə nəticələnir.

– Bu yaxında mərkəz sizin rəhbərliyiniz altında uğurla 5-ci Karyera Sərgisini təşkil etdi. Bu tip tədbirlər hələ də tələbələr üçün aktualdırmı?

– Bəli, Martın 2-i biz ADA-da 5-ci Karyera Sərgisi həyata keçirdik. 80-dən artıq özəl və dövlət qurumları sərgidə fəal iştirak etdilər. Məqsədimiz yalnız əmək imkanları deyil, ilk növbədə tələbələri iş bazarı ilə tanış etmək, şirkətlər haqqında dolğun məlumat əldə edib, peşəkar əlaqələr qurmaqdır. Tələbələrimiz hər il iştirakçıların sayının artmasını müşahidə edib, yeni şirkətlərin qatılmasını və real nəticələr əldə etdiklərində belə tədbirlərin aktuallığı hər zaman qalacaq və gənclərimiz də böyük bir maraqla iştirak edəcəklər.

– İşinizə daim yaradıcı və peşəkar yanaşırsınız. Əminik ki, yaxın zamanda yeni layihələr planlayırsınız. Bu haqda fikirləriniz ?

– İşimizin uğuru məhz davamlı inkişaf və təkmilləşməyə üstünlük verdiyimizə görədir. Bu il ADA-da bir neçə şöbənin iştirakı ilə ilk dəfə bu tip yeni bir layihəyə start verdik. “İnkişaf naminə 100 yeni əməkdaşlıq” layihəsi adı altında Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlə əlaqələrimizi möhkəmlətməklə, ADA-nın akademik və sosial həyatına cəlb etmək istəyirik. Bu istiqamətdə məqsədimiz işəgötürənlərlə daimi təmasda olmaq, onların yeni nəslin təhsil və inkişafında aktiv iştirak etməyə imkan yaratmqdır. İşsizliyin səbəblərindən biri məhz Təhsil və Biznesin müstəqil fərdi istiqamətlərdə irəliləməsidir. Onlar bir araya gəldiyi zaman hər bir tərəfin bu əməkdaşlıqdan faydalanacağına əminik.
 


 

– Bu sahədə son 10 il fəaliyyətdə olduqdan sonra ölkənin peşəkar gənclərinə top 3 karyera məsləhətinizi bölüşə bilərdinizmi?

– Uğurlu karyera mənim fikrimdə bu gün bir neçə faktordan asılıdır. İlkin növbədə – özünü tanımalı, həyat prinsiplərini, maraq və hədəflərini bilməlidir. Bu yalnız özünü analiz etməklə deyil, təcrübə proqramlarında iştirak etməklə və sosial fəaliyyət üzərindən ölçülə bilər. Eləcə də, 3 əsas bacarıqla- çeviklik, çalışqanlıq və emosional intellekt. Və sonda, davamlı təlim və inkişafa üstünlük vermək. Hər zaman yeniliklərə açıq olub, yeni məlumatlar əldə etmək, fikir mübadilələri aparmaq, təlim və tədris proqramlarına qatılmaq.
 
 
Hazırladı: Nailə İskəndərova
Foto: Zenit Group

 
 


 
 

Şərhlər

Menyu