Rena Osmanın Bloqu | Solo səyahətin əyləncəli və darıxdırıcı tərəfləri


 

Yəqin hamı razılaşar ki, səyahət planları məkan və zaman seçimindən öncə yol yoldaşının müəyyən olunması ilə başlayır. Bu isə çox normaldır, müştərək səfərlər adi tanışlıqları möhkəm dostluqlara çevirdiyi kimi, böyük dostluqların da sonunu gətirə bilir. Atalar əbəs yerə deməyib ki, adamı tanımaq üçün onunla yola çıxmaq lazımdır.

Uzun illər səyahət edən biri kimi bu sözlərin doğruluğunu əminliklə təsdiqləyə bilərəm. Ürəyinizcə olan yoldaş tapmaqda çətinlik çəkirsinizsə, aşağıda deyəcəklərimi nəzərə alıb, təkbaşına səyahətə çıxın.

Şəxsi solo səyahət təcrübələrimdən çıxartdığım nəticələri bir araya toplayıb, mənim üçün müsbət və mənfi sayılan tərəflərini sizə təqdim edirəm.
 


 

Beləliklə, üstünlüklər..

Yalnız səyahət etmənin ən böyük üstünlüyü şübhəsiz ki, sərbəstlikdir. Səhər yeməyinə saat neçədə çıxmaqdan tutmuş, hansı ekskursiyalara getməyə qədər, hər şeyin qərarını özün verirsən. İstəyirsən bütöv bir gününü yalnız dükanları gəzməyə sərf et və ya bir gündə üç ayrı şəhərə get. Vaxtını və planlarını heç kəslə bölüşmədən hərəkət etmənin ləzzətini dadmaq üçün mütləq heç olmasa bir dəfə tək səyahət etmək lazımdır.

Əslində, tək səyahətin müsbət tərəflərini saymağa otel və biletin azad seçimindən başlamaq daha düzgün olardı. Şəxsən mənim üçün özümün araşdırıb, bəyənib, seçdiyim oteldə qalmaq prinsipialdır və kompaniya ilə səyahət edərkən də həmişə mənim dediyim olur. Lakin hamının belə anlayışlı dostları, sevgililəri, ailələri olmaya bilər. Bir tərəf üçün uyğun sayılan qiymət, digəri üçün çox baha görünə bilər və ya kimsə otelin mütləq şəhərin mərkəzində, başqası isə şəhər ətrafında olmasını istəyə bilər. Bunlar əksər hallarda mübahisə mövzusu ola bilir və səyahət hələ başlamamış əhvala mənfi təsirini göstərir.

 


 

Tək başına səyahətin daha bir üstünlüyü yeni tanışlıqlar qurma bilməkdir. Əlbəttə, yanında dostun, rəfiqən olanda da bu mümkündür, lakin tək olanda daha çox ünsiyyətə açıq olursan, yeni adamlar görmək, tanımaq daha cəlbedici gəlir. Lakin bu maraqlı olduğu qədər də, ehtiyat edilməli məqamdır. Ən təhlükəsiz sayılan ölkələrdə belə insafsız insanlar var və turistləri aldatmaq, tələyə salmaq onlar üçün heç nədir.

İstirahət ancaq bədənə yox, ruha da gərəkdir. Bu zaman isə beyniniz, ruhunuz dincəlir. Hamı həyatında ən azı bir dəfə elə psixoloji vəziyyətə düşür ki, “hər şeyi atmaq, hər kəsdən uzaq yerə qaçmaq” istəyir. Bəzən tək qalıb düşünmək, həqiqətən də yeganə dərmandır. Bu hallar üçün qısa müddətli olmaq şərti ilə yalnız səyahətlər ideal variantdır.

Bu yazdıqlarımdan sonra bir an öncə tək səyahət etmək üçün hazırlıqlara başlamaq istəyirsinizsə, dayanın. Axı stəkanın təkcə dolu tərəfinə baxmaq olmaz.
 


 

Solo səyahətlərin müsbətləri kimi mənfi tərəfləri də var.

Təhlükəsizlik. Mənim üçün tək səyahət etmənin birinci qızıl qaydası düzgün ölkə seçməkdir. Hər yerə tək gedilməz, hələ ki xanımsınızsa. Məsələn, mən heç bir ərəb, latın amerika ölkəsinə tək səfər etmərəm. Avropada gecə gec saatlara qədər küçədə rahat gəzmək olursa, bu sadaladığım ölkələrdə gündüzlər belə tam təhlükəsizliyinizə zəmanət yoxdur. Kriminal hadisələr, dələduzluq və sataşmaların buralarda hansı həddə olduğu hamıya məlumdur.
 


 

Şəkil çəkdirmək problemi. Tək yola çıxmağı ağlınıza qoymusunuzsa, əvvəlcədən özünüzü müxtəlif geyimlərdə, hər tində şəklinizin olmayacağına hazırlayın. Fotoaparatınızdakı 350 kadrdan 15-20-ində siz ək olunmuş olacaqsınız. Birincisi – hər dəfə tanımadığınız adamlardan sizi çəkməsini xahiş etmək çox yorucudur, ikincisi – şəkillərin keyfiyyəti heç də həmişə ürək açan olmur, üçüncüsü isə – şəklinizi çəkəndən sonra şəkil çəkənin fotokameranızla birgə aradan çıxmaq ehtimalı çox yüksəkdir.

Yalnız səfərlər baha başa gəlir. Bəli otel, restoran, taksi və sair kimi xərclər yol yoldaşları ilə bölüşəndə cibinizi daha az qıdıqlayır. Üstəlik tək olanda təhlükəsizlik baxımından daha yaxşı və bahalı otel seçmək məsləhətdir.

Səfərin müddəti. Solo səyahət etmənin daha bir qızıl qaydası səfərin müddətini uzatmamaqdır. Darıxacaqsınız, emosionallaşacaqsınız və bezəcəksiniz. Yad ölkədə 5-7 gündən artıq qalmağı qətiyyən məsləhət bilmirəm. Günləriniz nə qədər əyləncəli keçsə də, yanınızda təəssüratlarınızı bölüşməyə, deyib-gülməyə doğma birilərinin olmaması əhvalınızı pozacaq. Nəticədə, həzz almaq əvəzinə bir an öncə evə qayıtmaq istəyəcəksiniz.
 


 

Və sonda, önəmli olan yenilikləri sınamaqdan qorxmayıb, sizə uyğun olanı seçməkdir. Unutmayın, hər şey bizim özümüzdən, ətrafa münasibətimizdən başlayır. Tək və ya cüt olsun, səyahət etmək isə istənilən halda gözəldir.
 
 

Hazırladı: Rena Osman
http://renaosman.com
Instagram: @renaosman
 
 

Şərhlər

Menyu