Top 3 səbrli fotoqraf! Balacaların ən çox sevdiyi fotoqraflar!

 
 

Hər insan öz həyatının, öz hekayəsinin qəhrəmanıdır. Doğumla başlayan bu hekayədə ən həyəcanlı, maraq və həyat dolu illərimiz isə sözsüz ki, uşaqlığımızdır. Sürətlə ötüb keçən zaman və hər an böyüyən övladlarımızın ən xoşbəxt anlarını nağılvarı kadrlara çevirmək, hekayənizi tamamlayıb, ona sonsuzluq ruhu qatmaq üçün müasir dövr insanlara bir çox imkanlar təqdim etməkdədir. Peşəkarlar fotoqraflar sevimli yaramazların ən dəyərli anlarını, mələkləri xatırladan gülüşlərini və zamanla yaşadıqları dəyişimi  sadəcə yaddaşlarınıza deyil, həmçinin daima gözünüzün önündə olacaq fotoşəkillərə həkk edir və bu anları ömür boyu saxlamaq imkanı verir.

Xatirələrin unudulmazlığı üçün çalışan və onlara gələcəkdə körpəlik zamanlarını daha yaxşı anlada bilmənizə səbəb olan bu insanlar sayəsində övladınızın böyümə anını əks edən bir-birindən gözəl kadrlara sahib olacaqsınız. Fotoqraflar üçün körpələrin rəngli dünyasını kadrlara yansıtmaq olduqca əyləncəli işdir. Hər an hərəkət halında olan balacalarla çalışmaq həmçinin, olduqca səbr və təcrübə tələb edən məşğuliyyətdir.

Zuleykha jurnalı balacalarınızı, onların ilk addımlarını, ad günlərini, ilk dəfə məktəbə getdiyi günü və digər dəyərli anları top 3 yerli fotoqraf  Elnur Eldaroğlu, Samir Atabəy və Rafiq Rüstəmlinin  simasında təqdim edir.
 
 

Samir Atabəy
– Hər bir insanın fotogenik tərəfi onun üzüdür. Lakin əsas məsələ bu fotogenikliyi kadrlara yansıda bilməkdir. Çəkilişlərdə, xüsusən də uşaqları çəkdiyim zaman ilk olaraq çalışıram ki, həmin mükəmməl rakursu tapım. Digər bir məsələ isə avandanlıqlar və onlarla peşəkar işləməyi bacarmaqdır. Əsasən, “fix” obyektivlərdən istifadə edirəm. 3-cü və ən önəmli məqam işıqdır. Təbii işıqdan istifadə etməyi sevirəm və yaxud studiyadayamsa, statik işıqla və çəkilişlərimin əksəriyyətinini 85mm obyektiv ilə həyata keçirirəm.

– İnsanların ən xoşbəxt anlarında onların yanında olmaq həqiqətən çox dərin və gözəl hisslər yaşamanıza səbəb olur. Bu isə sevinc və xoşbəxtlik dolu ailələr və övladları ilə bərabər, həm də sizi xoşbəxt edir. Çox gözəl hissdir, bir sözlə.

– Qeyd etdiyim kimi, müştərilərim ancaq xoş anlarında bizə müraciət edirlər. Valideynin uşağa, ananın övladına olan saf sevgisini kadrlarda əks etməyə çalışıram. Həmçinin əsas hədəfim körpələrin də gələcəkdə böyüdükləri zaman baxıb xoşbəxt olacaqları anları ölümsüzləşdirməkdir. 
 








 
 
Elnur Eldaroğlu
– Mənim fikrimcə, uşağa həyatda ən çox yaraşan onun üzündəki məsum təbəssümüdür. Fotoşəkilişlərdə əsas metodumuz məhz balacaların təbəssümünə nail olmaq və bunu kadrlara həkk etməkdir. Bu işdə mənim ən böyük köməkçilərim isə balacaların valideynləri olur. Öz uşaqlarını güldürməyə çalışan valideynlərin özlərinə bəzən kənardan baxdıqda, insanın üzündə xoş təbəssüm yaranır. Hərdən onları da çəkirəm və beləcə xoşbəxt ailə tabloları yaranır.

