Balaca İnstaqram bloqeri Zümrüdün növbəti rəngarəng fotosessiyası.


 

Bitməyən enerjiləri və üzlərdə təbəssümə səbəb olan davranışları ilə özlərini asanca sevdirə bilən balacalar son dövrlər sosial mediada ətrafına böyük pərəstişkar kütləsi qazanmağı bacarmışlar. Gündəlik məşğuliyyətlərini, məzəli qarderoblarını, təbii şıltaqlıqlarını kadrlara yansıdığı balaca İnstagram bloqerləri kamera qarşısında özlərini aparmağı, izləyicilərinin sevgisini qazanmaqda məharətlidirlər. Dünyaca məşhur brendlərin, aktyor, aktisa və müğənnilərin, dizayner və modellərin milyonlarla izləyicini cəlb edən şəxsi hesabları ilə eyni məkanda adını böyük kütlələrə çatdırmağı bacarmış bu balacalar valideynlərinin istiqamətləndirdiyi yollarla özünəinamlı şəkildə irəliləyirlər.

Lüks brendlərin balacalara həsr etdiyi dəbli geyim və aksessuar kolleksiyaları sayəsində artıq azyaşlı uşaqlar üçün də trendləri izləmək çətin deyil. Bu trendləri izləyən balacalar isə incə estetik zövq formalaşır, kiçik yaşdan moda həvəskarlarına çevrilirlər. 

Ən yaxın rəfiqəsi anasının tövsiyyələri ilə fərqli tərzlərdə geyimlərini kombinləyən, müxtəlif konseptdəki fotosessiyaların qəhrəmanı 3 yaşlı Zümrüd də əsl moda həvəskarlarındandır. Bir-birindən diqqətçəkici geyimləri və fotoşəkilləri ilə qarşımıza çıxan bu balaca xanımın hal-hazırda 35 000-dən yuxarı İnstagram izləyicisi var. Qısa zamanda özünü sosial mediada sevdirməyi bacarmış balaca Zümrüddən bloqerlik fəaliyyətini əhatə edən müsahibəni Sizə də təqdim edirik.

 


 

– Tanımayanlara Zümrüdü necə təqdim edərdin?

– Mən Zümrüd Əliyeva. Dəbi izləyən, son trendlərdə geyinməyi sevən balaca dəb bloqeri.

– Sənin üçün bloqer olmağın ən əyləncəli tərəfləri nədir?

– Ən əyləncəli tərəfi izləyicilərimin daim əhvalını qaldırmağımdır. Sevilmək, tanıdığın və ya heç tanımadığın insanlardan gözəl rəylər eşitmək.

– Bəs, ümumiyyətlə bloqerliyə necə başladın?

– Hər şey anamın qarderobundan daim nələrəsə göz qoymağım oldu. Sonunda ailəm dəbi sevdiyimi hiss etdi və anam zamanla geyim seçimimi mənə buraxmağa başladı. Beləcə, gündəlik kombinlərimi paylaşaraq isə İnstagram səhifəmdə daimi izləyiciləri çox qısa zamanda öz ətrafıma toplaya bildim.
 


 

– Balaca Zümrüd böyüdüyü zaman da moda bloqeri olacaq, yoxsa artıq tamamilə fərqli sahələrə maraq oyanıb onda?

– Böyüyəndə hansı peşənin sahibi olmağımdan asılı olmayaraq hər zaman dəbli geyinəcəyimi düşünürəm.

– İnstaqram səhifəndən belə bəlli oldu ki, makiyaj və gözəllik məhsullarını çox sevirsən. Mama onları əlindən gizlətdikdə nə edirsən?

– Çox sevirəm, çox! Anam onlarla oynamağa icazə verməsə də, güzgünün qarşısında gizlin dodaq boyası ilə oynamaq ən sevdiyimdir.
 


 

– Bloq üçün hansı hədəflərin var?

– Bloq daha çox əyləncə üçün düşünülmüşdür. Hədəfimiz yalnız zövqlü geyimlərim, son uşaq geyim trendləri, gündəlik başıma gələn məzəli anlarımla izləyicilərlə paylaşmaq və bununla insanlarda pozitiv əhval yaratmaqdır.

– Geyimlərini adətən ananla seçirsən, yoxsa bu seçimdə azadlığa üstünlük verirsən?

– Təbii ki, hər şüy anamın seçimləri ilə başladı. Lakin artıq bu işdə sərbəstləşməyə başlamışam və yalnız sevdiyim əşyaları geyinirəm. Anam seçimimə hər zaman səbrlə yanaşmağa çalışır.
 


 

– Zümrüdün ən çox üstünlük verdiyi geyim brendləri?

– Mənim ən çox sevdiyim brendlər  Monnalisa, D&G, Burberry, Zara və s.

– Geyimlərini və tərzini nümunə götürdüyün, ilham aldığın yerli və ya dünya səviyyəsində fəaliyyət göstərən bloqerlər varmı?

– Əslində, mənim anamın dizayn və moda sahəsinə çox marağı var. Biz onunla hazır dəstləri ayırıb, istədiyimiz kimi cütləşdirib yeni kombinlər yaradırıq. Lakin eyni zamanda, bir çox xarici bloqerləri də izləyirik.

– Gündəlik rutinin haqda oxucularımıza bəhs edə bilərsənmi?

– Səhər dayəmin südlü plovu ilə açılır. Daha sonra gündüz və istirahət saatları gəlir. Günün davamında isə yeni dünyaya gəlmiş qardaşım maraqlı vaxt keçirir, böyük bacımla fərqli məntiq oyunları oynamağı sevirik.
 


 

– Bacınla oyuncaqları paylaşa bilməyəndə ən çox kim güzəştə gedir?

– Bacımla bir-birimizi çox sevirik. Buna baxmayaraq, qısqanclığım tutub oyuncaqlarımı paylaşmaq istəmədikdə, bacım mənə daha çox güzəşt edir. Mən də yəqin onun yaşda olanda güzəştə getməyi öyrənəcəm.

– Həyatının ən böyük eşqi kimdir?

– Ailem. Dayəmi çox sevirəm, amma evdəkilərdən uzaq çox qalmağa heç alışmamışam.

Hazırladı: Nailə İskəndərova
Foto: Tərlan Aslanov
            Stil: Aynur Əlibəyova

Studio: Sorriso Studio
Geyim: Monnalisa Baku


 
 
















 

Şərhlər

Menyu