Aparıcı vəzifələrdə irəliləyən xanımlar. Taxi LİDER şirkətindən Fatimə Bayramova təcrübəsini bölüşür.


 
 

Uğurlu karyeranın təsiri həyatımızın bütün məqamlarında, münasibətlərimizdə, cəmiyyətin bizə qarşı baxışlarında əks olunur. Öz ayaqları üzərində durmağı bacaran, məqsədləri olan, uğur qazanmaq yolunda inamla addımlayan savadlı qadın olmaq eyni zamanda psixologiyamıza da yansıyır və özgüvənimizi artırır, özünə və gücünə inanan bir fərd olaraq formalaşmamıza səbəb olur. Bəs, bu qədər özünəinamlı olmaq, iş həyatında və bilavasitə iş dünyasında uğur qazanmağın sirrləri nədir?

Araşdırmalara əsasən, artıq qadınların iş dünyasındakı rolu və uğurları artmaqdadır.  Bir çox qurumlar, şirkət və müəssisələr qadın işçilərin inkişafına inanır və buna müxtəlif imkanlar yaradır. Beləcə, xanımlar yalnız onlara uyğun görülən sahələrə deyil, seçdikləri ən müxtəlif istiqamətli vəzifələrdə saysız uğurlara sahib olurlar. Müsahibimiz Fatimə Bayramova  Taxi Lider şirkətində PR və Marketinq şöbəsinin müdiri vəzifəsində çalışır. Fatimə xanımın iş həyatındakı maraqlı məqamları, uğurları və əsas aparıcı qüvvəsinin kişilərdən ibarət olan təşkilatdakı fəaliyyəti haqda maraqlı söhbət etdik.

 
 

 
 

Taksi Lider-i təsis etmək kimin ideyası idi? Bu ideyanın reallaşması prosesi haqda bəhs edə bilərsinizmi?

– Öncəliklə, vurğulamaq istərdim ki, son illər ölkəmiz iqtisadiyyat sahəsində böyük nailiyyətlər əldə edib. Bunun nəticəsində fərqli sahələrdə, eləcə də taksi xidməti sahəsində böyük irəliləyişlər var. Əvvəllər taksi sürücülərinə bir çox məhdudiyyətlər qoyulurdu, bu sahədə böyük boşluqlar var idi. Lakin son illər deyə bilərəm ki, bu sahə çox sürətlə inkişaf etməyə başladı və şərtlər yüngülləşdi. Bu səbəbdən də, bir sıra taksi xidməti şirkətləri fəaliyyətə başladı və onlar arasında güclü rəqabət yarandı. Rəqabət olan yerdə isə əlbətdə ki, inkişaf var. Rəsmi statistikaya görə hazırda bizim taksi istifadəçilərimizin sayı 300-400 mini aşmış, lakin qeydiyyatdan keçmiş taksilərin sayı 13390-dır. Bu taksiləri müştərilərə yönləndirmək üçün Bakı şəhərinə yalnız bir sistem yetmir. Bu səbəbdən də son illərdə bu kimi xidmətlər artmaqdadır. Bu nüansları nəzərə alaraq, həm də təsisçimiz İdris Bayramovun nəqliyyat sahəsindəki zəngin təcrübəsi sayəsində xalqımıza xidmət göstərəcək fərqli bir xidmət sahəsi açmaq ideyası yarandı.

 

– Bir qadın olaraq taksi şirkətinin PR və Marketinq şöbəsinin müdiri vəzifəsində çalışmaq necə bir hissdir?

– Xidmət sahəsində PR və marketinq işinin təşkili mənim üçün həm maraqlı, həm də qürurvericidir. Bu sahə digər qonşu ölkələrə nisbətən Azərbaycanda yeni yaranıb. Şöbəmizin işində dinamikliyi və daim gündəmlə ayaqlaşmağı üstün tutmağımız çox önəmlidir. Təbii ki, digər sahələrdə də olduğu kimi qadın olmağım zaman -zaman bir xanım toxunuşumla işə fərqlilik gətirməyimə, daha maraqlı nəticələr əldə etməyimizə kömək edir.
 
