Elnarə Rəcəbova: “Sevimli Bala-nın əsas fərqi burada hər uşağa fərdi yanaşmamızdır”

 

 

 
 
Dünyaya gəlmiş hər bir uşaq yeni bir həyat, yeni ümidlər deməkdir. Biz böyüklərin ortaq xəyalı isə təbii ki, onlar üçün inşa edəcəyimiz gözəl gələcəkdir. Düzgün böyüdülmüş, sağlam xarakterli və düşüncəli, əxlaqi keyfiyyətlərə yiyələnmiş və gələcəyin işığı olan bir nəsil yetişdirə bilmək sözsüz ki, bugünün böyüklərinin ən vacib məsuliyyətini təşkil edir. Unutmamalıyıq ki, gələcəyimizin məsum simalarının gedəcəyi yollar, verəcəyi qərarlar və seçimlərindəki istiqamətlərdə olan doğruluq payı bizim onlara verəcəyimiz düzgün tərbiyyənin nəticəsidir.

“Sevimli Bala” uşaq klubu layihəsi faydalı və ziyalı bir nəsil yetişdirmək və onları daha gözəl bir dünya ilə qovuşdurmaq məqsədilə 2014-cü ildən bəri fəaliyyətini davam etdirir.

“Sevimli Bala” layihəsinin fəaliyyətinə “Sevimli Bala klubu”, “Talent Studio”, “Baby-club”, eləcə də “Sevimli Bala Events” – müxtəlif tədbirlərin təşkilatçılığı aiddir. Klubun fəaliyyəti şahmat dərsləri, xarici dillərin öyrədilməsi, ustad dərsləri, mental arifmetika, rəqs və balet məşğələləri, etika dərsləri vasitəsilə uşaqları hərtərəfli inkişaf etdirməyə, tematik bayramlar və doğum günlərini ən parlaq və yaddaqalan formada təşkil etməyə,  əyləncəli proqramlar, kreativ ideyalar və uşaqların vaxtlarını  şən və səmərəli keçirmələri üçün lazım olan  tədbirlərin həyata keçirilməsinə  yönəldilmişdir.

Klubda həmçinin elmi laboratoriya fəaliyyət göstərir və burada uşaqlar ilk elmi kəşflərini edirlər. Uşaqları mütaliəyə alışdırmağa yönəldilmiş sosial layihələrin bir hissəsi olan “Kitab ağacı” isə günbəgün “böyüməkdədir”.

“Sevimli Bala” klubunun tədbirləri, məşğələləri, həyata keçirdiyi sosial layihələr, klubun fəaliyyətini əks edən foto və video çəkilişlər barədə məlumatları müntəzəm olaraq www.sevimlibala.com veb-saytından əldə etmək mümkündür.

Gələcək nəslin təhsil və inkişafına töhfələr verməklə beynəlxalq səviyyəyə çıxmaq istədiklərini deyən layihənin təsisçisi Elnarə Rəcəbova “Sevimli Bala”-nı özünün ikinci ailəsi adlandırır. Elnarə xanım və balaca qızı Məryəmlə layihənin yaranması, məqsədi və gələcək planları haqda söhbət etdik.
 

 
 
– “Sevimli Bala”  uşaqlar üçün yaradılmış bir təşkilatdır. Bu sahədə fəaliyyət göstərən təşkilat ideyasına ilham mənbəyi nə olmuşdur?

– İlk növbədə qızım Məryəm. O, 3 aylıq olanda, qızım üçün maraqlı və əyləncəli, analar üçün isə faydalı məsləhətlər ala biləcəkləri bir mənbə yaratmaq qərarına gəldim. Hər şey şəxsən qurduğum saytdan başladı. Ana kimi özümə də maraqlı olan məlumatları orada paylaşmağa başladım – uşağı necə düzgün tərbiyyə etməli, hamiləlik zamanı düzgün qidalanma barədə faydalı məsləhətlər və s. Daha sonra biz müxtəlif tədbirlər təşkil etməyə başladıq, komandamız günbəgün böyüdü və 2014-cü il mart ayında biz ilk uşaq klubumuzu açdıq. Getdikcə fəaliyyətimiz genişləndi – ikinci, daha sonra üçüncü klubumuz fəaliyyətə başladı. İndi isə biz 8 ayından yetkinlik yaşınadək olan uşaqlara müxtəlif xidmətlər təqdim edirik. “Sevimli Bala” klubu, “Talant Studio by Sevimli Bala” və “Baby-Club”-da şahmat, ümumi inkişaf, xarici dillər, rəqs, gimnastika və sair dərs çeşidlərini təklif edirik. Bundan əlavə, “Sevimli Bala-nın tərkibində fəaliyyət göstərən “Sevimli Bala Events” müxtəlif layihələrə imza atıb. Analar üçün seminarlar, uşaqlar üçün master-klasslar əlavə təhsil vermək və analara dəstək olmaq məqsədi ilə həyata keçirilir.
 
