Şəffaflıq şərtdir! Görünməz ayaqqabılar yazın ən aktual trendi olacaq.


 

2016-cı ilin bəzi məşhur kolleksiyalarında rast gəldiyimiz şəffaf ayaqqabılar 2017-nin dəb nümayişlərinin, tanınmış brendlərin, məşhur simaların, moda dünyasına istiqamət verən modellərin və bloqerlərin sevilən trendinə çevrilib. Ötən il ayaqqabılarda şəffaflıq yalnız dabanlarda müşahidə olunurdusa, bu il “şəffaf aydınlıq” ayaqqabıları bütünlüklə çərçivələməkdədir. Dizaynerlər bu şəffaflığın qadınlar tərəfindən çox bəyənildiyini iddia edirlər. Belə ki, bu yeni dəb sayəsində qadınlar ayaqlarının və pedikürlərinin gözəlliyini rahatlıqla nümayiş etdirə bilirlər. Qış aylarında bu şəffaf topuqlar buz parçasını xatırladaraq sərin görünüş versə də, yay aylarında zərif və eleqant görüntü bəxş edir.

Yay fəslinin də yaxınlaşması ilə şəffaflıq modası səndəllərdə, baletkalarda, stilettolarda və başqa bir çox ayaqqabı modellərində özünü göstərməyə başlamışdır. Yayın ən sevilən trendlərindən olacağı gözlənilən “görünməz” ayaqqabılarda fərqliliyi ilk dəfə şəffaf materialda lak dolğulu dəri və məxmər istifadə edərək Aleksandr Vanq etmişdi. Eyni zamanda Yeezy, Simone Rocha, Dolce & Gabbana, Miu Miu, Gucci, Forever 21, Celine və s. kimi brendlərin kolleksiyalarında, Kendal Cenner, Rihanna, Cenifer Laurens, Dorit Kemsley və s. kimi məşhurların öz qarderoblarında şəffaf ayaqqabılara yer verdiyi müşahidə edilir.
 
 

Hazırladı: Nərmin Həsənli

 
 










Şərhlər

Menyu