“Talk About Nails”. Ülkər Muradovanın manikür alüdəçilərinə həsr olunan İnstaqram səhifəsi.


 

Baxımlı dırnaqlar zərif xanımlar üçün əvəzedilməz detaldır. Moda dizaynerlərinin podium nümayişlərindən gündəlik həyatımıza qədər uzanan müxtəlif trendlər, rəng ahəngi və ya kontrastı, sadə, təbii, yaxud iddialı tonlar və naxışlar vasitəsilə artıq istədiyimiz tərzdə eleqant dırnaq manikürləri əldə edə bilirik. 2010-cu illərdən bəri trendə çevrilmiş “nail art” isə dırnaq trendləri və boya seçimləri arasında cəsarətli addımların atıldığı dövrə qədəm qoymamıza səbəb oldu. Sosial mediada adını tanıdan bloqerlər və sosial fenomenlərin valehedici paylaşımları dırnaqlarda əvvəlki dövrlərdən qalan ənənəvi rəng və naxışların yerini yeni və daha sərbəst tərzlərin əvəz etməsinə səbəb olmuşdur.

Son zamanlar İnstaqram istifadəçiləri arasında məşhurlaşan, xüsusən dırnaq baxımı və manikür tərzlərini izləyən xanımların marağına səbəb olmuş _talkaboutnails_ adı ilə fəaliyyət göstərən səhifə 22 yaşlı Ülkər Muradovanındır. Bakı Dövlət Universiteti məzunu Ülkər üçün əllər və dırnaqlar çox önəmlidir. “Birini ilk gördüyüm zaman öncəliklə əllərinə baxıram. Mənə görə qadının əlləri hər zaman səliqəli olmalıdır.” deyən Ülkərin dırnaq boyalarına həvəsi kiçik yaşlarından başlayıb. Hər zaman dırnaq boyaları və manikürləri ilə diqqət çəkdiyini qeyd edən xanım noyabr ayından bəri fəaliyyət göstərən və manikürlərini sərgilədiyi  səhifəni yaratmaq haqda fikrinin ötən illərdən bəri mövcud olduğunu deyir. Başladığı zamanlarda təcrübəsiz və məlumatsız olan Ülkər vaxt keçdikcə manikürlər və fotoşəkillərin çəkiliş tərzi barədə araşdırmalar etmiş, daha incə detalları, təlabatları öyrənərək yeni eksperimentlər üzərində çalışmış və hobbi olaraq məşğul olduğu səhifəsini biznes hesabına çevirmişdir.
 
 

Hazırladı: Nailə İskəndərova
Instagram: _talkaboutnails_

 









Şərhlər

Menyu