– Çəkiliş zamanı eyni anda bir çox hisslər keçirirsən. Lakin bunlardan ən önəmlisi məsuliyyət hissidir. Çünki, insanlar gələcəkdə hər dəfə həmin dəyərli günlərə məhz sizin cəkdiyiniz şəkillər vasitəsilə xəyalən qayıdacaqlar. Yəni onların xəyallarının formalaşmasında sizin çəkdiyiniz şəkillərin əhəmiyyəti böyükdür.

– Bildiyimiz kimi, dünyada, əsasən də müharibələrin olduğu ölkələrdə fotograflar tərəfindən dünyaca məşhur və bir çox beynəlxalq mükafatlara layiq görülmüş uşaq portretləri çəkilmişdir. Çox təəssuf ki, həmin portretlərdəki uşaqların üzündə hətta bəzən böyüklərdən belə çox kədər olur. Lakin mən körpələri xoşbəxt görmək istəyirəm. Bu mövzuda çəkdiyim şəkilə görə mükafatım olmasın, lakin şəkillərimdə körpələr hər zaman gülsünlər. Yanlarında onları güldürən valideynləri olsun.
 








 
 
Rafiq Rüstəmli
– Öncəliklə, körpə ilə tanış oluram, mənə və çəkilişə adaptasiya olması üçün.. Onlarla tanışlıq prosesi yaşından asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. Çəkiliş zamanı onları güldürməyə, əyləndirməyə çalışıram. Hər bir körpənin ən fotogenik olduğu an üzündəki gülüşünü gördüyüm andır. Lakin hər körpəni güldürmək də asan iş deyil. Ən vacib şərtlərdən biri onunla göz kontaktı qura bilməkdir. Çalışıram boyca onlar boyda olum ki, rahat olsun, çekinməsinlər. Lazım gələrsə, hətta döşəmənin üzərində uzanıram. Əsas odur ki, balacanın diqqətini cəlb edim. Bunun üçün müxtəlif üsullar var, əzizləmələrdən istifadə edirəm, hətta yeri gələndə maraqlı səslər çıxarıram. (gülür) Lakin, 2-3 yaş və ondan böyük uşaqlarda başqa metodikadan istifadə edirəm. Onların geyimlərini düzəldirəm, saçlarını darayıram, lazım olan pozada durmasını isə onu tərifləyərək, motivasiya edərək əldə  edirəm. Onları təriflədikcə özlərini daha da rahat hiss edirlər. Beləcə, istədiyim nəticəni əldə edirəm. 

– İnsanların ən dəyərli anlarını ölümsüzləşdirmək çox maraqlıdır əslində. Hər bir fotoqrafın öz dəstxətti var və düşünürsən ki, niyə məhz mən?? O anlarda diqqət mərkəzində hiss edirəm özümü. Sanki, hər kəs mənim nə etdiyimə baxır, hörmətlə yanaşır. Bu həm motivasiya, həm də eyni zamanda məsuliyyət deməkdir. Məsuliyyət isə işin keyfiyyətini artır. Keyfiyyətli iş isə elə diqqət və hörmət deməkdir.

– Neçə ildir ki, bu sənətlə məşğulam. Çox tez-tez öz özümə bu sualı vermişəm. Lakin nədənsə hər dəfə su damcısının suya düşməsi anı gəlib ağlıma. Yeni, təbiiliyi sevirəm və təbii fotoşəkillər çəkməyə çalışıram. Çəkilişdən sonra rəng korreksiyasından başqa heç bir düzəliş etmirəm. Düşünürəm ki, obyekt və ya subyekt Allahın yaratdığı kimi də görünməlidir. Fotoşəkillərimdə yalnız saflıq, sevinc və xoşbəxtlik duyğularını yansıdmağı hədəf olaraq görürəm.
 








 
 

Hazırladı: Nailə İskəndərova

Şərhlər

Menyu