Notes De Asli bloqu | “Həvvanın üç qızı” kitabı.


 

Haqqında danışacağımız kitabımızın müəllifi “Eşq” (The fourty role of love) kitabı ilə dünyaca məşhur türk yazar Elif Şafakdır. Mən həmişəki kimi tərsdən gedib müəllifimizlə ilk tanışlığıma son kitabı ilə başladım. (Orhan Pamukla da eyni şeyi yaşamışdım)

Elif Şafakın 2016-cı ildə çap olunmuş “Həvvanın üç qızı” (Havvanın üç kızı) kitabı adı və qapaq dizaynı ilə mənim bir müddət idi ki, diqqətimi çəkirdi. Yaddaşım məni yanıltmayırsa, oktyabr ayında “Ali&Nino”-da tələbələr üçün endirim olmuşdu 30%-ə qədər. Bu kitabı da o zaman almışdım. (Hətta kitabı alanda şəklim də paylaşılmışdı :D)

Bilirəm ki, düz etmirəm, amma edirəm :/ Adətən, kitab oxuyanlar məsləhət görürlər ki, bir yazara yeni başlayırsınızsa, onun son kitabı ilə başlamayın. Daha çox tanınan və daha əvvəl yazılmış əsərini oxumaq müəllifin üslubu, qələmi ilə tanışlıq baxımından daha yaxşıdır. Lakin dediyim kimi, mən birdən-birə Elif Şafakın o qədər kitabını keçib ən son kitabı ilə başladım. Başlarda kitabı oxumaq üçün bir-iki dəfə əlimə alıb vərəqləyib, sonra yerinə qoymuşdum. Lakin sonradan yaxın rəfiqəmin də oxuyub çox bəyənməyi ilə oxumağa qərar verdim və də yaxşı ki, oxudum.
 


 

Başlarda kitabın 418 səhifə olmağı açığı gözümü qorxutdu, nə yalan deyim. Lakin oxuduqca dilinin sadəliyi və axıcılığı sayəsində bir oturuşa 60-70 səhifənin getdiyini gördüm. Əslində, buna tam olaraq dilin sadəliyi deməzdim. Çünki, cümlələr və ya fikirlər o qədər də sadə və bəsit deyil. Sadəcə, Elif Şafak vermək istədiyi ideyanı, çatdırmaq istədiyi fikri oxucunun beynini çətinə salmadan, yormadan çatdırmağı bacarıb. Bu da biz oxucuların kitabda daha rahat irəliləyə bilməyimizə imkan yaradıb.

İndi isə, gələk əsərimizin mövzusuna. Açığı, süjet xəttini o qədər də bəyənmədim.  Hətta heç bəyənmədim. Əslində, kitab başdan sona bir süjet xətti üzrə inkişaf edir, hətta bəzən kulliminasiya nöqtələrində çox maraqla oxuduğum yerlər də oldu. Lakin qəribəsi də odur ki, oxuyandan sonra “hə nolsun?” dedim içimdən. Yəni, həqiqətən bunu dedim. Sonra isə belə bir qənaətə gəldim ki, bizim müəllifimizin məqsədi roman yazmaq deyilmiş. (Məncə yəni) Müəllifimiz sanki beynində olan fikirləri, Türkiyə həyatında, siyasətində olan yeniliklərə münasibətini, türk qadınının cəmiyyətdəki bəyənmədiyi yerini, Avropanın Türkiyəyə baxışını, Türkiyənin Avropa ölkələri üçün mahiyyətini – bir sözlə, uzun zamandır ki, beynini qurdalayan və dilə gətirmək istədiyi şeyləri bu kitabda obrazların dilindən deyib. Arxaya da “xala xətrin qalmasın” bir süjet xətti atıb. Çox sərt səslənsə də, əsərin süjet xətti baxımından ancaq bunu deyə bilərəm. Lakin sonda əsərimizin əsas qəhrəmanı Pərinin seçimi ilə bağlı hissənin haqqını yemirəm. Zatən, hadisələrin axarındakı ən mənalı hissə də o idi.

