Hicabı ilə podiuma çıxaraq stereotipləri aşan model Halima Aden.

 

 
 
Böyük səhnələrdə yadda qalmaq və diqqət çəkmək üçün bəzən sadəcə olduğun kimi olmaq bəs edir. 19 yaşlı Somali mənşəli Halima Aden Kenyada mühacir düşərgəsində dünyaya gəlmiş, 6 yaşındaykən ailəsi ilə birlikdə ABŞ-a köçmüş və Minnesotada böyümüşdür.

Halima hal-hazırda adından ən çox bəhs edilən simaya çevrilib. Buna səbəb isə onun yalnız heyrətamiz gözəlliyi deyil, sərhədləri aşan, dövrün moda aləminə cəmiyyətin münasibətini dəyişən, fərqli mədəniyyətin və multikulturalizmin mənimsənilməsinə səbəb olan xarici görkəmidir.

Hər bir detalın, fərqli trend və yeniliklərin mərkəzdə olduğu bu sahədə Halima öz dəyərlərinə və işinə eyni anda sahib çıxmağın yolunu tapıb.
 

 
 
O ilk dəfə ötən il Miss Teen Minnesota USA yarışmasında hicabı ilə səhnəyə çıxmış və bir ilk olmuş, xəbər başlıqlarına, hətta tarixə öz adını yazdırmağı bacarmışdır. Daha sonra Nyu York Moda Həftəsinin ən böyük şoularından biri, Kanye Vestin Payız-Qış 2017 Yeezy podiumunda iştirak edərək müsəlman xanımların inanclarını təmsil etmiş, daha dərin anlamlı və rəğbət bəslənilən bir işə imzasını atmışdır. Podiumun ən çox diqqət çəkən modeli Milanda Alberta Ferretti podiumunda qara toxunma üst geyimi ilə bərabər taxdığı qara başörtüsü, Max Mara moda şousundakı  incə yun örtüyü ilə dünyaca böyük brendlərin simasına çevrildi və səhnəyə klassikadan uzaq bir ruh gətirdi.

Gözəlliyi ilə podiumun ulduzları Cici Hadid, Bella Hadid kimi modellərin önünə keçən Halima tez bir zamanda Kerin Roitfeldin diqqətini çəkməyi bacardı. Hal-hazırda IMG Models agentliyi ilə fəaliyyət göstərən Halima Kerin Roitfeldin CR Fashion Book kosmetika seriyasının son nəşrinin üz qabığında Luois Vuitton geyimindəki Mario Soretti tərəfindən çəkilmiş fotoları ilə daha bir uğurunu sərgiləmişdir.

IMG Models-in prezidenti Ivan Bart Business of Fashion-a açıqlamasında Halimanı inancları ilə bərabər irəlilədiyi bu yolda olduqca cəsarətli bir kimi gördüyünü və moda sənayesinin ona qarşı reaksiyasını müşahidə etmək istədiyini bildirib.
 

 
 
“Yeddi yaşlı qızımın gözəl görünmək üçün yarıçılpaq olmağa ehtiyacının olmadığını bilməsini istəyirdim. Bunun üçün təşəkkürlər” deyərək xristian ailələrindən xoş rəyləri tez-tez eşitdiyini deyən model yarışmaya qatılmaqda yalnız bir məqsədinin olduğunu bildirir. Gənc müsəlmanlara faydalı ismarıc verə bilmək, müsəlman olaraq daha rəğbət görən hekayələrlə tanınmaq.

“Stereotipləri yox etmək və özünüz olmaq üçün tərəddüd etməyin. Kimliyinizlə barışın və unutmayın ki, bütün sərhədlər aşıla bilər!” deyən Halima sürətlə irəlilədiyi karyerasında özündən fərqli biri kimi olması üçün hər hansı bir təzyiqlə qarşılaşmadığını və bunun üçün minnətdar olduğunu qeyd edir.
 

Hazırladı: Nailə İskəndərova
 

   


 
 

Şərhlər

Menyu