Qırmızı xalıda dəbdəbə yarışı. Oskar mükafatı sahiblərinə təqdim edildi!

 

Mövzu qırmızı xalça, dünyaca tanınan və gözlənilən tədbirlər olduqda, libaslar xüsusi diqqətlə seçilir, saç və makiyaj modelləri hər zaman geyimlərlə mükəmməl harmoniya içərisində olur. Bu il 89-cusu keçirilən, Amerika və dünya kinematoqrafiyasının ən yüksək nüfuzlu kinoakademiya mükafatı “Oscar”-ın təqdimat gecəsində də bu qayda pozulmadı. Hər il bu tədbirdə təqdimatdan öncə böyük maraqla gözlənilən, mükafat sahibləri, nominasiyalar və çıxışlar qədər diqqət çəkən və bəhs edilən bir mövzu olur – qızmızı xalça.

Tarix boyu baş tutmuş bəlkə də ən səs-küylü tədbirinə imza atan Oskar mərasimində geyimlər hər zamankı kimi yenə göz qamaşdırıb. Günlər öncəsindən bu önəmli gecəyə hazırlanan Hollivudun məşhur simaları  gecəyə qatılan ulduzların şıqlıq və orijinallıq yarışının hökm sürdüyü qırmızı xalçada ən iddialı luklarını sərgiləyiblər.

Bu il libaslarda diqqət çəkən detal hər il aşırı dekolteləri ilə görməyə öyrəşdiyimiz geyimlərin yerini daha təvazökar dekoltelərə verməsi oldu. Geyimlərdə isə parlaq elementlər, biserlər, muncuqlar və zərif əl işi dizaynlar daha çox önə çıxmışdır. Dakota Conson, Cessika Bil, Ava DuVerney kimi məşhur xanımlar hərtərəfi tamamilə qapalı və bir o qədər də göz qamaşdıran libasları ilə gecənin parlayan simalarından oldular.

İlin ən maraqla gözlənən və il boyu moda cərəyanlarına, çəkilişlərə dominantlıq edəcək trendlərin ortaya çıxmasına səbəb olan bu tədbirdə ən diqqət çəkən qadın aktrisalardan biri də Emma Stoun idi. Hər zamankı kimi sadə və eleqant saç-makiyajı, içində sözün əsl mənasında ulduz kimi parlayan Givenchy libası ilə ən yaxşı qadın aktrisa mükafatına layiq görülən Emmanın paltarı onun təbii gözəlliyini olduqca önə çıxara bildi.
 
 

Hazırladı: Nailə İskəndərova

 
 





















 
 

Şərhlər

Menyu