 


 
 

– Kişilərin əsasən üstünlüyünü qoruyub saxladığı bir sahədə fəaliyyət göstərirsiniz. Bu yolda hansı strategiyalarla uğur qazanmağı hədəfləmisiniz?

– Fəaliyyət göstərdiyimiz sahə xalqa xidmət sahəsi olduğu üçün təşkilatımızın adındakı “lider” kəlməsi xidmətimizi bazarda liderliyimizi qoruyaraq həyata keçirməyimizə işarətdir. Ən başlıca strategiyamız isə bizdən istifadə edən hər bir müştərimizin xidmətimizdən razı qalmasıdır. Digər önəmli hədəfimiz isə keyfiyyəti saxlamaq şərtilə onlara münasib qiymətlər təqdim etməkdir.
 
– Hər zaman xəyal etdiyiniz iş həyatı və ya peşə nə olmuşdur? Bunlar hal-hazırki işiniz və nailliyyətlərinizlə nə dərəcədə ahəngdir?

– Uşaqlıqdan arzum həkim olmaq idi. Lakin, çox təəssüf, arzumu həyata keçirə bilmədim. Ümumiyyətlə hər zaman özümü inkişaf etdirən, daim yeniliklər öyrəndiyim sahədə işləməyi istəmişəm. “Xoşbəxt o insandır ki, həm işinə, həm evinə sevə-sevə getsin” misalı isə daim üstün tutduğum fəlsəfədir. Hazırki iş yerim isə mənə bu misaldakı həyatı yaşamağı nəsib edir.
 
– İş həyatında cəsarət və özünəinam kimi bir çox önəmli nüanslar əhəmiyyətlidir. Lakin ən önəmli məsələlərdən biri də çevrəmizin, yaxınlarımızın dəstəyidir. Bəs, siz bu yolda ən çox kimlərin dəstəyini hiss etmisiniz?

– Etiraf etməliyəm ki, ən böyük dəstəkçim həyat yoldaşım olub. Onunla işə aid bütün məsələləri çox rahat müzakirə edirəm və ondan bir çox dəyərli məsləhətlər alıram. Eləcə də, valideynlərim və yoldaşımın valideynləri daim məni dəstəkləyiblər, mənə yardımçı olublar.
 
– Xanımların əlinin dəydiyi hər sahə daha gözəlləşir. Sizcə Taxi Lider-ə sizin gətirdiyiniz özəl qatqı nədir?

– Sizin bu fikrinizlə tamamilə razıyam. Ümumiyyətlə düşünürəm ki, elə bir sahə yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəffəqiyyət qazanılsın. Çalışıram ki, şirkətimizin inkişafı, uğuru üçün əlimdən gələni əsirgəməyim. Maraqlı, kreativ ideyalarla Taxi Liderin inkişafına daha da böyük təkan verirəm. Yeni açılmış təşkilat olmağımıza baxmayaraq, qarşılığında qısa zamanda daimi müştərilərimizə çevrilmiş insanların pozitiv fikirlərini eşitmək çox qürur verici hissdir.
 
 

 
 
– Ümumiyyətlə şirkətinizin korporativ fəlsəfəsi nədir? Sayı durmadan artan taksi şirkətləri arasında nə kimi fərqlə seçilmək istəyirsiniz?

– Razıyam, taksi şirkətləri günü-gündən artmaqdadır. Bu kimi şirkətlərin artmağı iqtisadiyyatımızın inkişafına çox böyük təkan verir. Lakin əminliklə söyləyə bilərəm ki, Taksi Lider çox qısa zamanda bu kimi şirkətlər arasında öz liderliyini qazanacaq. Çünki, bizim irəlidə çox böyük hədəflərimiz var.  Fəaliyyətimizi yalnız taksi xidməti sahəsi ilə məhdudlaşmayacaq. Bizim yaxın gələcəklə bağlı böyük layihələrimiz var. Yaxın zamanda evakuator, yükdaşıma, yolda kömək kimi xidmətlərlə də fəaliyyətimizi davam etdirəcəyik. Digər fəqrliliyimiz isə yuxarıda da qeyd etdiyim kimi, münasib qiymətlərə yüksək xidmətimizlə göstərməkdir.
 
