Gəz Dünyanı Bloqu | Budapeştin Seyrinə Çağırıram Elləri

 

 
 

Çay kənarında yerləşən şəhərlərin bir başqa havası olur. İncə ruhlu, bir az işvəli, bir az nazlı, Budapeşt kimi..
Ahəstə-ahəstə axan Dunayın hər iki sahilinə yayılan, Buda Peşt hissələrindən ibarət olan Budapeşt gözəl bir qiz kimi diqqəti özünə çəkə bilib. Son illərdə iki dəfə səyahət etdiyim və gəzmək istəyənlərə israrla məsləhət gördüyüm şəhərdir. Bu gözəl şəhərin kəşfi sadəcə 3-4 gününüzü alacaq, əvəzində isə unuda bilməyəcəyiniz təəssüratlar bağışlayacaq. Köklü tarixi mirasa sahib olan macar xalqı əlində olan bu zərin qədrini bilir, tarixlərinə sahib çıxaraq bütün abidələrə həssaslıqla yanaşırlar. Elə buna görə də, Budapeştdə UNESCO mirası olan bir neçə tarixi abidə var.

 
 
 

BİR AZ MACARLAR HAQDA

Macarlar Orta Asiyadan gələn köçəri tayfalardırlar və Avropaya yerləşərək, oturaq həyata keçmişlər. Bütün Avropa onları Hun türklərinin varisi kimi qəbul edərək Hungary adlandırsa da, onlar özlərini Macar (Magyar) hesab edirlər. Macarlar tarix boyu müxtəlif imperiyalar tərəfindən idarə olunmuş, hər mədəniyyətdən öz nəsiblərini almışlar. Osmanlı, Rus, Avstriya-Macarıstan imperiyalarının izləri ölkənin memarlıq abidələrində, mətbəxində, folklorunda hiss olunur.
Ölkədə rəsmi dil macar dilidir və ilk baxışda bir qədər çətin dil kimi görünür. Macarıstan uzun müddətdir ki, Avropa Birliyi ölkəsidir, ölkəyə giriş üçün şengen viza tələb edilir. Buna baxmayaraq, hələ də öz milli valyutası olan forinti istifadə edir.

 
 

 

 
 
 

BUDAPEŞTƏ NƏ VAXT SƏYAHƏT ETMƏLİ?

Budapeştə səyahətin ən gözəl vaxtı yay aylarıdır. Lakin Pasxa bayramında, Yeni ildə, Sziget festivalı ərəfəsində təşkil olunan bayram şənliklərində Budapeşt bir başqa bəzənir.

 
 


 
 
 

BUDA YOXSA, PEŞT?

Qaynayan şəhər, küçələr, əyləncə, restoran, kafe, bar, alış-veriş, daha çox gənc nəslin üstünlük verdiyi Peştdə cəmləşib. Şəhərin nəbzi burada atır. Buda isə daha sakit, bol yaşıllıq, Dunay çayının gözəl mənzərəsi ilə baş-başa, səs-küydən uzaq, tarixlə iç-içə bir yer arzulayanlara qucaq açır. Biz cavan nəsillərə xitab edən Peşti seçdik.

 
 


 
 
 

