Bizi daha yaşlı göstərən makiyaj xətalarımız


 

Qadınlar makiyajı nə üçün edir?
Təbii ki, üzümüzdəki estetik gözəlliyi vurğulamaq, bəzi üz cizgilərimizi bir qədər də təsirli etmək üçün.

Makiyajınızın tamamlandığını və mükəmməl göründüyünüzü düşünürsünüzsə, onu bir daha nəzərdən keçirin. Çünki doğru edilən makiyaj 50 yaşında bir qadını 35 yaşında göstərə bilərkən, çox bəsit xətalar sayəsində 20 yaşlı gənc cildinizi anidən 10 il qocalda bilərsiniz.
 
 

1. TONAL KREM.
Tonal kremlər üz makiyajının özəyidir. Adətən yaşlı effektini verən ən böyük makiyaj xətasına tonal kremlər səbəb olur. Yanlış seçilmiş, qalın və ten rənginizə uyğunlaşmayan bu məhsullar cildinizdə qalın bir təbəqə yaradırlar. Unutmayın ki, tonal kremsiz effekt, qalın və ya uğursuz seçilmiş tonal kremdən daha məsləhətlidir. Bu nöqtədə ən önəmli məsələ dərinizə uyğun bir tonal krem seçmək və keyfiyyətli məhsullar istifadə etməkdir. İçərisində kimyəvi qatqı maddələri az olan və incə ipəksi toxumalı kremlər daha məsləhətlidir. Və hər nə qədər açıq rəng tonal kremlər istifadə etməniz məsləhət görülsə də, yaşlandıqca teninizdən bir-iki ton tünd olanları seçməlisiniz. Beləliklə solğun dəriniz daha canlı görünəcək.
 
 

2. DODAQ.
Bir çox qadın dodaq qələmi ilə dodaq çevrəsinə qalın kontur çəkir. Ondan sonra isə dodaqlarını boyayır. Bu tərz boyama tətbiqləri sizi olduğunuzdan daha yaşlı göstərir. Dodaq qələminin daha təbii və dodaq boyanıza uyğun tonlarda olmasına diqqət edin.  Həmçinin metallik, parlaq və tünd rənglər də dodaqlarınızı olduğundan daha incə, sizi isə yaşlı göstərəcək. Bu səbəbdən daha təbii tonlar seçməyə çalışın. Əgər xəfif bir işıltı istəyirsinizsə, şəffaf dodaq parıldıcılarından çox olmayacaq şəkildə istifadə edə bilərsiniz.
 
 

3. GÖZLƏR.
Göz tuşu və layner gözlərinizin altına və alt kirpiklərinizə də tətbiq edirsinizsə, bununla göz altınızdakı qaraltılar daha da bəlli olacaq. Həmçinin gözə tətbiq edilən tünd rəngli kölgələr gözləri şiş və balaca göstərir. Daha gənc görünüş üçün gözlərə açıq və isti tonlar tətbiq edin və kirpiklərinizi boyamayın. Gözləri daha böyük və çəkici göstərmək üçün yoxlaya biləcəyiniz ən asan yol kirpik buranlardır.
 
 

4. KORREKTOR.
Göz altındakı qaraltıları örtmək üçün bu bölgəyə bəyaz korrektor çəkməyin. Ağ rəngli korrektor qaraltını örtsə də gözlərinizi olduğundan daha yaşlı və yorğun gostərəcək. Doğru olardı ki, ten rənginizə uyğun olanlardan istifadə edəsiniz. Hətta onu fırça ilə göz qapaqlarınızın üst hissəsinə qədər yayıb daha effektli nəticə əldə edə bilərsiniz.
 
 

5. PUDRA.
Gənc bir cild işığı əks etdirir. Toz pudralar isə işığın əks olunmasının qarşısını almaq və cildi matlaşdırıb sönük göstərməyə yarayır. Makiyaj bitdikdən sonra üzünüzün bütününə toz pudra tətbiq etməyin. Onu sadəcə tez yağlanan bölgələrə, “T” şəklində vurun.
 
 

6. ƏNLİK.
Gənc görünmənin sirrinin təbii görünməkdən keçdiyini hamımız bilirik. Yanaqlarınızda təbii görüntü əks etmək üçün bronzer yerinə ənliyi sadəcə yanağınızın burnunuza yaxın olan hissəsinə deyil, bütün almacıq sümüyünə dağıdın. Tünd və abartılı rənglər sizi daha yaşlı göstərəcəyindən, açıq çəhrayı və şaftalı tonlarına üstünlük verməlisiniz.
 
 

7. QAŞLAR.
Sonda, üzümüzə ən çox ifadəlilik qatan element – qaşlardan bəhs edək.
Qalın qaşlar dəbdədir. Lakin qaşlarınızı tünd rəngə və həddən artıq boyamaq da sizə xoş və gənc bir görüntü bəxş etməyəcək. Daha təbii formalı və az boyanmış qaşlarla daha dəbli və gənc görünəcəksiniz!
 

 

Hazırladı: Nailə İskəndərova
 
 

Şərhlər

Menyu