– Azərbaycan reallığında taksi istifadəçilərinin əksəriyyətini işgüzar qadınlar və ya analar təşkil edir. Şirkətinizin zərif cinsin nümayəndələrinə vəd etdiyi xüsusi xidmətlər mövcuddurmu?

– Bəli, əsas istifadəçilərimiz gözəl xanımlarımızdır. Hal-hazırda xanımlarımız üçün bizdə kömək xidmətimiz var. Yükü ağır olan xanımlara, yəni alış-verişdən əlidolu çantalarla gələn xanımlarımıza xüsusi təkliflərimiz var. Eləcə də, körpəli analar üçün uşaq oturacağı olan avtomobillərimiz mövcuddur. Həmçinin, bizdə avto-dayə xidməti də mövcuddur. Analar tam ürək rahatlığı ilə uşaqlarını bizim avtomobillərlə məktəbə və yaxud uşaq bağçasına göndərə bilərlər. Bizim sürücülərimiz bu barədə tam təlimləndiriliblər. Gələcəkdə çalışacağıq ki, onların işini yüngülləşdirmək üçün daha da maraqlı təklilər irəli sürək.
 
– Sürücülərinizin peşəkarlığı və avtomobillərinizin təhlükəsizliyi barədə nə kimi şərhlər vermək istərdiniz?

– Bizim sürücülərimizə xüsusi mütəxəssislər tərəfindən təlimatlar keçirilir. İşlərini daha da peşəkarcasına icra etmək üçün onlarla iclaslar təşkil olunur. Bizimlə işləyən hər bir sürücü xüsusi təlimatlardan keçir. Bundan başqa, sürücü terminalında olan müasir naviqasiya, müştəriləri ünvana ləngimədən və zamanında çatdırmağa əminlik verir.
 
 

 
 
Bəs şirkətinizə loyallığın artması üçün bugünlərdə keçirdiyiniz nə kimi kampaniya və endirimlər təklif edirsiniz?

– Biz demək olar ki, hər bayramla əlaqəli xüsusi kampaniyalar, yarışmalar, endirimlər keçiririk. Buna misal olaraq, 8 mart qadınlar günü münasibətilə 8 xanım bizdən pulsuz gediş qazandı. Novruz bayramında isə bizdən istifadə edən müştərilərimizin gediş haqlarına 15% endirim vermişdik. Biz Taxi Lider olaraq çalışırıq ki, həmişə xüsusi təkliflərlə ön planda olaq. Yaxın zamanda müştərilərimizi bu kimi maraqlı endirimlərlə sevindirəcəyik.
 
– Və sonda, yaşadığınız təcrübələrə əsaslanaraq, bu peşə üzrə irəliləmək istəyən xanımlara jurnalımız vasitəsilə hansı ismarıcı paylaşmaq istərdiniz?

– Ümumiyyətlə, Azərbaycan qadını güclüdür. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Bu çox sevindirici haldır. Fikrimcə, ilk növbədə bir qadın ağıllı olduğunun fərqinə varmalıdır. Bu istiqamətdə zəkasından istifadə edərək yaradıcılığını inkişaf etdirməlidir. Daima öz üzərində işləməlidir. Hər mövzuda özünə və qarşısındakılara dürüst olmalıdır. İstər kişi, istərsə də qadın qarşısına məqsəd qoyması önəmlidir. Hər bir işdə istək və arzu olmalıdır. Əgər qadın özünə inansa, özünə güvənsə hər bir işi alınar, bir çox çətinliklərin öhdəsindən gələr.
 
 
Hazırladı: Nailə İskəndərova
Foto: Elshad Əlizadə 
 
 

 
 

Şərhlər

Menyu