Yuxarıda hər nə qədər süjet xəttini, hadisələri yıxıb sürüsəm də, ayrı-ayrı hadisələrin timsalında çatdırmaq istədiyi fikir, toxunduğu mövzular həqəqətən də, çox gözəl idi. Türk yazar olaraq Elif Şafakın da görünür ən yaralı yeri cəmiyyətdə türk qadının yeri məsələsidir. Onun düzgün yerini tapmaması, rolunun düzgün qiymətləndirilməməsi, təhsilinə, inkişafına önəm verilməməsi kimi nüanslar dönə-dönə əsərdə vurğulanıb. Bundan başqa, Türkiyədə siyasi vəziyyət, türk xalqının 7-dən-70-ə hər kəsin siyasətdən danışması, son dövrlər ölkənin qara bəlası terrorizm, burjua təbəqəsi, qərbin şərqə münasibəti, ən əsası da qərb dövlətlərində müsalmanlara qarşı önyarğı və bu kimi bir çox məsələləri müəllif yerli-yerində və gözə batmadan, konkret hadisələrin fonunda oxucuya çatdırıb. Amma və lakin, ən əsas mövzumuz Tanrıdır.

Əsərimizin üç qadın qəhrəmanı – Mona, Pəri və Şirin müsəlman mənşəli olub, fərqli düşüncələrdə formalaşıb, dini, Tanrını fərqli qavrayan və Oksfordda yolları kəsişən əsas obrazlardır. Elif Şafak bu üç qadını ən gözəl bu şəkildə ifadə edir: “İnanan, çaşqın və günahkar”. Əsəri oxuyacağınızı nəzərə alıb bu barədə çox danışmayacam, sadəcə olaraq, istər Tanrının varlığına və mənsub olduqları dini inancları baxımından, istərsə də həyatdakı şəxsi keyfiyyətlərinə görə fərqlənən bu üç qız bir-birinin həyatında böyük rol oynayır. Düşüncələri, həyatda tutduqları mövqe, müdafiə etdikləri fikirləri bu dərəcə fərqli 3 qızı birləşdirən nə idi desəniz, Tanrı axtarışı, onunla bağlı sualları deyərdim. Əslində, hər üçü görünüşdə fərqli tanrılara inansa da, müəllifimiz demək istəyir ki, dinlər inanclarımıza geyindirilmiş dondan başqa bir şey deyil, xristiyanın, yəhudinin, müsəlmanın, ya da buddistin inandığı tanrı yalnız bir və eyni Tanrıdır.

Kitabı oxuduqca, özümü əsərdə üç qadın arasından Pəriyə, bəzən də Şirinə yaxın hiss etdim. Elə yer də oldu ki, Monaya haqq verdim. Yəni, yenə bir yerdə qərar qıla bilmədim, həm inkar etdim, həm də qəbul etdim. Qısacası, ortada qaldım.
Kitabda özümə ən yaxın hiss etdiyim təsvir isə bu idi: “Arafta. Mütereddit. Henüz karar vermemiş. Halen sorğulamakta.” Bu və bunun kimi bir çox hissələr tək tanrı, din baxımından yox, bir çox məsələdə ürəyimdəkiləri oxudu. Bu nöqteyi-nəzərdən kitabı, Elif Şafakın fikirlərini çox bəyəndim.
 


 

Düşünürəm ki, hələ də bir çoxumuz cavabını bilmədiyimiz suallarla yaşayırıq, bəzən içimizdə yaranan bu sual bizi qorxudur və onu basdırmağa, susdurmağa çalışırıq. Lakin bu suallardan qaçışımızın olmadığını, əvvəl-axır onlarla üzləşməli olduğumuzu da bilirik.

Həyatınızda yolunuzdan, doğru bildiklərinizdən heç vaxt caymamağınız, o doğrulara sadiq qalmağınız diləyi ilə, Əsli! 🙂
 
 

Hazırladı: Əsli Musayeva
www.notesdeasli.wordpress.com
Facebook: Notes de Asli
Instagram: @notesdeasli

Şərhlər

Menyu