Qarderobunuza Novruz ab-havası gətirəcək 5 detal!

 

 
 
Kəskin soyuqlarla keçən qış bitməkdə, onun yerini isə yaz almaqdadır. Xüsusən modabaz xanımlar bu keçid fəslində yaz günlərini səbirsizliklə gözləyir, qarderoblarını çoxdan gözlədikləri kombinlərlə canlandırmalarını gözləyirlər. 

Bu yaz bayramı günlərində təbiətin oyanışını və ya milli ruhu simvolizə edən tərzdə geyinmək istəyənlər qarderoblarında xüsusi seçimlərə üstünlük verə bilər. Necə? O zaman keçək dəb tövsiyyələrinə!

 
 

 


Səməni saxla məni, ildə göyərdərəm səni. 

Bahar və Novruz dedikdə, gözümüzün önünə ilk olaraq canlı və hərəkətli rəng paleti gəlir. Havanın gah soyuq, gah da isti keçdiyi bu ərəfədə Novruzun təməl atributu olan göyərən səməninin, ana təbiətin yamyaşıl rəng ahəngini xüsusən də, üst geyimlərinizdə daşımaqdan çəkinməyin. Yaşıl rəngin psixologiyası həyat haqqındakı təsəvvürləriniz, xəyallarınız ilə birbaşa bağlıdır. Bu rəng eyni zamanda, sülhün rəngidir və sizin emosiyalarınızı, pozitivliyinizin sehrini ətrafa yayır. Odur ki, bayram ərəfəsində mütəmadi olaraq bu rəngi seçməkdə tərəddüd etməyə gərək yoxdur.
 
 
 



Enerjili al qırmızı

Həm Novruz bayramının, həm də baharın simvollarından biri olan, yazın gəlməsilə ətrafı al-əlvan rəngə boyayan çiçəklərin ətrini bizə daha dolğun hiss etdirən rəng – qırmızı. Qırmızı rəng hissləri və enerjini biruzə verən bənzərsiz rənglərdəndir və düşünürük ki, qırmızını sevməyən xanım yoxdur. Hər zaman diqqəti özündə toplayan qırmızı həmçinin, bu yazın trend rənglərindəndir. Bu ərəfələrdə bu rəngin ən əlvan tonlarından istifadə etməmək üçün  heç bir səbəbiniz yoxdur. Bir sözlə, uzun zamandır geyinmədiyiniz və ya almağa cəsarət etmədiyiniz parlaq, al-qırmızı geyimlərinizi üzə çıxarmaq vaxtıdır!
 
 
 



Gül-çiçək printləri

Düz rəngləri sevməyən və ya daha cazibədar olmaq, əsl bahar obrazına büyünmək istəyənlərə müjdəmiz var! Dizaynerlər bu mövsüm yenidən gül-çiçək printlərin öz ağuşuna aldığı üst geyimlər, bluzlar, şalvarlar, çantalar və hətta ayaqqabıları sizlər üçün rəngarəng dizaynları ilə ərsəyə gətirmişlər. Xüsusən də, ayaqqabılardakı məxmər, sued kimi dəbli materiallarla qovuşmuş floral printlərin xanımların diqqətindən yayınmadığını bilirik.

 
 
 



Kosanın çarıqları

Novruzun ən maraqlı və əyləncəli ikilisi – kosa və keçəlin ayaqqabılarını xatırladan çarıqlar bir çox tanınmış dizaynerin kolleksiyasında artıq yer aldığı kimi sizin də qarderobunuzda yer alsın. Gündəlik geyiminizə dəblə bərabər, bir qədər də əyləncə qatın.
 
 
 



Etnik printlər

Moda denyası inkişaf edib yeni üslub və kəsimlər kəşf etdikcə, qədim köklərə qayıdış hər zaman aktualdır.  Orijinal tərzə sahib, fərqli geyinməyi sevən xanımlar qarderoblarında etnik, bohem və ya milli motivli geyim və aksessuarlar olmasını hər zaman arzulayır.
 
 

Hazırladı: Nailə İskəndərova



 
 

Şərhlər

Menyu