Notes De Asli Bloqu | Acıma duyğusunun gətirdiyi sarsıntılar. Stefan Zweig “Səbrsiz ürək” romanı.

 

 
 
Bu dəfə sizə ən sevdiyim yazarlardan biri olan Stefan Svayqın (Stefan Zweig) “Səbrsiz ürək” (Ungeduld des Herzens) romanı haqqında danışmaq istəyirəm. Bilənlər bilir, Svayq özünün novellaları və bioqrafik romanları ilə ədəbiyyatda özünəməxsus yer tutur. Yazarla tanışlığım “Bilinmeyen bir kadının mektubu” adlı novellası ilə olmuşdu və sonradan qələmini, istərsə də üslubunu çox sevdiyim üçün başqa novellalarını da oxudum. Hətta məndə onun türkçəyə tərcümə edilmiş əsərlərinin siyahısı var və bir gün ümid edirəm ki, hamsını oxuyub bitirə bilərəm. Burda deyə bilərsiz ki, “bir-ikisini oxudun bəsdi, ağ eləmə day”. Ancaq Svayqın bazarlıq siyahısını belə oxuyaram, o dərəcə çox sevirəm qələmini.

Stefan Svayq öz həyat yoldaşı ilə birlikdə intihar edib və bizə ondan qalanlar isə möhtəşəm əsərləri olub. İnternetdə kiçik bir axtarış etsəniz, hətta intihar məktubunu da tapa bilərsiniz. İntihar etməsinin səbəbləri, keçirdiyi psixoloji hisslər barədə isə məşhur “Şahmat” əsərində rast gələ bilərsiniz. Məhz bu səbəbdən ədəbiyyatda “Şahmat” əsərini onun “vəda” əsəri olaraq qeyd edirlər.

“Səbrsiz ürək” psixoloji romandır. Nə az, nə çox, 460 səhifə acıma hissinin nələrə yol aça biləcəyindən danışır. Əsərin süjet xətti çox sadə hadisələr üzərində qurulub. Əsəri 7-8 ay müddətində fasilələrlə oxumağıma baxmayaraq baş verən hadisələrin az olmasından dolayı arada kitabdan qopuqluq hissi yaşamadım. Varlı ailənin əlil qızı İdet (Edith) və yaşadıqları qəsəbədə hərbi məktəbdə oxuyan bir gənc romanın əsas qəhrəmanları kimi görünə bilər, lakin əsas qəhrəman həmin gənclə həkim Kondordur (Condor). Öncələr bu gənc ailə ilə tanışlıq zamanı İdetin əmisi qızını sevir, lakin sonradan İdetin şikəstliyi və qızın ona bağlanmağından dolayı ona daha yaxın münasibət göstərir. Başlarda bu münasibəti özü də normal qarşılasa da, əslində ona qarşı olan hisslərinin acıma duyğusundan irəli gəldiyini görür. Ancaq, o bunları anlayanda və başa düşəndə geri addım atmaq üçün çox gec olur. Bununla yanaşı, gənc qızın həkimi də ona, atasına qarşı eyni hissləri bəsləyir. Lakin onun acıma duyğusu digərindən daha fərqlidir. Belə ki, o bu hisslərin arasında reallıqdan uzaqlaşmır və məntiqli davranmağı bacarır.
 

 
Əsərdə müəllif demək istəyir ki, bəzən başqasına qarşı hiss etdiyimiz acıma duyğusu onun məhvinə səbəb ola bilir. Bu iki insanın bəslədiyi hissin müxtəlif formalarını təhlil edib başa düşmək isə biz oxuculara qalır.

Sonda, Stefan Svayqı niyə bu qədər sevdiyim barədə qeyd etmək istərdim. Mən oxuduğum kitablarda süjet xəttindən çox təsvirlərə, müəllifin hadisələri, hissləri təsvir etmə qabiliyyətinə çox önəm verirəm. Stefan Svayq isə bu barədə möhtəşəm yazardır. Əsərlərində obrazların keçirdiyi hissləri, yaşadığı sarsıntını, içində olduğu get-gəlləri o qədər gözəl ifadə edib bizə çatdırır ki, sanki birbaşa o hissləri yaşayırıq. Digər əsərlərində olduğu kimi bu əsərində də mən əsəri oxumadım, birbaşa əsərin içində hiss etdim özümü. Həm əlil qız olmağı, onun gətirdiyi çətinlikləri, həm də aciz bir insana qarşı bəslənən acıma qarışıq duyğuları, onun verdiyi vicdan ağrılarını yaşadım. Bundan gözəl nə olsun ki?! Sevirəm səni, Svayq! 😀

Hələ də Stefan Svayqdan heç nə oxumamısınızsa, ən yaxın kitab mağazasına gedin, kitabını alın və açıb elə indi oxuyun! Peşman olmazsınız, dostlar. 🙂
 

 

Hər kəsə xoş qiraətlər diləyi ilə, Əsli!

 

Hazırladı: Əsli Musayeva
www.notesdeasli.wordpress.com
Facebook:
 Notes de Asli
Instagram: @notesdeasli

 
 

Şərhlər

Menyu