Berlin Moda Həftəsində Leoni Mergenin “Qarabağ Kolleksiyası” nümayiş olundu.


 

Son zamanlar gündəmdə olan gənc dizayner Leoni Mergen Almaniyanın paytaxtı Berlin şəhərində son kolleksiyasını təqdim edib. “Qarabağ Kolleksiyası” adı verilmiş kolleksiyada dizayner Azərbaycanın ən gözəl, ən qədim və ən mədəni güşələrindən biri sayılan Qarabağın milli geyimlərindən ilhamlanaraq kreativ libaslar ortaya çıxarmışdır. Təqdimatda ən çox diqqəti cəlb edən həm kişi, həm də qadın üçün nəzərdə tutulmuş yaxalar və çuxalar olub. Eyni zamanda dəridən hazırlanmış və cazibədar ipək detallar da diqqətdən yayınmır.

Kaufhaus Jandorf sərgi məkanında həyata keçirilən nümayişdə moda sahəsi üzrə peşəkar olan 500-dən artıq modelyer, jurnalist və s. qonaqlar iştirak etmişdir. Azərbaycan muğamı və milli musiqisi sədaları altında podiumda 18 dəstdən ibarət olan kolleksiya sərgilənib.
 


 

Leoni Mergenin Azərbaycan mədəniyyətini qeyri-adi bir tərzdə təqdim etməsi və ustalıqla nümayiş etdirdiyi geyim nümunələri iştirakçılar tərəfindən olduqca bəyənilmişdir. Bu kolleksiyanın hazırlanması və nümayişi “Avropa Azərbaycan Cəmiyyəti”-nin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqda informativ məqsədlə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti lahiyəsidir.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərovun bildirdiyi kimi, “Qarabağ Kolleksiyası” TEAS üçün çox maraqlı lahiyədir: “Biz berlinli gənc dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Bu moda nümayişi beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən Berlin Moda Həftəsi çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.
 
 

Hazırladı: Ülkər Kazımlı


 
 
























 
 

Şərhlər

Menyu