BUDAPEŞTİN BUDASI

Tarix boyu Buda dövlət adamları və zadəgan ailələrə ev sahibliyi edirdisə, Peşt tacirlərin məskunlaşdığı bölgə olub. Hazirda da Budapeştin Budası bir az imkanlı təbəqənin yaşadığı bölgədir. Budada evin varsa, deməli pulun var. “Budada nə edək, haraları görək” deyə fikirləşməyin. Sizin üçün başlayırıq sıralamağa.
İlk növbədə, Budapeştin ən yüksək təpəsi – Gellert təpəsindən başlayaq. Təpəyə qalxıb Müqəddəs Gerardın adına həsr olunmuş, II Dünya müharibəsində həlak olan Sovet əskərlərinin şərəfinə ucaldılmış Azadlıq abidəsinə baş çəkin. Citadelladan Budapeştin əsrarəngiz mənzərəsini seyr edin. Qala təpəsinə çıxın, istər piyada, istər funikulyorla, istərsə də, avtobusla. Qala təpəsindəki Kral sarayını ziyarət edin, içindəki muzeylərdən ən azı biri ilə tanış olun. 13-cü əsrdə tikilən Matthias kilsəsinə baş çəkin. Nəhayət, Budapeştin ən gözəl guşəsi – Balıqçılar qalasını mütləq həm səhər, həm də axşam görün. Gecə işıqlandırması sizi alıb nağıllar aləminə aparacaq. Budapeştin məşhur hamamlarına da bir baş çəkin.

 
 


 
 
 

BUDAPEŞTİN PEŞTİ

Peşt daha çox gənc nəslə xitab edən bölgədir, ancaq burada da mütləq görülməli yerlər var. İlk növbədə Budapeştin ən böyük meydanı – Qəhrəmanlar meydanından başlayaq. Səhər başqa gözəl, axşam başqa. Qəhrəmanlar meydanına yaxın Vajdahunjad qalasını, qalanın içində yerləşən naməlum heykəli ziyarət edən səyahətçilərdən olun. Qəhrəmanlar meydanından uzaqlaşıb Budapeştin əsas alış-veriş küçəsində – Andrassy Utca-da bazarlıq edin. Ancaq digər əsas mərkəzi dükanlarla bol Vatçi Utçaya da yer saxlayın. Əlbəttə ki, Budapeştin vizit kartı, dünyanın 3-cü böyük parlamenti olan Parlament binasına baş çəkin. 691 otağını bir-bir olmasa da, bir hissəsini dolaşın.

 
 


 
 
 


BUDA VƏ PEŞTİ QOVUŞDURAN KÖRPÜLƏR

Budanı Peştəyə qovuşduran 8 körpü onsuz da gözəl olan Budapeşti daha da cəlbedici edir. Bu körpülərin “anası” Zincirli körpü isə ən geniş daş körpüdür. Girişində aslan heykəlləri ilə hər kəsi qarşılayan körpüdən Dunayın nazlı axışını seyr edin, piyada Budaya keçin. Yaxud da yaxınlıqdakı gəmi turlarına qatılın. Dunay boyu gəmiylə ahəstə-ahəstə bu iki sahil arasında yerləşən Margarit adasına baş çəkin, buranın yaşıllıqlarında dərin bir nəfəs alın.

 
 


 
 
 

BUDAPEŞTDƏ NƏ YEYƏK

Macarıstanın milli mətbəxinin əvəzolunmazı Qulaş şorbasıdır. Bütün restoranların menyusunda rast gəlmək mümkündür. Macar “fast food”-u Langosun dadına baxın. Orta Avropada məşhur olan müxtəlif ölkələrdə fərqli adlandırılan, macarların isə Kürtöskalacs dedikləri kürtöş şirniyyatının ətrini ciyərinizə çəkin, yeməkdən saxlaya bilməyəcəksiniz özünüzü onsuz da. Vaxtınız olsa dünyanın ən gözəl kafesi adını almış, New York kafedə bi kofe için. Spirtli içki sevənlərdənsinizsə, macar şərabı Palinkanı, macar pivəsini də dadmağı unutmayın.

 

 
 
 

Bir şəhəri 3-5 günə sığışdıraraq gəzmək nə qədər çətindirsə, onu 3-5 kəlimə ilə ifadə etmək ondan da çətindir. Bacardığım qədər tanıtmağa çalışdım. Sizə gözəl mütaliə arzusuyla, növbəti şəhərlərdə görüşənədək…

 
 

Hazırladı: Elnarə Məmmədova
http://www.gezdunyani.com/

Facebook: Gez dunyani 
Instagram: @gezdunyani

 

 
 






 


 
 

Şərhlər

Menyu