Caucasian Vanity Bloqu | Top 5 tonal kremini qiymətinə və dəri tipinə görə seç.

 

Yaxşı tonal krem tapmaq həmişə müşkül məsələdir. Həmişə ya çox sarıdır, ya çox çəhrayıdır, ya çox qalındır, ya da çox yağlıdır. Dərinin tipinə və rənginə uyğun tonal krem tapa bilmək isə dünyanın ən gözəl hisslərindən biridir! 🙂 Hələ bir də, o tonal kremin qiyməti büdcəyə uyğundursa, bəh-bəh! Yaxşı tonal krem üzdə əsl baza rolunu oynayır. Çünki, digər bütün məhsulları onun üzərinə tətbiq edirsiniz. Əgər, tonal krem yaxşı olmasa, o zaman ən sevimli ənliyiniz, ən sevimli qapadıcınız belə üzünüzdə xoşagəlməz görünəcək.

Haqqında ən çox danışılan, dünyada xanımların ən çox bəyəndiyi və “Vogue”, “Harper’s Bazaar” kimi dünyaca məhşur jurnalların “ən yaxşı” kimi dəyərləndirdiyi tonal kremlər haqqında araşdırma etdim və bir neçə həm lüks, həm “high-end”, həm də uyğun qiymətli tonal krem haqqında məlumatlar əldə etdim.
 
 

Giorgio Armani Maestro
Yağlı dərilər üçün ideal hesab olunur. Tərkibində nəmləndirici olduğu üçün üzdə mat görünməyinə baxmayaraq üzü qurutmur. Əlavə olaraq, mat olsa belə donuq görünmür. Müxtəlif forumlarda, eləcə də gözəllik bloqqerləri tərəfindən qiymətinin hər qəpiyini haqq etməsi qeyd olunur. İstehsalçının rəsmi səhifəsində qiyməti $40 olaraq qeyd olunub.

 
 

L’oreal İnfallible Pro-matte Foundation
Tonal krem sevməyənlərin belə sevdiyi tonal krem. Bəli, bəli. Şəxsən mənim BB kremlərdə öyrəşdiyim hər şey bu tonal kremdə cəmlənib və sadəcə funksiyaları arasına tam örtücülük əlavə olunub. Üzdə çox yüngüldür, hiss olunmur və ən əsası üzünüzdə heç nə yoxmuş kimi dərinin nəfəs aldığını hiss edirsiniz. Rəsmi səhifəsində qiyməti $13 USD-dir.
 
 

Nars Sheer Glow Foundation
Bu tonal krem siyahıda olmaya bilməz. Dünyada ən çox alınan tonal kremlərdən biridir. Üzdə dəri ilə tam olaraq bütünləşir, dəriyə sağlam bir parlaqlıq verir. Çox uzun müddətli qalıcılıq vəd edir. Hətta, üzdən təmizlədikdən sonra belə üzdə sağlam işıltı buraxır. Qiyməti $31-dir.

 
 

E.L.F. Acne Fighting Foundation
Dünyanın ən ucuz qiymətli sevilən tonal kremlərindən biridir. Yüksək örtücülük vəd edir, üzdə olan civzələri, qızartıları mükəmməl örtür və sızanaqların sağalmasına yardımçı olur. Çox örtücü olmasına baxmayaraq üzdə “xəmirə oxşayan” görüntü yaratmır. Qiyməti isə cəmi $6-dir.

 
 

Chanel Vitalumière Aqua Skin Perfecting Makeup
Adının belə uzun olmağına baxmayın, çox gözəl, asanlıqla yayılan, yüngül və incə teksturası var. Tərkibində SPF 15 olması onu həm gündəlik, həm də gecə makiyajlarına uyğunlaşdırır. Uzun müddətli qalıcılığı var, lakin örtücülük baxımından böyük vədlər vermir. Qeyd etməliyəm ki, bu tonal kremi əgər iki qat üst-üstə tətbiq etsəniz, daha çox örtücülük əldə edəcəksiniz, görüntü isə pozulmayacaq. O, həmçinin üzə sağlam parıltı verir. Qiyməti $34-dir.

 
 

Bəs sizin ən sevdiyiniz, rəfiqələrinizə sevə-sevə tövsiyyə etdiyiniz tonal kreminiz hansıdır?

 
 

Hazırladı: Lamiyə Rzayeva
https://lamiyer.com
Instagram: @cuacasianvanity
Facebook: lamiyasblog 

 

Şərhlər

Menyu