Notes De Asli Bloqu | Canan Tan “Piraye”. Bir ərköyünün dolğunlaşma hekayəsi.


 

Əsərin əsas qəhrəmanı qadın olub, onun həyatından bəhs edilən oxuduğum neçənci kitabdır, bilmirəm. Lakin bu dəfə haqqında danışacağım kitabın mənim üçün ayrı bir yeri var. Bəli, bu dəfə yenə müasir türk ədəbiyyatı müəlliflərindən olan Canan Tanın “Piraye” adlı əsərindən danışacam. İlk olaraq qeyd edim ki, Canan Tanın yaradıcılığında uşaq ədəbiyyatı daha geniş yer tutur. Kitablarını axtararkən ilk olaraq onlar qarşınıza çıxa bilər. Lakin bu bizim müəllifimizin heç də yetkinlər üçün romanlar yaza bilmədiyini mənasına gəlmir. Canan Tan uşaq kitabları ilə yanaşı yetkinlər üçün yazdığı 10-dan çox kitabı ilə müasir ədəbiyyatda özünə yer etmiş qadın yazardır.
 


 

“Piraye” kitabını oxumağı uzun zamandır ki, planlayırdım. 4-5 il öncə olduğum şərait barədə danışdığım bir yaxınım mənə oxumağımı məsləhət görmüşdü. Ancaq oxumaq istədiklərim o qədər çoxdur ki, bu vaxta qismət oldu. Kitabımızın qəhrəmanı Pirayə adlı gənc bir qızdır. Atası onun adını Nazım Hikmətin həyat yoldaşının adından təsirlənərək qoyub. Elə bundandır ki, qızımız şeiri sevir, hər şeydə bir incəlik axtarır. Lakin zamanla Pirayənin yaşadığı münasibətlər, tanış olduğu insanlar onda olan romantik və ərköyün qızı bir kənara qoymağına, həyata daha real gözlə baxmasına səbəb olur. Ancaq, Pirayə yaşadıqlarından asılı olmayaraq öz xarakterindən və azadlığa düşkünlüyündən keçmir.

“Piraye”-də özümü tapdım desəm, çox mu bəsitləşdirərəm əsəri? Çünki, kitabı oxuduğum müddətdə ona, fikirlərinə haqq verdiyimin, müxtəlif situasiyalar qarşısında qalan zaman onun kimi düşündüyümün fərqinə vardım. Bütün bunlara baxmayaraq, mən bəzi yerlərdə onun verdiyi qərarlara haqq qazandıra bilmədim və sonda, zənnimcə, o da bunların bəzilərindən peşmanlıq duydu.
Kitabın qısa məzmunu haqqında məlumat vermək lazım olsa, deyərdim ki, universitetə daxil olmayan bir qızın evlənib ana olacağı müddətə qədərki həyatı, yaşadığı çətinliklər, qadın olmağın verdiyi məhdudiyyətlər, həyatını dəyişəcək qərarlar qəbul etməsi, sevgisi, ailə qurması və s. əks olunub.
Konkret hadisə qarşısında verdiyi qərarı sizinlə bölüşə bilmədiyim üçün onun özünə məxsus xarakteri, azadlığına düşkünlüyü, verdiyi qərarlara və seçimlərinə hörmət edilməsini gözləməyi kimi çox təbii fikirlərini də izah edə bilməyəcəm. Lakin düşünürəm ki, “Piraye” və bunun kimi bir çox kitabı xanımlarımız mütləq oxumalıdırlar. Çünki, bizimlə eyni cinsi daşıyan bu qadının həyatı bizim üçün örnək ola bilər və bəlkə də gələcəkdə bizim də səhv edə biləcəyimiz bir hərəkəti, qərarı öncədən görməyimizə səbəb olar.
 


 

Mən kiçik yaşlarımdan öz qərarlarımı verməyə, sərbəst düşünməyə və seçim etməyə öyrəşdiyim üçün hazırda da başqa birilərinin fikirləri, düşüncələri ilə məhdudlaşdırılmağı sevmirəm və ümumiyyətlə, bu cür situasiyalarda öz düzgün bildiyim şeyi edib, nəticəsi nə olur-olsun, onunla barışıram. Məncə, düzgün olan da budur. Qadınlarımızı cəmiyyətdə layiq olduqları yerdə görmək isə ən böyük istəklərimdən biridir. Bilirəm ki, bir yazı ilə nə qadınlarımızın düşüncəsini, nə də cəmiyyətimizin qadınlara olan düşüncəsini dəyişə biləcəm. Lakin heç bezmədən bunu təbliğ edib, qadınlara dəstək olmağı özümə borc bilirəm. Son vaxtlar isə Nil Karaibrahimgilin “Kız gibi” mahnısını dinləyib özümdə o cəsarəti tapıram. Siz dinləmisiniz o mahnını? Dinləməmisinizsə, bir dinləyin, məncə. Çünki, özünüzə olan inamınızı və cəsarətinizi, ən əsası, kim olduğunuzu xatırlayacaqsınız! 🙂

Hər kəsə xoş qiraətlər diləyi ilə, Əsli!

 
 

Hazırladı: Əsli Musayeva
www.notesdeasli.wordpress.com
Facebook: Notes de Asli
Instagram: @notesdeasli

 
 

Şərhlər

Menyu