 
– “Sevimli Bala” yarandığı gündən qarşısına hansı məqsədləri qoymuşdur?

– Əsas məqsədimiz bir necə dildə sərbəst danışan, böyüklərə hörmət edən, ətraf mühitə qarşı qayğıkeş, etiket qaydalarına riayət edən və ümumilikdə hərtərəfli inkişaf etmiş ziyalı, alicənab və təhsilli nəsil yetişdirməkdə tövhə verməkdir.

 
 
– Təşkilatınızın yarandığı gündən ən yüksək nailliyyətlərini sadalaya bilərsinizmi?

– Bir neçə ildir ki, biz Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı ilə bərabər uşaq elmi ekoloji laboratoriyası layihəsini uğurla həyata keçiririk. Artıq yüzlərlə uşaq bu dərsləri keçib və elementar ekoloji təhsil alıblar. Bundan əlavə, “Sevimli Bala ürək qüsurundan əziyyət çəkən uşaqlara yardım etməkdən başlayaraq, uşaq evinin təmirinədək çoxsaylı xeyriyyə tədbirləri həyata keçirib. Həmçinin, bir neçə dəfə Heydər Əliyev Fondu ilə bərabər uşaqlar üçün bayram şənlikləri təşkil etmişik, Şahmat Olimpiadasında fəal iştirak etmişik – çoxsaylı uşaq axınını əyləndirib, onlarda şahmata qarşı sevgi yaratmağa müvəffəq olmuşuq. Keçən il Rəşid Behbudov adına teatrda ilk konsertimizi təşkil etdik, indi mart ayının 16-da Rus Dram Teatrında keçiriləcək və bütün tələbələrimizin iştirak edəcəyi konsertə hazırlaşırıq.

 

 
 
Sevimli bala”-nın balaları üçün bu mərkəzin özəlliyi nədədir? Sizi digər uşaq mərkəzlərindən fərqləndirən 3 əsas cəhət hansıdır?

– Bizim əsas fərqimiz hər bir uşağa fərdi yanaşmamızdır. Siniflərimizdə məhdud sayda tələbələrimiz var və bunun sayəsində müəllimlər hər bir uşağa ayrılıqda diqqət ayırır. Uşaq çətinlik çəkirsə, onunla gücləndirilmiş şəkildə məşğul olurlar. Həmçinin, bizi fərqləndirən xüsusiyyətimiz ekoloji savad və etiketə böyük diqqət ayırmamızdadır. Müəllimlərimiz çox savadlıdırlar, hər sinifdə öz işinin peşəkarı dərs deyir.

 
 
– Uşaqlar bizim gələcəyimizdir. Siz isə onların təhsil və inkişafına verdiyiniz tövhələrlə gələcək nəsli yetişdirirsiniz. Bu işdə ən çox qarşılaşdığınız çətinliklər hansılar olub?

– Əksər valideynlərin bunun əhəmiyyətini dərk etməməsi ən böyük çətinlikdir. Erkən və hərtərəfli inkişafın əhəmiyyətinin vacibliyini bilən valideynlər nəticədən çox razıdırlar. Bütün tələbələrimiz tamamilə fərqli dünyagörüşünə malikdirlər, onların önəmsiz  əşyalardan asılılığı yoxdur, ətrafdakılarla asanlıqla kommunikasiya qururlar.

 
 
– Bir qadının şirkət idarə etməsində sözsüz ki, mənəvi dəstəkçiləri vardır. Sizin fikrinizcə, bu işdə sizin ən böyük dəstəkçiniz kimlər olub?

– Həyat yoldaşım və valideynlərim hər zaman mənə dəstək olurlar. Qızım isə yeni layihələr üçün mənə ilham verir. (gülür)
 

 
 
– Həyat yoldaşınız beynəlxalq dərəcəli şahmatçı Teymur Rəcəbovun məşğul olduğunuz işə hər hansı qatqısı və ya sizin onun işindən ilham aldığınız olubmu?

“Sevimli Bala”-nın yaranma fikri yoldaşımla müzakirələr zamanı yaranıb. Bu səbəbdən, o mənə həm köməklik edir, həm də yeni fikirlər verir.
 
 
– Bugünün analarına və körpələrinə jurnalımız vasitəsilə nələr diləyərdiniz?

– Onlara övladlarına qarşı səbirli və qayğıkeş olmağı məsləhət görmək istərdim. Uşaqlarınızı düzgün istiqamətləndirin, onların günün çox hissəsini iPad və digər önəmsiz əşyalara deyil, daha çox sizinlə vaxt keçirmələrinə imkan yaradın, diqqət və məhəbbətinizi onlara hər zaman hiss etdirin.
 
 

Hazırladı: Nailə İskəndərova
Foto: Elshad Əlizadə 

 
 




 
 

Şərhlər

Menyu