Dolce Gram Bloqu | Kremli sous ilə spaqetti


 

Bir çoxlarımız spaqettini qovrulmuş qiymə və ketçup ilə yeməyə alışmışıq. Hərçəndki həm İtaliyada, həm dünyada spaqetti ilə sayı-hesabı bilinməyən reseptlər var.

İtalyanlar deyirlər ki, əsas məsələ sousdur. Sous əgər ət, tərəvəz, dəniz məhsulları ilədirsə, onda pastanı əsas yemək kimi süfrəyə təqdim etmək olar. Yox əgər sous meyvə dilimləri, giləmeyvələr (bizə qəribə gəlsə də, bu belədir), qoz ilə hazırlanırsa, onda spagettini desert kimi vermək olar.

Şəxsən mən spaqettini desert kimi təsəvvür etmirəm. )))
Bu gün sizə toyuq tikələri ilə çox dadlı bir kremli sous təqdim edirəm. Bu sousu ancaq spaqetti ilə deyil, müxtəlif cür pasta növləri ilə hazırlamaq olar.
 

Göstərilən ərzaqlar 2 nəfər üçün nəzərdə tutulub:

– yarım paket spaqetti
– 200gr toyuğun döş əti
– 1 kiçik soğan
– 1-2 diş sarımsaq
– 4 yemək qaşığı zeytun yağı
– 5-6 ədəd öz suyunda konservləşdirilmiş pomidor 
– 2 yemək qaşığı xama (yağlılığı 20%olan)
– cəfəri
– duz, istiot

İlk öncə ərzaqları hazırlamaq lazımdır. Toyuğun döş ətini xırda tikələrə bölün, soğanı və sarımsağı təmizləyib xırda doğrayın.

Tavanı orta atəşdə ocağın üstünə qoyun və 4 y.q. yağ əlavə edin. Yağ isinən kimi doğranmış soğanı əlavə edin və biraz rəngini dəyişənədək qovurun. Ən axırda sarımsağı əlavə edin.

Qovrulmuş soğançaya toyuq tikələrini qatın və ara-bir qarışdıraraq əti qovurun. Konservləşdirilmiş pomidorları blender alətindən də keçirib xırdalamaq olar. Ancaq mən onları tavaya birbaşa tökdüm. Onsuz da qarışdıran zaman pomidorlar əzilirlər. Pomidorun suyunu da əlavə edin ki,sous quru olmasın.

Beləliklə, sousu bir-iki buğum qaynadın, ancaq suyunu çox çəkdirməyin. Bu mərhələdə sousa duz-istiot vurmaq lazımdır. Unutmayın ki, konservləşdirilmiş pomidorlar duzlu olur, sousa duz əlavə edəndə bunu nəzərdən qaçırmayın. Ən son xama əlavə edin, qarışdırın və bir buğum qaynadın. Kremli sous artıq hazırdır.

Sousu hazırlamağa başlarkən mən eyni zamanda spaqettinin suyunu da qaynamag üçün ocağın üstünə qoyuram və sous hazırlananadək eyni zamanda spaqettini də bişirib aşsüzənə tökürəm.

Hazır sousa suyu süzülmüş spaqettini əlavə edib qarışdırmag lazımdır. Ən son doğranmış cəfəri əlavə olunur, qarışdırılır və süfrəyə verilir.
 
 
Hazırladı: Mehriban Məmmədova
https://mydolcekitchen.blogspot.com 
Instagram: @dolce_gram

 
 


 
 

Şərhlər

Menyu