Arı pətəyi RODARTE dizaynerlərinin təxəyyülündə. Bahar qoxan Yaz 2017 kolleksiyası.


 

Amerikalı geyim brendi RODARTE bir qədər yeni olmasına baxmayaraq, olduqca uğurlu kolleksiyaları ilə son dövrlər diqqətləri üzərinə çəkir. Kaliforniya, Pasadenalı iki bacı – Keyt və Laura Mullevinin ərsəyə gətirdiyi, kolleksiyalarında son illərin ən yaradıcı dizaynlarının şahidi olduğumuz moda evi görməyə adət etdiyimiz Kaliforniya geyim tərzlərini heç də əks etməyən bir brenddir. Dizayner bacılar hekayələrini libasları ilə ifadə edərək, filmdən musiqiyə hər motivi konseptual formada əks etdirirlər.

Nyu York Moda Həftəsi çərçivəsində gerçəkləşmiş RODARTE Yaz 2017 podium nümayişi mövsümün ən çox diqqət çəkən kolleksiyalarındandır. Kolleksiyanın gündəlik və ya ziyafət modellərinin bütünlüyündə fərqli materialların bir araya gəlməsindən meydana gəlmiş kontrast harmoniya, asimmetriya və dağınıqlıq qarşımıza sanki bir harmoniyada çıxır.

“Arı pətəyinin ruhu” – kolleksiyanın tünd rəng tonlarındakı çiçək printlərinə və arı pətəyi güpürlərinə ilham qaynağı olan Viktor Erisin 1973 tarixli İspan filmidir. Geyimlərdə yazın modasının tendensiyaları və arıların həyatının təbiəti unikal dizaynlı tüllər, arı pətəyini xatırladan güpür və fərqli çiçək işləməli teksturalarla vurğulanmışdır. Qadınsı cizgilərilə diqqət çəkən brendin Yaz 2017 kolleksiyasının digər cəlbedici leytmotivi işıltılı parçalar, saçaq və tüllər əhatəsində hərəkət qazanan və sanki dalğalı dənizləri xatırladan helenistik libaslardır.
 
 
Hazırladı: Nailə İskəndərova
 
 































 
 

Şərhlər

Menyu