2017-də gəlinlər ən çox bu saç düzümlərində yadda qalacaq..


 
 

Qarşıdan özəl günlərin-toy mərasimlərinin ən çox qeyd edildiyi mövsüm gəlir. Həyatının ən önəmli günündə diqqət çəkici və dəbli görünmək istəyənlər üçün ən azı gəlinlik qədər saç düzümü də ön plandadır.
Zuleykha jurnalı olaraq 2017-nin gəlin namizədləri üçün ilin trend saç düzümlərini təqdim edirik.
 
 

 

 ÇİÇƏK TƏRAVƏTLİ GƏLİNLƏR

Sadəlik daima trenddir və onun təqdimata ehtiyacı yoxdur. Yaz-yay mövsümündə sadə yığılmış saçların fatasız belə gözəl görüntüyə sahib olduğunu düşünənlər də var. Mövsümün təravətini xatırladan təbii çiçəklərin fatadan daha ecaskar göründüyünü düşünənlər toy günü saçlarını məhz təbii çiçəklərlə bəzəməyə üstünlük verirlər. DAVİD’SMARCHESA-nın təqdim etdiyi Yaz 2017 kolleksiyasındakı saç düzümlərini öndən sadə, lakin arxadan müxtəlif güllərlə bəzənmiş eleqant saç düzümləri ilə qarşılaşırıq. Mövsümün gəlinlik obrazlarının əsas özəlliyi də məhz onların özünəməxsus aksessuarlarıdır.



 
 

ÇİÇƏKLİ ÇƏLƏNGLƏR

Standartdan uzaqlaşmağı və daha sərbəst ab-havalı toy mərasimi düşünənlər adətən dəniz sahili kimi romantik məkanlar seçirlər. Yalnız məkan seçimində deyil, məhz xarici görkəmi ilə də seçilmək istəyənlər belə məkanlarda adətən təbii güllərdən hazırlanmış və gəlinlikləri ilə uyğunlaşan çələngləri ənənəvi taclardan üstün tuturlar. MONIQUE LHUİLLER-in təqdim etdiyi bu tip saç düzümü və sadə gül büketi, həmçinin belə toylara xas tamamlayıcı aksessuardır.

 

 
 

DƏNİZ DALĞALARI 

Havaların günəşli keçməsi xüsusi məkan seçmək istəyənlər üçün əlverişli imkan yaradır. Belə ki, yaz-yay mövsümündə toy üçün yaşıl ağacların əhatəsini, açıq havada təbiət qoynundakı əraziləri də seçənlər olur. Belə məkan üçün sözsüz ki, təmtəraqlı saç düzümü münasib deyil. Sadə buruqlu açıq saçlar belə toylar üçün ənənəvidir. JENNY PACKHAM-ın yaşıllıqlar arasında təqdim etdiyi kolleksiyasında da gördüyümüz kimi,belə məkanların əvəzolunmaz saç düzümü sözsüz ki, iri buruqlu, təbii görkəmli saçlardır.

 

 
 

UZUN DUVAQLAR

Məkandan və mövsümündən asılı olmayaraq, tarix boyu gəlinlikləri müşayət edən duvaqlardan imtina etməyən xanımlar da olur. SACHIN AND BABI belə xanımların istəyini nəzərə alaraq, duvağın gözəlliyini daha çox qabardaraq saça əlavə aksessuarlar taxmaqdan imtina etmiş, əvəzində isə iri həcmli sırğalardan istifadə etmişdir. ZUHAİR MURAD Yaz 2017 kolleksiyasından da gördüyümüz kimi, sadə yığımlı saçlarla unikal dizaynlı və iri həcmli fata taxmaq mövsüm üçün xasdır.

 

 
 

FOLQALI SAÇ DÜZÜMLƏRİ

Və nəhayət, mövsümün gəlinlər üçün ən unikal və diqqət çəkən trendlərindən biri. Saçlarda yenilik etmək istəyən gəlinlər GALIA LAHAV Yaz 2017 kolleksiya nümayişindən müşahidə etdiyimiz saç düzümləri ilə saçlarda qızılı folqa görüntüsü əldə edə bilərlər.
 

 
 

Hazırladı: Gültəkin Abdullayeva

 
 

Şərhlər

Menyu